Müşahidə

1) empirik tədqiqatın əsas formalarından biri. Təcrübi məlumatların bilavasitə qazanılması yoludur. Müşahidə vasitəsilə gerçəkliyin cisim və hadisələri məqsədli, mütəşəkkil və sistemli şəkildə qavranılır; 2) psixologiyada – cisim və hadisələrin planlı və məqsədəuyğun surətdə qavranılması.
Müstəsna
Müşavirə
OBASTAN VİKİ
Müşahidə
Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Müşahidə əməl və nəticəsidir. Şübhəli məqamı aydınlaşdırmaq üçün yazılı bir qeydin adını vermək üçün də istifadə olunur. Həm də bir şərh və ya bir göstərici ola bilər. Müşahidələr, məsələn tədqiqat və ya qiymətləndirmə aparmaq üçün istifadə olunan bir məlumat toplama üsuludur. Bu söz Latın dilindən gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır. Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə "sən" deyə müraciət etmək mümkündür.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Aeroloji müşahidə üsulu
Aeroloji müşahidə üsulu - atmosferin müxtəlif hündürlüklərində meteoroloji elementlərin ədədi qiymətləri barəsində məlumatların toplanması üsuludur. Bu məqsədlə şar-pilot, şar-zond, radio-zond, radio-pilot, sabit səviyyəli aerostat, xüsusi cihazlarla quraşdırılmış təyyarə, meteoroloji raket və Yerin süni meteoroloji peyklərindən istifadə olunur.
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Peyk vasitəsilə müşahidə üsulu
Peyk vasitəsilə müşahidə üsulundan istifadə etməklə Yer kürəsi üzərində buludluq sahəsinin paylanması, yerdən kosmosa qayıdan qısadalğalı və uzundalğalı radiasiya axınları barədə televizion informasiyanı almaq olar.
Azərbaycanda UNO müşahidə halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası (BMTGMM) 1993 -cü ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 858 saylı Qətnaməsi ilə qurulmuşdur. Əsas məqsəd Gürcüstanın Suxumi şəhərində vəziyyət, həm də atəşkəsin pozulması ilə bağlı məlumatları araşdırmaq, tərəflərin bu kimi hadisələrini həll etməyə çalışmaq və mandatının yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə hesabat vermək idi. Bölgəyə 88 hərbi məsləhətçinin göndərilməsinə icazə verildi. 15 iyun 2009 -cu ildə Rusiya missiyanın uzadılmasına veto qoyanda sona çatdı. Son müşahidəçilər 15 iyul 2009 -cu ildə bölgəni tərk etdilər. 1993 -cü ilin sentyabrında bölgədə yenidən döyüşlər başladıqdan sonra missiyanın original mandatı ləğv edildi. BMTGMM sonradan Təhlükəsizlik Şurası tərəfindən 1993 -cü ilin Noyabr ayında əlaqədar tərəflərlə əlaqələri davam etdirmək və vəziyyəti izləmək və bildirmək üçün müvəqqəti bir səlahiyyət aldı. Məqsəd hərtərəfli bir siyasi həll yolu əldə etmək idi. 1994-cü ilin may ayında hər iki tərəf atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzaladı. 1994 -cü ilin iyulunda Təhlükəsizlik Şurası müşahidəçilərin sayının artırılmasına (cəmi 136 -ya) və genişləndirilmiş missiyaya icazə verdi.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu (ing. Military Assistance Command, Vietnam – Studies and Observations Group, MACV-SOG) — Vyetnam müharibəsindən əvvəl və müharibə zamanı gizli qeyri-ənənəvi müharibə əməliyyatları həyata keçirən yüksək dərəcədə məxfi, çoxxidmətli ABŞ xüsusi əməliyyat birlik. 24 yanvar 1964-cü ildə yaradılmışdır. Vyetnam Respublikasında (Cənubi Vyetnam), Vyetnam Demokratik Respublikasında (Şimali Vyetnam), Laosda və Kambocada strateji kəşfiyyat missiyaları həyata keçirmişdir. "MACV-SOG" düşmən əsirlərini ələ keçirmiş, vurulan pilotları xilas etmiş, Cənub-Şərqi Asiyada hərbi əsirləri geri qaytarmaq üçün xilasetmə əməliyyatları aparmış, gizli agent qruplarının fəaliyyəti və psixoloji əməliyyatlar aparmışdır. Birlik Vyetnam müharibəsinin əhəmiyyətli kampaniyalarının əksəriyyətində, o cümlədən ABŞ-nin artan iştirakına səbəb olan Tonkin körfəzi hadisəsində, Polad pələng əməliyyatı, Pələng köpək əməliyyatı, Tet hücumu, Kamboca kampaniyası, Lamşon 719 əməliyyatında və Pasxa hücumunda iştirak etmişdir. Birlik öz fəaliyyətinin Vyetnam Respublikası Ordusunun Strateji Texniki Direktorluğuna köçürülməsini dəstəkləmək üçün 1 may 1972-ci ildə ixtisar edilmiş və Strateji Texniki Müdirliyə Yardım Qrupu 158 adlandırılmışdır. Bu, Vyetnamlaşdırma səylərinin bir hissəsi idi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu 24 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığının köməkçi komandanlığı kimi Birləşmiş Qərargah Rəisləri tərəfindən yaradılmış çox məxfi, birgə qeyri-ənənəvi döyüş tapşırıq qrupu idi. Bu, ilk növbədə Birləşmiş Ştatlar Ordusunun Xüsusi Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəxsi heyətindən və Birləşmiş Ştatların Dəniz Piyadaları Qüvvələrinin kəşfiyyat bölmələrinin elementlərindən ibarət idi.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir. Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.
Müşahidəçi (aeronavtika və aviasiya)
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri — "AİS-MRL"lər vasitəsilə 250 km radiusda aparılır. Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı ("DON", "SON", "Qrom" və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) "MRL-1" və "MRL-2" tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) "MRL-5" tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı "MRL-5" tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki "MRL-5" tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı "MRL-5" tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri ("AİS-MRL") quraşdırılaraq istifadəyə verilmişdir. Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu — meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir. Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür.
Çoxillik müşahidələr
Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Daha sadə şəkildə deyə bilərik ki, yer səthində və aşağı 30–40 km hündürlükdə atmosferin fiziki vəziyyəti baxılan anda hava adlanır. Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.
Cinayətkarlar, qurbanlar və müşahidəçilər
Cinayətkarlar, qurbanlar və müşahidəçilər soyqırımşünaslıqda soyqırımın iştirakçıları və müşahidəçilərini təsnif etmək üçün tipologiya. İlk dəfə Raul Hilberq tərəfindən 1992-ci ildə "Perpetrators Victims Bystanders: Jewish Catastrophe 1933–1945" kitabında təklif edilmişdir. Bu, soyqırımşünaslığın əsas elementi hesab edilsə də, həmçinin qeyri-müəyyənliyə və həddindən artıq ümumiləşdirməyə səbəb olduğu üçün tənqid edilmişdir. Yan Qross xilaskarlar və benefisiarların təsnifata əlavə edilməsini təklif etmişdir. Robert Erenreyx təklif etdi ki, cinayətkar, müşahidəçi və ya qurban olmaq diskret təsnifat deyil, sürüşmə miqyasındadır. Triada soyqırım psixologiyasının öyrənilməsində də istifadə olunur. Baum, Steven K. The Psychology of Genocide: Perpetrators, Bystanders, and Rescuers (ingilis). Cambridge University Press. 2008. ISBN 978-0-521-71392-4.

Digər lüğətlərdə