Nasional Sosializm
Nasional sosializm (alm. Nationalsozialismus) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur.
Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş .ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi.
== Tarix ==
Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.