Qızılxallı kumja
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.
Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir.
Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.