Məcnun Göyçəli
Məcnun Göyçəli (İbrahimov Məcnun Səməd oğlu; 2 iyun 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 17 may 2021, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü.
== Həyatı ==
Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967–1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973–1979).
Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azaərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989–2002).
Ədəbi fəaliyyətə erkən başlamışdır, lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur.
2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir.
"Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H. B. Zərdabi", "H. Z. Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır.
2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.