Fəxralı

Fəxralı (və ya Faxralı) — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd.[2]

Fəxralı
40°44′52″ şm. e. 46°33′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Goranboy rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 197 m
Saat qurşağı
Əhalisi
Əhalisi 2710 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2218[1]
Digər
faxrali.info
Fəxralı xəritədə
Fəxralı
Fəxralı

Gəncə-Qazax düzənliyindədir. Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşir.

1918–1920-ci illərdə Azərbaycan Xalq Cumhuruyyətinin xəritəsinin bir hissəsi. Xəritədə Fəxralı kəndi Fərəhli kimi yazılmışdır. Faxralı kəndi isə iki yerdə qeydə alınmışdır: Gəncə qəzasında GəncəCavanşir qəzalarının sərhəddində Yevlax ilə Gülüstan arasında; Ərəş qəzasında Əlican çayının kənarında (Xanabad-Faxralı).

Fəxralı kəndi qədim kənddir. Tarixi tam dəqiqləşdirilməyib. Uzaq keçmişdən üzü bəri Fəxralılar Azərbaycan ərazində və onun sərhədlərindən kənarda müxtəlif coğrafi məkanlarda yaşamış, ən sərt məqamlarda belə öz mədəniyyətlərinin inkişaf etdirilməsini unutmamış, gələcək nəsillər üçün zəngin ənənə, qiymətli irs və çoxlu yadigarlar yaratmışlar. Onların qədim izlərinə və zəngin yardıcılıq nümunələrinə Azərbaycanın hər guşəsində və həmçinin Azərbaycanın hüdudlarından kənarda rast gəlmək mümkündür.

Tarixi qaynaq və mənbələrdə Fəxralıların adı ilə bağlı toponimlər, hidronimlər, sənətkarlıq nümunələri "Faxralı", "Fəxralı", "Fəxrəli", "Fahralı", "Fəhralı", "Fəhrəli", "Fərəhli", "Fərəxli", "Fəraqlı", "Faxlaro" və. s. kimi adlandırılır.

B.Ə.Budaqov və N.G.Məmmədov "Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahli Lüğəti" kitabının 3-cü cildində F.Kirzioqlunun "1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancaklari" əsərinə istinad etməklə 1588-ci ilə aid mənbədə Gəncə sancağında "Təmir-həsən aranı" qışlaq yerində qışlayan bir oymağın Yuvəli-Fəxrəli (bax: Evli) adlandığını,[3] başqa yerdə isə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığını qeyd etmişlər.[4] Əsli İvəli olan Yuvə və Yuva Səlcuq oğuzlarının İvə (Yivə) tayfasının adını əks etdirməklə yanaşı həmçinin bir fərqlilik (başqa Fəxralıların olması) funksiyası da daşıyır.

Təmir-həsən aranı, İsmayıl bəy Qutqaşınlı "Səfərnamə" əsərində yazdığına görə Xram çayı üzəridəki Sınığ körpüdən (indiki Qırmızı körpüdən bir az aşağı) keçdikdə sağ tərəfdə Dəmirçi Həsən mahalı və sol tərəfdə Baydar, ondan bir az uzaq Borçalı mahalının kəndləri yerləşir, əhalisi müsəlmandırlar (səh.73).[5]

Dəmirçi Həsən mahalı eyni yerdə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cumhuruyyətinin xəritəsində də qeyd olunmuşdur.

1727-ci ildə tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə qəzasının Kürəkbasan və Böyük Kürəkbasan nahiyələrində Faxralı camaatı, onların qışlaq, yaylaq, əkin-biçin yerləri və 161 nəfərdən ibarət vergi ödəyicilərinin siyahısı yer almışdır. Mənbədə qeyd edilir:

— Kürəkbasana tabe olan Ağcabəy kəndi. Kənd Ağcabəy çayının kənarında yerləşir. Ağcabəy kəndinin yaxınlığında yerləşən başqa adı Ələkli olan Badik məzrəəsini Ağcabəy kəndinin rəiyyətləri və Faxralı camaatı əkib-becərir (səh.130).[6]

