Əbülhəsən Raci
Əbülhəsən Raci (1831, Təbriz – 1876, Qırmızı dəniz) — şair.
Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu".