Ümumi nisbilik nəzəriyyəsi
Ümumi nisbilik nəzəriyyəsi (alm. allgemeine Relativitätstheorie) – Albert Eynşteyn tərəfindən 1915–1916-cı illərdə irəli sürülmüş, xüsusi nisbilik nəzəriyyəsi üzərində təkmilləşdirilmiş, cazibə qüvvəsinin həndəsi nəzəriyyəsi. Digər metrik nəzəriyyələr kimi ümumi nisbilik nəzəriyyəsində də qravitasiya effektlərinin məkan-zaman müstəvisində yerləşən fiziki cisim və sahələrin qüvvə qarşılıqlı təsirləri ilə deyil, kütlə-enerji qarşılıqlı təsiri ilə əlaqədar zaman-məkan müstəvisinin özünün deformasiyası ilə şərtləndiyi fikri irəli sürülür. Ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsinin digər metrik nəzəriyyələrindən zaman-məkan müstəvisinin əyimi (deformasiyası) ilə materiya arasında əlaqəni təmin edən Eynşteynin tenliklərindən istifadə ilə fərqlənir.
Ümumi nisbilik nəzəriyyəsi müşahidələrlə sübuta yetirilə bilən ve mütəmadi olaraq beynəlxalq astronomik birlikləri tərəfindən istifadə olunan, eləcə də yerin süni peyklərinin naviqasiyası kimi mühəndisi-tətbiqi sahələrdə də geniş istifadə olunan, hal-hazırda cazibə qüvvəsi haqqında ən uğurlu nəzəriyyə hesab olunur. Ümumi nisbilik nəzəriyəsinin ilk uğuru onun Merkuri planetinin perigeyasının anomal presessiyasının izahında olmuşdur. Sonradan 1919-cu ildə ingilis astronomu Artur Eddinqton ümumi nisbilik nəzəriyyəsinin verdiyi proqnozu həm kəmiyyət, həm də keyfiyyət baxımından tamamilə sübut edən tam Günəş tutulması anında işığın Günəş yaxınlığında sapmasının (eyilməsi) müşahidə etməsini bildirmişdir. Bundan sonra nəzəriyyənin zamanın qravitasiya ləngiməsi, qırmızı qravitasiya sürüşməsi, qravitasiya sahəsində siqnalın yubanması və dollayı yolla olsa da, qravitasiya şüalanması kimi bir sıra proqnozları çoxsaylı müşahidələr və təcrübələrlə sübuta yetirilimişdir.
Ümumi nisbilik nəzəriyyəsinin heyrətamiz uğuruna baxmayaraq, onu kvant nəzəriyyəsinin klassik hüdudu kimi istifade etmək mümkün olmadığından elmi dairələrdə nəzəriyyə barədə diskomfort hələ də hökm sürməkdədir. İkincisi, nəzəriyyə qara dəliklərə və ümumilikdə, zaman-məkan strukturunda sinqulyarlıqlara baxıldıqda aradan qaldırıla bilinməyən fiziki ziddiyətlərin ortaya çıxmasını proqnoz vererek özü öz tətbiqinin hüdudlarını gösterir.