Səhər Orucova
Səhər Hidayət qızı Orucova — filologiya elmləri namizədi (2002), filologiya üzrə elmlər doktoru (2013), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent (2005), professor (2015), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (2015), "Folklorşünaslıq" jurnalının təsisçisi (2017), AMEA-nın professoru (2018), Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru (2021)
== Həyatı və Yaradıcılığı ==
Səhər Orucova İrəvan şəhərində anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub. 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.
1993–1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin "Humanitar fakültələr üzrə Rus dili kafedrası"nda laborant, 1995–1996-cı illərdə "XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi" üzrə baş laborant, 1996–1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999–2003-cü illərdə baş müəllim, 2003–2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışmışdır. 2018-ci ildə AMEA-nın professoru adını alıb. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktorudur.
O, BDU-nun Filologiya fakültəsində bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Azərbaycan dastanları", "Kitabi Dədə Qorqud" və dünya eposu" fənlərindən dərs deyir.