Ümid dəniz strukturu

Ümid qaz yatağı
Ölkə  Azərbaycan
Kəşfi2010
İstismarı2012
Ehtiyatı200 × 109 m3
Hasilatçı:SOCAR

"Ümid" dəniz strukturu — Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağı

"Ümid" yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.

O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir ("Bulla-dəniz" yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.

1977–1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib.

2009-cu ilin iyununda "Ümid" dəniz strukturunda işlərin görülməsi üçün SOCAR "Ümid" MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i "Nobel Oil Exploration & Production" (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.

2009-cu ilin avqustunda "Sahil" qazma işləri idarəsi (SOCAR-ın strukturu) "Ümid"də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan "Ümid-1" stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2–3 dəfə azaldır.

2010-cu il noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilirdi. Bu zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirakçı olan bir-neçə jurnalistə "özəl" bir xəbər verir: "2009-cu ilin avqustundan bəri "Ümid" dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib".

Bu, bir sensasiya idi, çünki "Şah-dəniz" yatağının açılmasından sonra Xəzərdə hələ yeni qaz laylarının kəşf edilməsi olmamışdı.

Elə həmin gün əlamətdar hadisə ilə bağlı SOCAR rəhbərliyini tam tərkibdə Azərbaycan Prezidenti İlham Əliyev də qəbul etdi. Onun ilk sözü faktiki olaraq bu oldu: ""Ümid" ümidimizi doğrultdu".

SOCAR rəhbərliyi ilə görüşünün yekun nitqində Prezident "Ümid"in əhəmiyyətini belə səciyyələndirmişdir: "Mən çox şadam ki, "Ümid" yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir".