Qədim mədəniyyətlər inkişaflarının müəyyən səviyyəsinə çatdıqda nəhəng tikililər ucaltmağa başlayırdılar. Bu zaman müasir inşaat materiallarının mövcud olmamasına baxmayaraq, həmişə daşdan istifadə olunurdu. Emal edilmiş qaya parçaları nə qədər iri olurdusa, qədim insanların gözündə öz əməklərinin nəticəsi bir o qədər zəhmli görünürdü.
Belə ki, qədim misirlilər nəhəng ehramları hələ e.ə. 1200-cü ildə ucaltmışdılar. Min illər sonra Mikenadan olan yunanlar şəhərlərinin ətrafında qalın divarlar tikmiş, Britaniya adalarının sakinləri isə Stounhençdə şaquli şəkildə dik qoyulmuş iri qaya parçalarından tikili inşa etmişdilər.
Mədəniyyətlərdən birinin çökməsi, digərinin isə tədricən ayağa qalxması ilə belə tikililərin yaranma səbəbləri, həmçinin onları ucaldan insanların adları yaddan çıxırdı. Belə ki, qədim yunanların qədim Mikena və onun sakinləri haqda çox az məlumatları var idi. Belə hesab edilirdi ki, bu möhtəşəm şəhərin divarlarını ilk inşa edən nəhəng təpəgöz siklop olub. Bu səbəbdən də yonularaq bir-birinə uyğunlaşdırılmış qaya parçalarından ibarət istənilən tikiliyə siklopik deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)