SSRİ-də fəlsəfə
SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.
XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.