Səfi bəyin evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi[1].
Səfi bəyin evi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
Səfi bəyin zirzəmiyə malik iki mərtəbəli evi plan xüsusiyyətləri baxımından XVIII–XIX əsrlərdə inşa edilmiş Şuşa evlərini təkrarlasa da, ölçüləri baxımından onlardan seçilir. Uzadılmış düzbucaqlı formasına malik evin mərkəzində yanlardan rizalitlərlə əhatələnmiş iki mərtəbəli lodciya yerləşir.[2]
Birinci mərtəbədə xidməti otaqlarla yanaşı rizalitlərdə yerləşdirilmiş iki yaşayış otağı da vardır. Fasadda inşa edilmiş daş pilləkən vasitəsi ilə birinci mərtəbə ilə əlaqələndirilmiş ikinci mərtəbənin mərkəzində böyük qonaq otağı, yanlardakı rizalitlərdə isə iki otaq yerləşir. Otaqların hər ikisi mərkəzi zalla birbaşa əlaqəyə malikdir. Zalın və lodciyanın tavanı, həmçinin qapıların ətrafları zövqlə çəkilmiş freska rəsmləri ilə bəzədilmişdir.[2]
Plan həllinin dəqiqliyi həm də öz əksini fasadların həllində tapmışdır. Planın otaqların yerləşdirilməsini özündə tamamilə əks etdirən fasadlar üç hissəyə bölünmüşdür.[2] Fasadların sadə dekorativ xüsusiyyəti tikilinin lakonik həcm-məkan həllini uğurla tamamlayır.[2] Bu rəsmlər dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabaği tərəfindən çəkilib[3].