Qurban Abbasov (neftçi)
Qurban Abbasqulu oğlu Abbasov və ya Neftçi Qurban (tam adı: Abbasov Qurban Abasqulu oğlu; 26 oktyabr 1926, Payız, Naxçıvan MSSR – 14 sentyabr 1994, Bakı) — Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, "Stalin" mükafatı (1951) və iki dəfə Azərbaycan SSR Dövlət mükafatları laureatı (1972, 1991), Azərbaycan SSR əməkdar mühəndisi (1972). Qurban Abbasov Sovet İKP-nin 22, 24, 25 və 27-ci qurultaylarının nümayəndəsi, AKP MK-nın üzvü, Asiya və Afrika ölkələri Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. O, 4 dəfə SSRİ Ali Sovetinin və 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
== Həyatı ==
Xalq arasında Neftçi Qurban adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildəArtyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.
Əmək fəaliyyətini davam etdirərək, Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.
1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib.