Kəlağayı
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir.[1] XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.
2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Erkən illər
[redaktə | mənbəni redaktə et]Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub.[3] X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib.[4]
XVIII əsr
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub.[1] Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib.[1]
Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi.[5] Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb və bu sırada kəlağayı mühüm yer tutub.[5] Həmin dövrdə Gəncə, Şuşa, Şəki şəhərləri ilə bərabər, Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri olub.[1][5]
XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayıları Qafqaza səfər edən səyyahların da səfərnamələrində yer alıblar.[3] 1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı Pyotr Paşino "Kafkazskiy vestnik" qəzetində yazırdı ki, ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar, o cümlədən kəlağayılar öz bədii xüsusiyyətlərinə görə heç də dövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmırdı.[3]
XIX əsr
[redaktə | mənbəni redaktə et]1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak edib ki, o zaman basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.[3] Kəlağayı ustası Londondan qayıdanda demişdir:
İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam.[6] |
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.[5] Ordubadda kəlağayıdan, əsasən, XIX əsr və XX əsrin ortalarında istifadə olunurdu.[7]
XX əsr
[redaktə | mənbəni redaktə et]Birinci Dünya Müharibəsi ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar şərbafxana vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunurdu.[5] Bu qədər kəlağayını boyamağa Basqal boyaqxanalarının gücü çatmadığından, onların xeyli hissəsi Şamaxı, Gəncə və Bakıya göndərilirdi.[5]
1902-ci ildə Tiflisdə çağırılmış Qafqaz kustar sənayesi işçilərinin 1-ci qurultayına aid bir sənəddə isə aşağıdakı maraqlı fikirlər əksini tapıb:
...Ustaların hamısı (kəlağayı ustaları nəzərdə tutulur) savadsız olsalar belə, sənətkarlıqda öz avropalı həmkarlarını arxada qoyurlar. Onların hazırladıqları məmulat öz bədiiliyi və yaraşığı ilə adamı heyran edir. Avropada işlədilən maşınlar və başqa dəzgahlar burada yoxdur. Onların hazırladıqları məhsul gərgin işin və bacarıqlı əllərin bəhrəsidir.[5] |
XXI əsr
[redaktə | mənbəni redaktə et]2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində "İnkişaf" Elmi Təşkilatın təşəbbüsü ilə "Kəlağayı" İpək Mərkəzi fəaliyyət göstərir.[8] Həmçinin Basqalda unikal interaktiv "Kəlağayı" muzeyi yaradılmışdır. Muzeyə gələn ziyarətçilər kəlağayının tarixi və ənənələri ilə tanış ola bilər, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.[9]
Modelyer Fəxriyyə Xələfova dəfələrlə öz geyim kolleksiyasında kəlağayıdan istifadə edib.[10] Modelyerin fikrincə, kütləvi istifadə üçün kəlağıyı mütləq müasirləşdirilməlidir, istehsala yeni kəlağayı nümunələri buraxılmalıdır.[10] Psixoloq Rəna İbrahimbəyova, 2011-ci ildə TEDx Bakı-dakı çıxışında, kələğayının insan həyatını təsvir etdiyini iddia edib:
Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir.[11] |
Azərbaycan ipəkçiliyin inkişafını kələğayı istehsalı ilə birbaşa bağlı olduğunu qeyd edən Rəna İbarhimbəyova, adıçəkilən baş örütüyünün həmişə ən vacib geyimlərdən olduğunu və xüsusilə toylarda qırmızı kələğayıdan istifadə olunduğunu qeyd edir.[11]
2010-cu illərdə də Azərbaycanda kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şövkətziya Şamilovun törəmələri olan Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır.[1] UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.[12] Həmin il, Azərbaycanın İordaniyada səfiri Sabir Ağabəyov İordaniyada keçirilən ənənəvi "Diplomatik bazar"da, ora buyuran İordaniya Kral ailəsinin nümayəndələri, hökumət üzvləri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomat həmkarlarına Azərbaycan kəlağayılarını hədiyyə edib.[13]
2016-cı ildə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə "Beaugrenelle" ticarət mərkəzində azərbaycanlı dizayner Mənzər Hacıyevanın "Kəlağayı" butikini təşkil edib.[14]
Kəlağayı ənənələri və istifadəsi
[redaktə | mənbəni redaktə et]Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur.[1] Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.[1] Novruz və digər el şənliklərində təşkil olunan cıdır oyununda, qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır.[15] Kəlağayıdan həm də ağ xonçada istifadə olunur. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, rəngli şamlar yandırılır.[16]
Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirlər.[1] Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtürlər.[1] Gəlin gətirilərkən onun başına ağ örpək örtmək, arabasının qabağına, ya da mindirildiyi atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq Azərbaycanın milli adətlərinindən sayılır.[3] Niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə pay vermək kimi adətlər də mövcuddur.[3]
Kəlağayını Azərbaycanda vaxtilə yeni qurulan ailənin təməli hesab edirdilər.[7] Belə ki, kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş.[7] Yaxud da elçilik mərasimində oğlan tərəfdən olan qadınlardan biri qırmızı kəlağayıya bürünmüş nişan üzüyünü qız evinə təqdim edərdi.[7] O həmçinin toya qonaq gələn qadınların da xonçasında ən dəyərli hədiyyə hesab olunardı.[7]
Naxışları
[redaktə | mənbəni redaktə et]Kəlağayının orta əsrlərdə üzərinə buta formasında naxışlar vurulub.[1] Bu da istehsalçının möhürü rolunu oynayıb.[1] Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurdu və həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi.[1] Kəlağayıların üzərinə yumruqla vurulan buta forması zaman keçdikcə formalaşaraq təkmilləşdirilib və ənənə halını alıb.[1]
Kəlağayı üzərindəki naxışlar aşağıdakı əsas qruplara ayrılırdı: kəlağayının qıraqları boyunca vurulan və haşiyə əmələ gətirən şəkillər; künclərə və ortaya vurulan təsvirlər.[5] Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi.[1] Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi.[1]
Şəki və Basqal kəlağayıları sırasında "Şah buta", "Saya buta", "Xırda buta" çeşnilərindən daha çox istifadə olunub.[1] "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar Azərbaycanda böyük şöhrət qazanıb.[1] Basqalda kəlağayılara bəzək vurmaq üçün istifadə edilən ornamental taxta qəliblər əsasən qoz və palıd ağaclarından hazırlanırdı.[3] Basqallı Hacı Həmid Talıb oğlunun, Kərbəlayi Abdulxaliq Əşrəf oğlunun, həmçinin toxucu Əlabbas Cəbrayıl oğlunun adları XIX əsrdə yaşayıb yaratmış bəzəkvuran sənətkarların sırasında çəkilib.[3][5]
Kəlağayını, eyni zamanda, rəngləmək texniki baxımdan mümkün deyildi.[5] Naxışlanma, bir qayda olaraq, kəlağayının yelən hissəsindən başlanırdı.[5] Əsas naxışlar da elə yelənə salınır və orta hissə, adətən, saya saxlanırdı.[5] Basmaqəlib ustaları hər vəchlə materiala qənaət etməyə çalışırdılar.[5] Bunun üçün ilk "qondarma" kəlağayının öz təbii rəngindən götürülürdü.[5] Usta əməliyyatı qəlibi yağa batıraraq kəlağayının kənarı boyunca ardıcıl, simmetriyanı pozmadan, diqqətlə basaraq yerinə yetirirdi.[5] Bunun üçün ustadan alıcı göz, yüksək səriştə, əldən itilik tələb olunurdu. Birinci qondarmanı yerinə yetirdikdən sonra kəlağayının həmin hissəsi əllə dəstələnib yığılır, qalan hissə, yəni yağ örtüyü çəkilməmiş hissə qarğıya sarınırdı.[5] Növbəti əməliyyatla kəlağayının yeləni nəzərdə tutulmuş rəngaba salınıb boyanırdı.[5] Rəng tutduqdan sonra məmulatı sıxaraq asıb qurudur, yenidən boyaq masasının üzərinə sərərək rəngdən gül götürülürdü.[5] Basma əməliyyatı başa çatdıqdan sonra kəlağayıları sabun qatışıqlı qaynadılmış su ilə dolu qazanlara dolduraraq piy-rəng kütləsi təmizlənənə qədər yuyur və iplərdən asaraq qurudurdular.[5] Qurudulmuş yaylıqları dörd-dörd dəstəçin edib hamarladıqdan (ütülədikdən) sonra "məngənə" adlanan dəzgahda iki taxta arasında yerləşdirir və taxtaları yanlardan vintlərlə bərkidirdilər.[5]
Kəlağayılar taxta məngənə arasında 2–3 saat ərzində sıxılmış vəziyyətdə saxlandıqdan sonra onların bir üzünü açıb ipə asırdılar.[5] Nəmliyi bir qədər çəkildikdən sonra onları sərgidən yığıb qatlayır və yenə də dəstə halında üst-üstə yığaraq ikinci dəfə məngənəyə verirdilər.[5] Dəstəçin edilmiş kəlağayı bu vəziyyətdə bir gün ərzində qalıb "qatını götürürdü".[5]
Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən — sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.[17]
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı nümunəılərində, dastan, qoşma, gəraylı və bayatılarında, xüsusilə də aşıq poeziyasında kəlağayı, çalma, çarqat haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır. Məsələn:
Kəlağayın ucu sarı,
Açılır könlüm qubarı,
Söylə görüm kimin yarı,
Yaxan düymələ, düymələ!
