Akif Əliyev (şəhid)

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Əliyev Akif Yasim oğlu
əsgər
15 mart 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda doğulmuşdur. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunmuşdur. 20 noyabr 1991-ci ildə Milli Orduya könüllü getmişdir. Sıravi əsgər 702-ci hərbi hissənin avtomatçısı idi. 07.10.1992-ci ildə Ağdərə rayonununda həlak olmuşdur. Bakı şəhərinin Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.[1]
2.
Əliyev Arzu Yaqub oğlu
polis
1963-cü ilin avqust ayında Oğuz rayonu Padar (Oğuz) kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb.[2] 1990-cı ilin dekabrında Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, onula birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri Mikayıl Cəbrayılov idi. Doğulduğu Padar kəndində dəfn edilmişdir.[3] Oxuduğu Padar kənd tam orta məktəbinə və Oğuz şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.
3.
Əliyev Elbrus Əsgər oğlu
əsgər
17 iyun 1962-ci ildə Ağdaş rayonunun Ağalı kəndində anadan olmuşdur. 1969-cu ildə Nizami adına şəhər orta məktəbin birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra "Kommunist" sovxozunda fəhlə işləmişdir. 1982-ci ildə Bakıda 14 saylı Texniki Peşə məktəbinə daxil olur. Bitirdikdən sonra Səngəçal Dəniz Neft-Qaz çıxarma idarəsində Qazmaçı işləyib. Daha sonra rayona qayıdaraq, burada yenidən Texniki Peşə məktəbinə daxil olub və sürücülük sənətinə yiyələnib. 1989-cu ildə ailə həyatı qurub və Dilşad və Elvin adında iki övladı var. Sonradan yenidən Bakıya qayıdaraq Qaradağ rayonunda Neftçi peşəsini davam etdirmişdir. 15 avqust 1992-ci ildə şəhid olmuş, 1992-ci il avqustun 17-si Ağal kənd qəbiristanlığında torpağa tapşırılır.
4.
Əliyev Elsevər Allahverdi oğlu
leytenant
1 mart 1971-ci ildə Vedi rayonunun Arazdəyən kəndində doğulub. Orta məktəbi elə həmin kənddə bitirib. Daha sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Çexoslovakiyada başa vurduqdan sonra Bakıya qayıdır. Həmin illərdə artıq Azərbaycanda Qarabağ müharibəsi başlamışdı. Hərbi xidmətdən leyetenant rütbəsilə qayıdan Elsevər Əliyev 1993-cü ildə könüllü olaraq birbaşa döyüş bölgəsinə yollanır. Leytenant Elsevər Əliyev taqım komandiri kimi TərtərKəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə ağır yaralandıqdan sonra hospitala yerləşdirilib. Hospitalda bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. İki il davam edən döyüş yolu 1995-ci il Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanması ilə nəticələnir. Yenidən hospitala yerləşdirilən Əliyev Elsevər 1995-ci il dekabr ayının 22-də aldığı yaralardan vəfat edir. Xətai rayonundakı Günəşli qəbiristanlığında dəfn olunub.[4]
5.
Əliyev Kərəm Qədim oğlu
əsgər
1973-cü ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş,[5] orta məktəbi bitirmişdir (1990). Hərbi xidmətə çağırılmışdır (5. avqust 1992). Döyüş yolu Kəlbəcər bölgəsindən keçmişdir. 29 sentyabr 1992-ci ildə Pircahan kəndi uğrunda gedən döyüş zamanı Şəhid olmuşdur. Cərcis Peyğəmbər Ziyarətgahında yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.[6] Əlinəzərli kənd 2 nömrəli orta məktəbi adını daşıyır.
6.
Əliyev Mirzalı Əliyar oğlu
əsgər
22 may 1961-ci ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. 1992-ci ildə şəhid olmuşdur. Ağdaş rayonu Pirəzə kəndi tam orta məktəbi Mirzalı Əliyevin adını daşıyır.[7]
7.
Əliyev Natiq Sevindik oğlu
Polis Baş serjantı
20 yanvar 1971-ci il tarixində Ağdərə rayon Sırxavənd kəndində anadan olub. Natiq Rusiyanın Amur vilayətində hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra, Qarabağ müharibələri başlanan zaman Sırxavənd batalyonuna qoşulur. 1992-ci il martın 5-də Qazançı kəndinin ermənilərdən təmizlənməsində Natiq döyüşün önündə gedərək ermənilərin bir tankını və bir neçə silahlısını məhv etdi. Cəsur döyüşçü Naxçıvanik, Xramord, Aranzəmin, Pircamal, Ağbulaq kəndlərində şücaət göstərir. Fərrux kəndi uğrunda gedən döyüşlərin birində həmişə ön xətti olan Natiq ağır yaralandı. Hərbi hospitalda bir müddət müalicə olunduqdan sonra yenidən düşmənlə üzbəüz səngərə qayıdır. 1993-cü ilin fevralında Daşbaşı yüksəkliyi uğrunda gedən qanlı savaşda dörd nəfər silahdaşı ilə birlikdə gizli yollarda düşmən qüvvələrinin arxası ilə keçərək onlara sarsıdıcı zərbələr endirirlər. Natiq Daşbaşı yüksəkliyinə birinci qalxaraq Azərbaycan milli bayrağını əlçatmaz mövqeyə taxdı. Göstərdiyi igidliyə görə batalyon taqım komandiri seçildi. 1993-cü ilin mart ayında Natiq könüllü olaraq Ağdərə RPŞ-də işə qəbul olunur. Marquşevan, Lelinavan, Çaylı, Madakis, Çardaxlı, Akop Kamari, Ortakənd, Dəmirli, Mehmanə, Drombon, Qızılqaya, Çıldıran, Külyataq, Çanyataq, Dovşanlı, Ballıqaya, Aterk, Qozlu, Umuddu və bir sıra başqa kəndlərin erməni quldurlarından təmizlənməsində, əsl qəhrəmanlıq göstərdi. Ağdərənin azad edilməsində də Natiqin böyük əməyi olmuşdu. 1994-cü ilin may ayının 6-da düşmən böyük qüvvə ilə Ağdərə rayonunun 3 N-li Savxozuna hücumuna keçmişdi. Döyüş ərzində o öz pulemyotu ilə düşmənin 35 döyüşçüsünü və bir texnikasını məhv etmişdi. Bu faktı girovlar dəyişdiriləndə düşmən tərəf bildirib. O, Ağdərənin Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olur. Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır.[8] 30 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
8.
Əliyev Rauf İsmayıl oğlu
polis
1973-cü il iyunun 25-də anadan olub.[9] Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub. Daxili Qoşunların sıralarında sıravi hərbi qulluqçu kimi xidmət edən Rauf, nizam-intizamı və nümunəvi xidməti ilə təkcə komandirlərinin deyil, yoldaşlarının da hörmətini qazana bilib. Sıravi R. Əliyev Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu. Rauf bəxtinə yazılan ömrünün 19 ilini şərəflə yaşadı və qəhrəmanlığı ilə əbədi ölümsüzlük – şəhidlik qazandı. R. Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən "Azərbaycan Respublikasının Fəxri Fərmanı" ilə (ölümündən sonra) təltif edilib.
9.
Əhmədov Daşqın Qonsur oğlu
əsgər
1970-ci il 16 aprelda Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.1988–1990-cı illərdə hərbi xidmət keçmişdir.[10] Xocalı faciəsindən sonra 21 mart 1992-ci ildə Sabirabad rayon hərbi komissarlığına müraciət edərək könüllü olaraq Qarabağa döyüşə getmişdir. Daşqın Əhmədov Ağdam ətrafında gedən döyüşlərdə özünü cəsur komandir kimi göstərmiş, düşmənin 2 BMP-ni, 26 nəfər canlı qüvvəsini məhv etmişdir. 1992-ci il 4 sentyabrda Ağdamın Pircamal kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur.[11] Daşqın Əhmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Sərəncami ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[12]
10.
Əhmədov Natiq Vahid oğlu
əsgər
1976-cı ildə Ağdaş rayonunun Kükəl kəndində anadan olub. 1994-cü ildə şəhid olmuşdur. 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərara əsasən Ağdaş rayonu Kükəl kəndi tam orta məktəbi Natiq Əhmədovun adını daşıyır.[13]
11.
Əhmədov Ramin Viktor oğlu
əsgər
23 may 1981-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. 1 sentyabr 1987-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1998-ci ildə orta məktəbi bitirmişdir. Atası Viktor 14 avqust 1990-cı ildə rəhmətə getmiş, anası və qardaşı ilə birgə yaşamalı olmuşlar. Ona görə orta məktəbi bitirdikdən sonra 1998-ci ilin iyun ayında Rusiyaya qazanc dalınca gedir. Orada 1 il qaldıqdan sonra hərbi xidmətə getmək üçün Azərbaycana qayıdır. 2 iyul 1999-cu ildə Goranboy Rayon Hərbi komisarlığindan hərbi xidmətə gedir. Beyləqan rayonunun "N" saylı hərbi hissəsində 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirir. 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirən Ramin, əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olmuşdur. 5 may 2000-ci ildə doğulduğu Fəxralı kəndində dəfn olunmuşdur. 24 sentyabr 2013-cü ildə Şəhid statusu almışdır.
12.
