Naftalan
Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.
Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.
1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir.
1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.
Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi.