TƏSƏVVÜF

İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir. Mənəviyyat yolçusu gərək hansısa sufi təriqətində olsun və bu yolu şeyxin rəhbərliyi altında getsin. Təkbaşına bu yolu getmək mümkün deyildir. Bu da təsəvvüfün şərtlərindən biridir. İslam tarixində ilk sufilər kimi Əshabüs- Süffəni göstərirlər. Onlar hələ peyğəmbərin zamanında onun örnəyindən ibrət alaraq Mədinə məscidində mənəvi yüksəlmə və zahidlik yolu ilə getməyə üstünlük vermişdirlər. Sufilik sözünün də “Süffədən” yaranması ehtimalı vardır. Onların arasında Səlman Farisi, Əbu Zər, Süheyb Rumi, Əbu Musa Əşəri kimi tanınmış səhabələr də olmuşdurlar. Hicrətin ikinci əsrində Allaha sevgi duyğusunu bəsləyərək ona ibadət etmək kimi sufi ideyaları geniş yayılmağa başlamışdır. O zaman Mədinə, Bəsrə, Küfə və Xorasanda ilk sufi məzhəbləri yaranmış və inkişaf etmişdir. Daha sonra sufiliyin əsasları, anlayışları, terminologiyası formalaşmışdır. Sufi şeyxləri insan mənəviyyatı, ruhun halları, onun yetkinləşməsi yolundakı mərhələlər haqqında mistik baxışlar irəli sürmüşdürlər. Həllac və Bistami “fəna” adlanan Tanrıda insan mənəviyyatının əriməsi yolu ilə onun əsl mənliyinin ortaya çıxması və “bəqa” adlanan Tanrıda mənliyi əritdikdən sonra onunla qovuşmaq ideyalarını irəli sürmüşdürlər. Əsası Rəbiyyə əl-Ədəviyyənin qoyduğu Allaha münasibətdə sonsuz sevgi (eşq) ideyası da inkişaf edirdi. Hüzn və Tanrıdan qorxu ideyalarını aşılayan sufilər onlarla birləşmişdirlər. Təsəvvüfün Nişapur məktəbinin görkəmli şeyxi Bəyazid Bistami (262/875-ci ildə edam edilmişdir) olmuşdur. O, insan “Mən”inin itirilməsi, Tanrıda əriməsi ideyası ilə çıxış etmişdir. O, bu halı “yoxluq” adlandırmışdır. Onun təlimində yoxluq halından sonra vəcd (ekstaz), eləcə də Tanrıya olan sevgidən sərxoşluq (sukr) halları gəlir. Tanrıya qovuşmuş, Onda ərimiş kəs Onun sifətlərinə yiyələnmiş olur. Bistami ilk dəfə “Sən mənsən, mən isə Sən” sözlərini istifadə etmişdir. Nişapur məktəbinin başqa bir tanınmış şeyxi Allaha sonsuz sevgi ideyalarını aşılamış Yəhya Müəz oğlu Razi (258/871-ci ildə vəfat etmişdir) olmuşdur. O, Allaha münasibətdə “sərxoşedici sevgi” anlayışını ortaya çıxarmışdır. Onun fikrinə görə əsl eşq aşiqlə görüşdən sonra artmadığı kimi, Ondan ayrıldıqdan sonra da azalmır. Nişapur məktəbinin daha bir sufi alimi Əbu Həfs Həddad (270/883-cü ildə vəfat etmişdir) öz təlimini inkişaf etdirmişdir. Onun fikrinə görə hər bir kəs yalnız özünü deyil, başqalarını da düşünməlidir. Yəni, insan başqalarının xeyrini və maraqlarını özününkündən daha üstün tutmalıdır. Həmin məktəbin daha bir görkəmli şeyxi Həmdun Kəssar insanın nəfsinə qarşı çıxış edərək onunla savaş aparmağın vacibliyi vurğulamışdır. Buna sufilikdə “məlamət” deyilir. Onun fikrincə sufilər namazlarla, oruclarla, zikrlərə kifayətlənməməli, Allahın təqdir etdiyi işlər görməlidirlər. Sufiliyin başqa bir tanınmış məktəbi Misirdə yerləşmişdir və onun ən görkəmli nümayəndəsi Zün-Nun Misri (245-859-cu ildə vəfat etmişdir) olmuşdur. O, öz təlimində vəcd yolu ilə əldə edilmiş biliyə (mərifətə) və Allaha sonsuz sevgi ideyalarına geniş yer ayırmışdır. Zün-Nun Misriyə görə mərifət yolu ilə əldə edilmiş biliyin üç pilləsi vardır. Birincisi bütün inanclı müsəlmanlara, ikincisi yalnız alimlər və kəlamçılara (I) məxsusdur. Üçüncüsü isə öz varlıqları ilə Tanrının yaxınlığını duyan və müqəddəsliyə yüksələn insanlarda olur. Bu da biliyin ən yüksək zirvəsidir. Bu durumda olanlar təcrübi bilikləri deyil, insan ruhunun dərinliyində olan bilikləri duyurlar. Allah bu bilikləri yalnız istədiyi inanclı müsəlmanlara verir. Zun-Nun Misri də Allaha sevgi və zahidlik ideyalarını yayırdı. O, Allaha doğru aparan mənəvi yolda olan məqamların və halların olması ideyası ilə çıxış etmişdir. Daha bir tanınmış sufi məktəbi Suriyada olmuşdur. Burada gecə vaxtları ac qarnına ibadətlər edilirdi. Bu təriqətin tanınmış şeyxi Əbu Süleyman Dərani (215/830-cu ildə vəfat etmişdir) olmuşdur. Ona görə gecə ibadətləri və zikrləri insan ruhunu məmnun edir və bu duyğunu heç bir başqa əməldə hiss etmək olmur. Bağdadda da sufi məktəbi mövcud olmuşdur. Bu məktəbin tanınmış şeyxi Məruf Kərhi olmuşdur. O, vəcd yolu ilə əldə edilmiş biliklə (mərifətlə) Tanrı ilə insan arasındakı qarşılıqlı sevgi duyğusunu birləşdirirdi. Onun fikrincə Allaha sevgi duyğusu təcrübə yolu ilə əldə edilə bilməz. Bu məktəbinin ən tanınan şeyxi Cüneyd Bağdadi (297/909-cu ildə vəfat etmişdir) olmuşdur. Tanrıya sevgi duyğusundan sərxoş (sukr) olmaq ideyasını aşılayan Bəyazid Bistamidən fərqli olaraq, o, bunu hissləri ayıq (sahv) olaraq yaşamağın tərəfdarı idi. Başqa bir məşhur bağdadlı Əbu Səid Hərrazın (277/890-cı ildə vəfat etmişdir) təcrübəsinə görə mənəvi həyatda ən önəmli olan gizli (batini) biliklərin əldə edilməsidir. İlk dəfə “Ənəl Haqq” (Mən Tanrıyam) ifadəsini səsləndirən, buna görə də 305/917- ci ildə edam edilən Hüseyn ibn Mənsur Həllac da Bağdad məktəbinin nümayəndəsi olmuşdur. Həllaca görə Tanrıya qulluq edən insan onu çox yaxından duyduğundan onunla özü arasında bütün fərqləri itirir. Bu durumda olan sufi Tanrıda əriyərək onun sifətlərini mənimsəyir. Bu kimi əsas təlimləri əsas götürən sufi təriqətlərinin sayı hicrətin III – VI əsrlərində daha da artmışdır. O dövrlərdə sufi ideyaları poeziyada geniş tətbiq olunaraq yayılırdı. Sufilərin bir çox təlimləri ənənəvi İslam təfəfdarları tərəfindən etirazlarla qarşılanırdı. Onlar sufiləri İslama bidətlərin gətirilməsində günahlandırırdılar. Buna görə də, ənənəvi İslamı sufiliklə barışdıran və onların arasında orta yolu tutan ilahiyyatçılar bu mövzuda fəaliyyət göstərib çoxlu əsərlər yazmışdırlar. Onların arasında Əbu Həmid Qəzali də olmuşdur. Daha sonra görkəmli sufi İbn Ərəbi (638/1240-cı ildə vəfat etmişdir) müsəlman ənənəçilərinin etirazları ilə qarşılaşan vəhdətül-vücud təlimini ortaya atmışdır. Bu təlim sonrakı əsrlərdə sufi təriqətlərinin ən əsas ideyalarından birinə çevrilmişdir. Məhz bu təlimə qarşı İmam Rəbbani (1034/1624- cü ildə vəfat etmişdir) ənənəvi İslamla uyuşan vəhdətüş-şühud ideyası ilə çıxış etmişdir. Orta əsrlər boyu bütün müsəlman dünyasında sufi təkkələri də geniş yayılmışdır. Sufilər müxtəlif sultan və şahların dəstəyini əldə edərək fəaliyyətlərini genişləndirmişdirlər. VI/XII – IX/XV əsrlərdə ən tanınmış sufi təriqətləri Qədiriər, Yəsəvilər, Rifailər, Sührəvərdilər, Çiştilər, Şazililər, Məvləvilər, Məlamətilər, Bədəvilər, Dəsukilər, Nəqşibəndilər, Xəlvətilər, Bayramilər, Bəktaşilər və s. olmuşdurlar. XI/XVII əsrdən başlayaraq sufliyin tənəzzül dövrü başlamışdır. Onların arasında yeni ideyalar olmamış, inkişafları dayanmışdır. Daha sonra onları müsəlman dünyasının tənəzzül etməsində, inkişafdan qalmasında ittiham etmişdirlər. Sufilik Osmanlı xilafətində laiklik ideyalarının yayılması və daha sonralar dünyəvi Türkiyə respublikasının yaranmasından sonra İslam dünyasında nüfuzunu xeyli itirmişdir. Buna baxmayaraq müsəlman dünyasının bir çox yerlərində sufi təriqətləri fəaliyyət göstərirlər. Bundan başqa qeyd etmək lazımdır ki, bu gün sufi ideyaları Avropa, Afrika və Amerikada rəğbətlə qarşılanmaqdadır.
TƏSBİH
TƏSLİS
OBASTAN VİKİ
Təsəvvüf
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Azərbaycanda təsəvvüf
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir. Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.

Digər lüğətlərdə