Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər.
== Odun insan həyatında rolu ==
Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır.
Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.