Tahir Mirkişili
Tahir Famil oğlu Mirkişili (7 iyun 1977, Həmzəli, Qubadlı rayonu) — azərbaycanlı iqtisadçı, siyasətçi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı.
42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə seçilib. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvüdür. Azərbaycan-Avstriya parlamentlər arası dostluq qrupunun sədridir.
== Həyatı ==
Tahir Mirkişili 07 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı "Ümumrespublika İqtisadiyyat Olimpiadasında" 1-ci yeri tutmuşdur.