Naftalan faciəsi[1] və ya Naftalan terroru[2] — 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Naftalan şəhəri yaxınlıqlarında yerləşən Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya hücumu. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olmuş, ailənin evi qismən dağılmışdır.
Naftalan faciəsi | |
---|---|
| |
Tarix | 27 sentyabr 2020 |
Yeri | Qaşaltı Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan |
İştirakçılar | Ermənistan Silahlı Qüvvələri |
Qurbanlar | |
Ölənlərin sayı | 5 |
Maddi ziyan | 100 min AZN |
Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılmışdır. "Amnesty International" bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir" və hadisəni "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmişdir. Həmçinin, FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır.
Qaşaltı Qaraqoyunlu kəndi Goranboy rayonunda, kurort şəhəri olan Naftalan yaxınlıqlarında yerləşir.[3] 2015-ci ildə kəndin əhalisi 833 nəfər idi.[4] Qaşaltı Qaraqoyunlu münaqişə zonasından təxminən 50 kilometr (31 mil) məsafədə yerləşir.[5]
Mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilər çoxluq təşkil edir[6][7][8] və de-yure Azərbaycanın bir hissəsidir, lakin Ermənistan tərəfindən dəstəklənən və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki nəzarətində olmuşdur.[9] Etnik zorakılıq 1980-ci illərin sonlarında başlamış və 1991-ci ildə SSRİ-nin dağılması ilə müharibəyə çevrilmişdir. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Soveti vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-yə birləşdirilməsi haqqında qərar qəbul etmiş, lakin Azərbaycan bunu rədd etmişdir. Dağlıq Qarabağın muxtar statusunun ləğvindən sonra 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağda müstəqillik referendumu keçirilmişdir. Vilayət əhalisinin təxminən 22,8%-ni təşkil edən azərbaycanlıların referendumu boykot etməsi nəticəsində iştirakçıların 99,8%-i müstəqilliyin lehinə səs vermişdir. 1992-ci ildə Azərbaycan və Ermənistan Sovet İttifaqından tam müstəqil olmuşdur.[10]
Birinci Qarabağ müharibəsi 750 min azərbaycanlının məcburi köçkün olması ilə nəticələnmişdir. Ermənistan Silahlı Qüvvələri işğal etdiyi bütün əraziləri əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılardan təmizləmişdi.[11] Müharibə 1994-cü ildə atəşkəslə başa çatmış, tanınmamış Dağlıq Qarabağ Respublikası regionun böyük hissəsinə nəzarəti saxlamış, o cümlədən ətraf rayonlar olan Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanı işğal etmişdir.[12]
Otuz il ərzində atəşkəs rejiminin çoxsaylı pozuntuları baş tutmuşdur, onlardan ən ciddisi 2016-cı ilin aprel döyüşləridir.[13] Sorğular Dağlıq Qarabağ sakinlərinin Azərbaycanın tərkibində olmaq istəmədiyini göstərmişdir. 2019-cu ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan birləşmənin lehinə verdiyi bəyanatda "Artsax Ermənistandır, nöqtə" demişdi.[14] 2020-ci ilin iyulunda Ermənistan və Azərbaycan sərhədində növbəti atışmalar baş vermişdir.[13]
27 sentyabr 2020-ci ildə bölgədə qarşıdurma baş vermiş və bu, tezliklə müharibəyə çevrilmişdir.[15]
27 sentyabr 2020-ci ildə, saat 18:00 radələrində[16] Ermənistan Silahlı Qüvvələri Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya ilə zərbələr endirmişdir.[17] Hücum zamanı mərmilərdən biri Qurbanovlar ailəsinin kənddə yerləşən evinin giriş hissəsindəki pilləkənlərə düşmüşdür.[18] Hadisə nəticəsində bir ailədən 5 mülki şəxs həlak olmuşdur:[19][20][21][22] 1951-ci il təvəllüdlü Elbrus Qurbanov, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olmuşdur.[23] Hücum nəticəsində Qurbanovlar ailəsinin evi qismən dağılmışdır,[24] Qurbanova məxsus fərdi yaşayış evinə və evin həyətində olan yardımçı tikililərə 100 min manat məbləğində ziyan dəymişdir.[25] Rusiyanın "Dojd" kanalının müxbiri Vasili Polonski[26] hücum zamanı hadisə yerində idi.[27]
Hadisə nəticəsində həlak olanlar 29 sentyabrda Qaşaltı Qaraqoyunlu kəndində dəfn edilmişdir.[23] Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.[25]
Hücum zamanı hadisə yerində olan rusiyalı jurnalist Vasili Polonski faciəyə görə dəhşətə gəldiyini demişdir.[28] "Amnesty International" hadisəni beynəlxalq hüquqda qadağan edilmiş "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmiş və bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir".[18]
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 28 sentyabrda federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun imzaladığı məktubda UEFA-nın digər üzvlərindən dəstək istəmişdir. AFFA "bu çətin zamanda bütün Avropanın futbol ailəsini dinc əhaliyə qarşı təcavüzü pisləmək üçün birliyə" çağırmışdır. FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır.[5]