— Kürəkbasana tabe olan Hacı Əlili camaatı. Bunlar Böyük Kürəkbasan nahiyəsində Sorluq Cəyirli kəndində qışlayır, Şəmkürbasanda yaylayırlar. Hacı Əlili camaatından əldə edilən gəlirə, Faxralıdan əldə edilən gəlir də əlavə edilirmiş. Üşr və behrə gəlirlərini torpaq sahiblərinə verirmişlər. Dəftər hazırlandıqdan sonra Şirvan torpaqlarına köçüb getmişdilər (səh.145–146).[6]

— Böyük Kürəkbasana tabe olan Faxralı camaatı. Bu camaat Kürəkbasan nahiyəsinə tabe olan Ağcabəy kəndi, Səradan (?), Hezarəhməd və başqa kəndlərdə pərakəndə halda qışlayır, Şüturabad nahəyəsində yaylayırlar. Üşr vergisini Kürəkbasanda olan sultan xasslarının işlərini idarə edən şəxsə (sərkar) verirlər (səh.154).[6]

Mənbəədə adı çəkilən Ağcabəy çayı, indiki Fəxralı kəndinin ortasından keçən Ağcabəy (el dilində Axçabəy) arxı olduğu ehtimal edilə bilər. "Faxralı arxı" kimi də adlandırılan bu arx mənbəyi Kürəkçay nahiyəsi olmaqla Fəxralı kəndi daxil olmaqla bir çox kəndlərin içməli və suvarma suyu ilə təmin edilməsi üçün əsas su mənbəyi olmuşdur. Son illər (~1970) yuxarıda yerləşən kəndlərdə su tələbatının artması ilə əlaqədar olaraq arxın suyu Fəxralı kəndinə gəlib çatmır. Hal-hazırda təsərrüfat su tələbatı subartezian quyuları və yeni istifadəyə (2018) verilmış "Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleksi" vasitəsi ilə ödənilir. İçməli su təchizatı isə boru kəməri vasitəsi ilə təmin edilir.

Şamaxı rayonunda Saqiyan kəndinin yanında yerləşən Fəxrəküş gölünün (Saqiyan gölü də adlanır) adının Faxralılar ilə əlaqəli olduğu bildirilir ki, bu da Faxralıların həqiqətən Şirvana köç etməsini təsdiqləyir. Gölün kənarında vaxtilə Fəxrəküş adlı köç olmuş və göl həmin köçün adı ilə adlandırılmışdır. Fəxrəküş- Fəxri (fəxralı) və küş (bir hissə, parça) komponentlərindən düzəlib, "fəxralıların bir hissəsi" deməkdir (s.191).[7]

1824-cü il siyahıya alınmasına görə Şəki əyalətinin Şəki mahalında Fəxralı adlı kənddə 62 evin olduğu və 286 nəfər əhalinin yaşadığı bildirilir (səh.41).[8]

Fərhad Mirzə Qacar "Səfərnamə" əsərində 18 mart 1876-cı il tarixində Şəkidən Çomaxlıya yola düşdüklərini, Şəkidən Gəncəyə getmək üçün Çomaxlıya gəlməyin və Ərçən dağından keçməyin vacib olduğunu, bu ərazilərdə əhalisi müsəlman olan Böyük Dəhnə, Kiçik Dəhnə, Suiçmə, Fəxr Əli, Cağır Əli və b. kəndlərin olduğunu, Fəxr Əli və Cağır Əli kəndlərini Ərciyan çayı ilə suvarılan düzənliyin şərqində yerləşdiyini və hər iki kəndin əhalisinin şiəməzhəbli olmasını qeyd etmişdir(səh.41).[9]

Eyni adlı kəndlər 1918–1920-ci illərdə Azərbaycan Xalq Cumhuruyyətinin xəritəsində də qeyd olunmuşdur. Faxralı kəndi isə iki yerdə qeydə alınmışdır: Gəncə qəzasında Gəncə ilə Cavanşir qəzalarının sərhəddində Yevlax ilə Gülüstan arasında və Ərəş qəzasında Əlican çayının kənarında (Xanabad-Faxralı). Xəritədə indiki Fəxralı kəndi isə Fərəhli kimi yazılmışdır.

1897-ci il siyahıya alınmasında Yelizavetpol quberniyasınnın Yelizavetpol qəzasında kəndin adı Faxralı (Fərəhli) kimi yazılmış və əhalisi müsəlman olmaqla 539 (302 kişi, 237 qadın) nəfər olduğu bildirilir (səh.32).[10]

Fəxralı kəndinin adının bir mənbəədə "Fərəhli", digərində isə "Faxralı (Fərəhli)" kimi yazılışı, bəzi tədqiqatçıların Fərəhli oykoniminin əslinin Fəxrəli olduğu fikrini tamamlayır.

Qeyd etmək lazımdır ki, siyahıya əhalisi 500 və daha çox olan yaşayış məntəqələri daxil edilmişdir. Ona görə ƏrəşQazax qəzasının eyni adlı kəndləri siyahıda əks olunmamışdır.

Qazax nahiyəsinin 1860-cı ilə aid Kameral təsviri sənədində Faxralı və Fərəhli kəndləri ayrılıqda qeydə alınmış və sakinlərinin hamısının islam dininə mənsub olan tatarlar olduğu, müvafiq olaraq Faxralı kəndində 16 ailədə 38 kişi və 26 qadın olmaqla cəmi 64 nəfər (səh.307), Fərəhli kəndində isə 37 ailədə 136 kişi və 117 qadın olmaqla cəmi 253 nəfər (səh.310) yaşadığı bildirilir.[11]

1861-ci ilə aid Qafqaz xəritəsində Kür çayı sahilində Xaldan yaxınlığında Vaxralı adlı kənd qeyd olunmuşdur. Kəndin Faxralı olması ehtimal olunur.

2004–2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı ilə əlaqədar Goranboy rayonunun Faxralı kəndindən şimalda aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş tapıntıların tədqiqi Faxralı yaşayış yerinin IX–XII əsrlərə aid olmasını müəyyən etmişdir.[12] Alınmış nəticələr Fəxralı kəndinin yalnız orta əsrlər dövrünün tarixini əks etdirir.

Z. Həmidov "Faxralı-necə varsa" kitabında kəndin mərkəzində vaxtı ilə mövcud olmuş (sovetlər dövründə dağıdılmış(~1947-ci il)) məscidin ətrafında eradan əvvəl III–II minilliyə aid küp qəbirlərin tapılmasını və eləcə də kəndin adını daşıyan "Fəxralı" xalçalarında əks olunan dini-astronomik və həndəsi-fəlsəfi-estetik təsəvvürləri geniş analiz edərək kəndin tarixinin daha qədim olması qənaətinə gəlmişdir.

Tarixi-coğrafi xronika göstərir ki, Faxralılar qədim turk tayfa birliyi olaraq daima hərəkətdə olmuş üzun yollar qət etmiş, bu yollar boyunca Gəncə-Qarabağ (Ərəş nahiyəsi daxil), Gəncə-Qazax, Borçalı və b. mahallarda paralel olaraq müxtəlif düşərgələr salmış, həmin düşərgələrdə heyvandarlıq, əkinçilik və sənətkarlıqla məşğul olmuşlar. Onların bir çoxu başqa kəndlərə qarışmış, yalnız Goranboy rayonunun Fəxralı, Gürcüstan Respublikasının Borçalı mahalındakı Faxralı (1991-ci ildən Talaveri) və Türkiyə Respublikasının Yozğad vilayətinin Çayıralan mahalındakı Fahralı kəndi öz yurd yerlərini qoruyub saxlaya bilmişlər.

Azərbaycan dilinin dialektlərində faxralı "ağıllı, bilikli, savadlı" deməkdir. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrdə baş vermiş siyasi hadisələrlə əlaqədar Gürcüstanın Borçalı mahalındakı Faxralı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Köçüb gələnlər köhnə yaşayış məntəqəsinin adını məskunlaşdıqları yeni kəndə vermişlər (səh.271).[7]

