Vitraj
Vitraj — (fr. vitrage, lat. vitrum- şüşə sözündən)- şüşədən və s. şəffaf materiallardan düzəldilən ornametli və ya süjetli dekorativ kompozisiya. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur.
Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Bəni Həsəndə (MƏR) və Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanmışdır. Roma və Ravennadakı erkən xristian bazilikalarının pəncərə çərçivələrində şüşə alebastr və selenitdən hazırlanmış xüsusi kütlə ilə əvəz edilirdi; alebastr və selenit parlaq işığı keçirmədiyindən binanın interyerində əmələ gələn yarımqaranlıqda işıq zolaqlarından orijinal dekorativ effekt yaranırdı. X-XII əsrlərdə Fransada roman məbədlərində və Almaniyada dini mövzuda, sujetli vitrajlar düzəldilirdi.