Qədir Möhsünzadə
Qədir Qurban oğlu Möhsünzadə (24 fevral 1914, Lənkəran, Lənkəran qəzası – 1993, Odessa) — baytarlıq elmləri doktoru, professor.
Qədir Möhsünzadə 1914-cü il fevral ayının 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1934-cü ildə Zaqafqaziya Baytarlıq İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir (İrəvan).
Q.Möhsünzadə institutda oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1934-cü ildə baytarlıq üzrə ən nüfuzlu institutun - Kazan Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş, yüksək səviyyədə elmi-tədqiqat işi apararaq 3 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gənc alim 1937- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (Gəncə şəhəri) işə dəvət olunmuş və 1941- ci ilə kimi baytarlıq fakültəsinin dekanı və klinik diaqnostika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q. Möhsünzadə, 1941-1945-ci illərdə ordu sıralarında Vətən Müharibəsinin iştirakçısı olmuşdur.
"Baytarlıq" jurnalı 2005-ci il 5-ci nömrəsində Böyük Vətən Müharibəsində Qələbəmizin 60 illiyinə həsr etmiş, Rusiya Federasiyası Hərbi Silahlı Qüvvələrin baytar-sanitar xidmətinin rəisi, tibb xidməti polkovniki Y.Q.Boyevin "1941- 1945- ci illərdə Böyük Vətən Müharibəsində hərbi baytarlıq xidməti" məqaləsində yazır: "Müharibə cəbhələrində hırbi terapevtiki xəstələrin müalicəsinin təşkilində və onların məharətlə yerinə yetirilməsində istedadlı şəxslərin- İ. M. Qolosov, A.M.Kolesov, Q.Q.Möhsunzadə, N.Z.Objorin, V. P. Spaski, İ. A. Şarobin, S. D. Şelevin- işlərini xüsusilə qeyd etmək lazımdır".
Q. Möhsünzadə 1946- 1951- ci illərdə Gəncədə yenidən Kənd Təsərrüfatı İnstitunun Klinik diaqnostika kafedrasının müdiri olmuş, at və qaramalda böyrəyin funksional fəaliyyətinin öyrənilməsinə dair elmi və əməli əhəmiyyətli geniş tədqiqatlar aparmış və 1950- ci ildə Moskva Baytarlıq Akadmiyasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1951- ci ildə Q. Möhsünzadə Leninqrad Baytarlıq İnstituna dəvət olunmuş və 1960- cı ilə kimi orada Klinik diaqnostika kafedrasına rəhbərlik etmişdir.