Əks fikirlər də mövcuddur. Rəşid Faxralı – "Oğuz eli Faxralı" kitabında Borçalı mahalındakı Faxralı kəndində ilk ocağı XVII əsrin əvvəllərində Qarabağdan gəlmiş Alı və Hüseyn qardaşları çatdığını bildirir.[13]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2710 nəfər əhali yaşayır.[14]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Qaçaq Camal — Tanınmış bəy və qaçaq.
  • Yaqub Əfəndiyev — Fəxralı kəndində ilk yeni tipli məktəbin yaradıcısı. "Lenin" ordeni mükafatçısı.
  • Qurban Qurbanov (İbrahim oğlu) — Qırmızı Əmək Bayrağı Ordenli kənd təsərrüfatı mütəxəssisi.
  • Bəşir Musazadə — Azərbaycanda qabaqcıl kənd təsərrüfatı mütəxəssisi. İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1968). Sosialist Əməyi Qəhrəmanı (1948).
  • Rafil İmanov — Riyaziyyatçı, əməkdar müəllim və pedaqoq.
  • Rahib Mustafayev — Fəlsəfə elmləri namizədi.
  • Əlövsət Sadıqov — Biologiya elmləri namizədi.
  • Afəddin Həmidov — İqtisad elmləri namizədi.
  • Kamil İbrahimov (Cəlal oğlu) — Texnika elmləri namizədi.
  • Gözəl İbrahimova — Kimya üzrə fəlsəfə doktoru.
  • Firdovsi Məmmədov — Həkim-nevropotoloq, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
  • Şükür Mehdiyev — Polis polkovniki.
  • Kərəm İbrahimov — Polis polkovniki.
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. B.Ə.Budaqov, N.G.Məmmədov. "Ermənistanda Azərbaycan Mənşəli Toponimlərinin Ensiklopedik Lüğəti. III cild". azkurs.org (az.). 2020-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019.
  4. B.Ə.Budaqov, N.G.Məmmədov. "Ermənistanda Azərbaycan Mənşəli Toponimlərinin Ensiklopedik Lüğəti. III cild". azkurs.org (az.). 2020-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019.
  5. Tərtib edəni və elmi redaktoru Ədalət Tahirzadə. "Qutqaşınlı Hacı İsmayıl bəy. Əsərləri. Bakı, "Lider nəşriyyatı", 2005, 224 səh" (PDF). http://kitabxana.net/ (az.). 2022-03-20 tarixində arxivləşdirilib (PDF).
  6. 1 2 3 Ön söz,tərcümə, qeyd və şərhlərin müəllifi: Hüsaməddin Məmmədov (Qaramanlı). "Gəncə Qarabağ Əyalətinin müfəssəl dəftəri. [[Bakı]], "Şuşa" nəşriyyatı, 2000. 576 səh". http://kitabxana.net/ (az.). 2023-07-21 tarixində arxivləşdirilib.
  7. 1 2 "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti.İki cilddə. I cild" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. "Şərq-qərb". Bakı-2007. 427 səh. 2019-07-13 tarixində arxivləşdirilib (PDF).
  8. Z.Ə. Cavadova. "Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat). "Altay" nəşriyyatı, Bakı, 1999. 87 səh" (PDF) (az.). http://elibrary.bsu.az/. 2020-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  9. Fərhad Mirzə Qacar. "Səfərnamə. Bakı: "Elm və təhsil", 2017, 426 s." (PDF) (az.). http://elibrary.bsu.az/. 2020-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  10. Тройницкий Николай Александрович. "Населенные места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий, по данным первой всеобщей переписи населения 1897 г./ предисл.: Н. Тройницкий. - Санкт-Петербург : типография "Общественная польза", 1905" (rus). https://rusneb.ru. 2018-08-04 tarixində arxivləşdirilib.
  11. Tərcümə, tərtib, ön söz və qeydlərin müəllifi Nazir Əhmədli. "Qazax nahiyəsinin kameral təsviri. 1860-cı il. Bakı: "Elm və təhsil", 2018, 428 s." (az.). https://www.academia.edu. 2020-04-12 tarixində arxivləşdirilib.
  12. "Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 səh" (PDF) (az.). http://elibrary.bsu.az. 2020-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  13. "Faxralı toponimi və kəndin formalaşma tarixi" (az.). http://faxrali.com. 2021-04-20 tarixində arxivləşdirilib.
  14. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  • Həmidov Z. V. Faxralı — necə varsa. Redaktor: Ümbülbanu Hacıyeva. Bakı: "UniPrint" nəşriyyatı, 2015, 192 səh. ISBN 9789952440013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]