Təknə qəbir
Təknə qəbir, gil sarkofaq və ya vanna qəbir — Qafqaz Albaniyası ərazisində mövcud olmuş qəbir tipi. Azərbaycanda əsasən Göyçay, Türyançay, Girdimançay hövzələri üçün səciyyəvidir.
Təknə tip qəbirlərdə ölü dördkünc və ya oval formada olan gildən hazırlanmış təknəyəbənzər saxsı içərisində dəfn olunurdu. Gil təknələrin ölçüləri əsasən 60-80 sm aralığında müşahidə olunur. Bəzi saxsı tabutların yan tərəflərində tutmaq üçün dəstəyi də olur. Qəbir avadanlıqları gil təknənin ətrafına və ya içərisinə (kiçik ölçülü əşyalar olduqda) qoyulurdu. Mərhum sağ və ya sol böyrü üstə olmaqla bükülü vəziyyətdə yerləşdirilirdi.
Təknə qəbirlər əsaslı şəkildə ilk dəfə 1930-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilmişdir. Bu illər ərzində İsmayıllı rayonunun bir neçə kəndində (Mollaisaqlı və Sultankənd, Qışlaq və Qalagah kəndlərində), Qəbələ şəhərinin xarabalıqlarında, Mingəçevirdə bir neçə təknə qəbirlər tədqiqata cəlb olunublar . Təknə qəbirlər haqqında ilk məlumatları professor Y.A.Paxomov 1933-cu ildə Mollaisaqlı kəndindən maddi-mədəniyyət nümunələrinin tapılması zamanı vermişdir.