Səbzəli Cavadov
Səbzəli Cavadov (tam adı: Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz – 4 iyun 2024, ABŞ) — Azərbaycan və ABŞ alimi, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü.
Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub.
1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir.
1977–1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır.
1983–1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir.
1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
1986–1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir.
1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir.
1993–2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.