Şeyx Səfi əd-Din Ərdəbili
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası.
Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir.
İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.