Əhmədov Sahib Nəriman oğlu
əsgər
8 dekabr 1953-cü ildə Laçın şəhərində anadan olub. 1970-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. 1972-ci ilin noyabr ayında Sovet Ordusunda xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini başa vurmuşdur. Uzun müddət Laçın Rayon İstehlak Cəmiyyətində işləyib. Ailəli idi, iki övladi yadigar qalıb. 1990-cı ildə könüllülərdən ibarət Laçın batalyonuna daxil olub, erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci ilin may ayında rayonun işğalından sonra Sahib polis batalyonunun tərkibində Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin noyabrına qədər 811 saylı hərbi hissənin tərkibində taqım komandiri olaraq döyüşmüşdür. O Ermənistanla sərhəddin ən qaynar postlarında, xüsusən 31-ci postda xidmət göstərmişdir. 1992-ci ilin dekabrından isə Laçın rayon polis idarəsinin tərkibində yaradılmış polis batolyonuna yazılaraq Murovdağ istiqamətində döyüşmüşdür. 1993-cü ilin ortalarında Laçın rayonunun cənub-şərq kəndləri Güləbird, Səfiyan və Fərəcan kəndlərini erməni işğalçılarından qorumaq üçün yenidən 811 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. 1993-cü il avqust ayının 18-də rayonun Səfiyan, Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin onun cəsədini götürmək mümkün olmamışdır. Ailəli idi, İlhamə və Azər adlı övladları var.
13.
Əsədov Əzizağa Mirzəağa oğlu
əsgər
23 dekabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hacıqabul rayonu 1 saylı orta məktəbi bitirib.

Əzizağa Əsədov 1992-ci ildə Şirvan şəhərindən hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Əzizağa Əsədov 1993-cü ilin 2 yanvar tarixində Laçın rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul şəhərində dəfn olunmuşdur. Subay idi.

14.
Əsgərov Rəmzi Əsgər oğlu
əsgər
1967-ci il yanvarın 21-də Laçında anadan olub. Evin üçüncü oğlu idi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur. O dövrki qanunlarda əsgərlik yaşı çatan bütün gənclər hərbi xidmətə gördərilirdi. Gənc Rəmzi də ali təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Moskva ətrafındakı hərbi hisələrdən birində qulluq edir. İki illik hərbi xidmətdən sonra yenidən Azərbaycana dönür, ali təhsilini davam etdirir. 1988-ci ilin fevralından başlayan çaxnaşma Qarabağın bütün bölgələri kimi Laçında da özünü göstərdi. Belə bir vəziyyət gənc və inadkar Rəmzini Laçına dönməyə vadar etdi. O, institutun V kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub Laçına – vətəninin müdafiəsinə yollandı. 1992-ci il mayın 25-də Laçının Güləbird kəndi uğrunda gedən gərgin döyüşlərdə Rəmzi qəhrəmancasına həlak olur.[14]
15.
Əsgərov Şahlar Firudin oğlu
əsgər
5 yanvar 1962-ci ildə Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan olmuşdur. Füzuli rayonunun Qarğabazar kəndindəki Pənah Qasımov adlı orta məktəbdə başa vurub. 1983-cü ildə ailə qurandan sonra Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda çilingər işləməyə başlayıb. 1993-cü ilin noyabr ayının 5-də könüllü olaraq "Qaradağ batalyonu"nun tərkibində cəbhəyə yola düşüb. 1993-cü ilin noyabr ayının 17-də Şahlar Əsgərovun xidmət etdiyi batalyon Murovdağa yola düşür. 1994-cü ilin yanvarın 3-də Kəlbəcərin bir kəndi uğrunda döyüşdən qayıdanda Murovdağda batalyonun bir neçə əsgərləri qar uçqununa düşüb həlak olurlar. Şahlar Əsgərovda həmin qar uçqununa düşərək şəhid olur. 1994-cü ildə Qaradağ rayonunda dəfn edilib. Qaradağ rayonu Sahil qəsəbəsində küçələrdən biri Şahlar Əsgərovun adını daşıyır.
  1. Əliyev Akif Yasim oğlu // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). III cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2001. səh. 581.
  2. Oğuz polisi şəhid həmkarının ailəsini ziyarət etdi
  3. "Bu da ilk şəhidə "sayğımız"". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  4. Birinci Qarabağ müharibəsi şəhidləri (Ə) // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). III cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2001. səh. Əliyev Elsevər Allahverdi oğlu.
  5. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  6. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  7. "Arxivlənmiş surət". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  8. X.Rzaquliyev, R.Quluzadə. "Ağdərədə nələr oldu". 1995.
  9. "Badamdar şəhidləri" abidə-kompleksi bərpa edilib [ölü keçid]
  10. "1992-ci il Qarabag doyusunden video (1-ci hisse)". 2024-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-21.
  11. ""Azərbaycan bayrağı" ordenli VƏTƏN FƏDAİSİ". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  12. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarı
  14. "Rəmzi Əsgərov". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.