Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.
Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur.