Poçt yolları
Poçt yolları — Azərbaycanda tarixən daxili və xarici iqtisadi (xüsusil ticrət) və mədəni münasibətlərinin əlaqələndirilməsinə xidmət edən vasitələrdən biri.
== Haqqında ==
Ölkənin iqtisadi və mədəni həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayan poçt yolları təkcə ayrı-ayrı yaşayış məntəqələri arasındakı əlaqənin deyil, Azərbaycanın başqa ölkələrlə əlaqəsinin möhkəmlənməsində də müstəsna əhəmiyyətə malik olmuşdur.
Orta əsr ərəb coğrafiyaşünas-səyyahlarının (İbn Xirdadbeh, əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və s.) məlumatlarına görə, IX əsrin ortalarından Azərbaycandan keçən mühüm yol qovşaqlarında 50-dən artıq poçt-gömrük məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyişir, poçt baratlarını bu və ya digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu.
Tədqiqatlardan və etnoqrafik şahidlərdən aydın olur ki, qədim yolların əsasında salınması poçt yolları təkcə minik və yük heyvanları üçün yox, həm də təkərli nəqliyyat vasitəsinin hərəkəti üçün əlverişli idi.
Bakıdan Tiflisə doğru uzanan poçt yolu Şamaxıdan və Şirvan ərazisindən keçən yeganə magistral yolu olduğundan, Şirvan iqitsadiyyatın şah budağı hesab olunurdu. Yerli əlaqə yollarını, demək olar ki, hamısı, hətta təsərrüfat əhəmiyyətli xırda yolların çoxu həmin magistrala qovuşurdu. Ona görə də Şirvanı iqtisadi və mədəni həyatı üçün bu yolun müstəsna əhəmiyyəti vardı.
Bakı-Tiflis poçt yolu Azərbaycan ərazisini bütünlüklə kəsib keçərək Ağstafada iki qola haçalanırdı. Bu yolun bir qolu Dilican- İrəvan-Naxçıvan-Culfa vasitəsilə Təbriz və İranın içərilərinə, digər qolu isə Tiflisə, oradan da Aleksandropola və Qarsa gedirdi.