sif. 1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik.
– Bəy xanımın əlini alıb … dedi: – Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə.
[Sultan bəy:] Ay… rəhmətlik Sona, sağ olaydı… Ü.Hacıbəyov.
Hər könüldən bir səs gəlir; Ölməmişəm, sağam! – deyə. S.Vurğun.
2. Sağlam.
Bu xəstələrin qanını dəyişdirib ondan maya qayırıb onu sağ adamın bədəninə çiçək döyən kimi döyüb onları bu xəstəlikdən mühafizə edirlər. H.Zərdabi.
// Salamat, zədəsiz.
Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani.
□ Sağ gün – xəstə olmayan gün (daim xəstə olan adam haqqında).
Cahanın sağ günü yatacaqda keçirdi. İ.Musabəyov.
Sağ qalmaq – salamat qalmaq, ölməmək, ölümdən qurtarmaq.
Təpə uçdu, dağ qaldı; Maral qaçdı, sağ qaldı; Yar yada qismət oldu; Mənə ağlamaq qaldı. (Bayatı).
Sağ-islahat (sağ yer) qoymamaq – tamam hər yerini əzmək, zədələmək, şikəst etmək.
Hasan paşa yanındakı adamlarda sağ-islahat qoymadı. “Koroğlu”.
Sağ yer qalmamaq – salamat yeri qalmamaq, hər yeri zədələnmək; bərk şikəst olmaq. Avariyaya düşüb, sağ yeri qalmayıb.
– [Alını] o qədər döydülər ki, ağzının, burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Çəmənzəminli.
3. məc. Saf, xalis, bütöv, düz. [Əlləzoğlu:] Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, … mən də arxayın olam. İ Hüseynov.
◊ (Çox) sağ ol(un)! –
1) təşəkkür ifadəsi; təşəkkür edirəm, çox razıyam, minnətdaram.
[Şeyx Sənan Özdəmirə:] Sağ olun, əskik olmayın, oğlum! H.Cavid.
[Camadarlar:] Çox sağ ol, Məşədi! Allah bərəkət versin! Ü.Hacıbəyov;
2) vidalaşıb ayrılanda deyilir: salamat qal(ın). [Firidun:] Sağ ol, Gülnaz, gedirəm.
– Gülnazı qapıya qədər … ötürdü. M.İbrahimov.
Sağ olsun – bir kəsin işindən, hərəkətindən məmnunluğu, buna görə də təşəkkürü, razılığı bildirir.
Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur! C.Məmmədquluzadə.
Bağça müdirəsi dilağız etdi: – Sağ olsun Şirzad yoldaş, gedib rayondan bu avadanlığı aldı, gətirdi. M.İbrahimov.
(Ay) sağ olmuş – xitab, ya təşəkkür kimi işlənən ifadə.
[Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir. S.S.Axundov.
[Bayram kişi:] Eh, sağ olmuş, hökumət kimdir, biz kimik? Hökumətin bir nümayəndəsi elə lap mən özüm. M.Rzaquluzadə.
Sağ olmamış – qarğış məqamında işlənən ifadə.