Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi.
Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları.
Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır.
Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.