E.ə. təxminən 300-cü ildə Kiprdən Afinaya cavan bir oğlan gəlir. Məlum olduğu kimi, o dövrlər Afina fəlsəfi düşüncələrin mərkəzi idi. Cavan oğlanın adı Zenon idi və o, məşhur filosof Kratetdən dərs alırdı. Kratet siniklər məktəbinə mənsub olaraq ləyaqət və təmizlik dərsi deyirdi. Bu nəzəriyyə Zenonda böyük təəssürat oyatsa da, o, siniklərin öz fikirlərində hədləri aşdıqlarını düşünürdü.
Zenon və onun davamçıları hesab edirdilər ki, əsl mənada azad və ləyaqətli olmaq üçün ehtiraslara uymamaq və hisləri cilovlamaq lazımdır. Maddi rifaha önəm verməsən, onun itirilməsindən də acı çəkməzsən. Sevgidən də, nifrətdən də uzaq dursan, xoş və bəd xəbərləri sakitcə, eyni laqeydliklə qəbul edərsən.
Zenon mühazirələrlə açıq məkanlarda və ya divarları Troya müharibəsini əks etdirən səhnələrlə bəzədilmiş evin qabağında pilləli, üstüörtülü tikililərdə – artırmalarda çıxış edirdi. Bu yer “stoa paikile”, yəni boyanmış artırma adlanırdı. Məhz buna görə də onun fəlsəfəsini “stoisizm”, özünü isə Zenon-Stoik adlandırmağa başladılar.
Biz indiyədək hətta ağrılar və təhlükələr qarşısında belə soyuqqanlılığını itirməyən, hər şeyə sakit nəzərlərlə baxan adama stoik deyirik. (Ayzek Azimov. Sözlərin tarixi)