Bir sıra aşıq qoşmalarında telləri qızıl düymələrlə, sinələri əlvan muncuqlarla, qulaqları aypara, minarə sırğalar, belləri zərbaf kəmərlə, bədənləri çəpkənli, əlvan naxışlı köynəklə, güllü-butalı kəlağayılarla (çarqatla) bəzənmiş, sürməli qaş-gözlü el qızları, el gəlinləri tərənnüm olunmuşdur:
Başına örtübdür kəlağayı gəzər,
Əyri tel üstündən qızıl düymələr.
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəzər.
Şairi Səməd Vurğun da öz əsərlərində al qumaş, atlas, al şal, tirmə şal, xara və s. kimi ipək parçaların adlarını çəkmiş, qız-gəlinlərin öz geyim dəstində ipək parçalara daha çox üstünlük verdiklərini xüsusi vurğulamışdır.[5] Şairin yaşadığı dövrdə də kəlağayının Azərbaycan qadınının əsas baş geyim növü olması faktını onun dillər əzbəri olan aşağıdakı misraları da təsdiq edir:
...Gecənin sarvanı o ulduz, o ay,
Anamın örtdüyü sarı kəlağay.
Sözümdə qalmışdır ömrüm uzunu,
Bəlkə də şairin taleyidir bu...
Kəlağayıya həsr olunan digər ədəbi əsərlərdən Sərraf Şiruyənin "Kəlağay" şeirini, Şamo Nərimanoğlunun "Kəlağayı" hekayəsini,[18] Rüfət Əhmədzadənin "Kəlağayı ilə striptiz" əsərlərini qeyd etmək olar.[19]
Təsviri incəsənətdə
[redaktə | mənbəni redaktə et]Azərbaycan rəssamlarının çəkdiyi əsərlərdə kəlağayının geniş təsvirinə yer verilir.[1] Erkən orta əsrlərin rəsm əsərlərinin üzərində buta forması olan kəlağayılar qadınların baş örtüyü kimi Azərbaycan xalqına məxsus geyimlər arasında xüsusilə seçilir.[1] Kəlağayıya həsr olunan rəsmlərdən Səttar Bəhlulzadənin 1973-cü ildə çəkdiyi "Kəlağayı ilə natürmort"-u qeyd etmək olar.[20]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Azərbaycan ipəyindən kəlağayılar
-
Azərbaycan ipəyindən kəlağayılar
-
Kəlağayının hazırlanması
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Azərbaycan qadınlarının gözəllik simvolu - kəlağayı..." www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Certificate confirming Kalagayi art as UNESCO's heritage presented to Azerbaijani First Lady". report.az. report.az. Archived from the original on 2022-04-07. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 "Kəlağayılar". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "AZƏRBAYCAN KƏLAĞAYISI HAQQINDA BİR NEÇƏ SÖZ". 2017-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 "Azərbaycan kəlağayısı haqqında bir neçə söz". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Basqal kəlağayı muzeyi". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ Yuxarıda get: 1 2 3 4 5 "Sahib olduğumuz dəyərli incilərimizi qorumalı, onları öz məişətimizdə yaşatmalıyıq". www.serqqapisi.az. www.serqqapisi.az. 2016-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- ↑ ""KƏLAĞAYI" İPƏK MƏRKƏZİ YARADILMIŞDIR". azertag.az. azertag.az. Archived from the original on 2017-06-12. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "İpəkli yollar". bakucorner.az. bakucorner.az. Archived from the original on 2022-02-21. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ Yuxarıda get: 1 2 "Kəlağayı, yoxsa ərəfat şərfi?". www.anspress.com. ANS. Archived from the original on 2022-01-17. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ Yuxarıda get: 1 2 "Kələğayı istehsalçısı: "Rəhbərliyin dəstəyi olmasa çox çətindir"". www.bbc.com. BBC. Archived from the original on 2023-05-28. İstifadə tarixi: 24 iyun 2016.
- ↑ "Азербайджанские келагаи пополнили список ЮНЕСКО". mir24.tv (rus). mir24.tv. 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Kəlağayı və ipəkçilik sənətimiz İordaniyada "Diplomatik bazar"da". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Azərbaycan kəlağayısının Parisdə butiki təşkil edilib". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Cıdır". anl.az. anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Dövlətçilik tariximiz milli adət-ənənələrimizdən qaynaqlanır". anl.az. anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Baş örtüyü - kəlağayı". www.anl.az. www.anl.az. Archived from the original on 2022-06-12. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ Şamo Nərimanoğlu. "Kəlağayı". Xəzan (azərb.). 3. 23.06.2016: 35–36. (#accessdate_missing_url)
- ↑ "Anonim qəhrəmanın demək istədikləri". publika.az. publika.az. Archived from the original on 2015-03-19. İstifadə tarixi: 24 iyun 2016.
- ↑ "Qalereya". www.azerbaijans.com. www.azerbaijans.com. Archived from the original on 2021-11-27. İstifadə tarixi: 22 iyun 2016.