Surxay Tağızadə
Surxay İmran oğlu Tağızadə (8 aprel 1932, Gəncə – 18 oktyabr 2022) — ictimai və dövlət xadimi, Kirovabad (indiki Gəncə) şəhər komsomol komitəsi bürosunun, komsomolun Gəncə Vilayət və Respublika komitələrinin üzvü, yerli sovetlərin deputatı (1952 – 1962), Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü (1982 – 1987), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1985 – 1990), Azərbaycan KP MK-nın üzvü (1986 – 1991).
== Həyatı və fəaliyyəti ==
Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir.
Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.
Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.
Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.