XVIII əsrdə Fransa müflisliyin astanasında dayanmışdı. Ölkə son vaxtlar elə hey müharibələr aparır, üstəlik, kral sarayının saxlanılması da baha başa gəlirdi. İş orasında idi ki, saray əyanları külli miqdarda pul (təqaüd) alır, amma vergi ödəmirdilər. Verginin bütün ağırlığı kəndlilərin boynuna düşürdü.
1759-cu ildə, XV Lüdovikin hakimiyyəti dövründə maliyyə nazirlərindən biri vergi sistemində islahatlar aparıb saray xərcləri və zadəganların təqaüdlərini azaldaraq qənaət etmək niyyətinə düşdü. Zadəgan sinfi onu lağa qoyub xəsis adlandırmağa başladı (hərçənd o zamanlar Fransanın məhz belə islahata ehtiyacı vardı).
Yeri gəlmişkən, həmin maliyyə nazirinin hobbisi var idi. O, boş vaxtlarında kağızdan insan fiqurları kəsməyi xoşlayırdı. Zadəganlar istehza ilə bu işin əsl xəsislər üçün olduğunu söyləməyə başladılar. O vaxtdan bu cür insan cizgiləri, əsasən də, insan sifətinin yandan görünüşü siluet adını qazandı, çünki həmim nazirin adı Etyen de Siluet idi. (Ayzek Azimov. Sözlərin tarixi)