Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.[1] Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.[1] Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.[1] "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.[1] Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.[1]
Xocalı soyqırımı | |
---|---|
Əsas münaqişə: Birinci Qarabağ müharibəsi | |
| |
Ümumi məlumatlar | |
39°54′40″ şm. e. 46°47′21″ ş. u. | |
Yeri | |
Tarix | 26 fevral 1992 |
Ölü sayı |
|
Yaralı sayı | 487 |
Törədən(lər) | |
Girov sayı | 1275 |
Vikianbarda əlaqəli mediafayllar |
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.[3]
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir.[4] Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.[4] Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.[5] İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Və bu qətliam Azərbaycanın ən faciəli hadisəsi olmuşdur.
Xocalı 1991-ci ilin oktyabrından Qarabağdakı erməni separatçılarının blokadasında idi.[4] Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı.[4] Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması[6] və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi.[4] Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.[4]
1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icra etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi, lakin Levon Ter-Petrosyan sonra separatçıların maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, döyüşə öz adamlarının göndərilməsini təkzib edirdi. Ermənistan artıq Azərbaycanın blokadası, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi üz-üzə idi.[7] Fevralın əvvəllərində Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların mülki əhalisi qırğına məruz qalaraq evlərini tərk etməyə məcbur edildilər. Nəticədə ən azı 140 nəfər yaralanmış və 99 nəfər həlak olmuşdu.[8]
Ermənistanın Qarabağla yeganə quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km aralı yerləşən, əhalisi təxminən 6.000–10.000 nəfər olan Xocalı şəhəri idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir. Ermənilər Xankəndidə ermənilərin yaşadığı çoxmərtəbəli binalara 400 Qrad raketlərinin atıldığını iddia edirdi.[9][10] Erməni tərəfi fevralın sonunda azərbaycanlılara hücum barədə xəbərdarlıq etdiklərini və şəhəri təslim etmək barədə ultimatum verir.[10][11][12]
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.[13] Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu.[14] Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.[15]
"Memorial" İnsan Hüquqları Mərkəzinin 25 – 26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2–4 min əhali yaşayırdı.[1] Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu.[1] Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin "Alazan" raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ "rəsmiləri" Xocalıda həmçinin iki ədəd "Qrad" tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər.[1]
Hesabatda hücumun iştirakçılarının, "Artsaxın Milli Azadlıq Ordusu (AMAO)" "Dağlıq Qarabağ Respublikası"nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur.[1] "Memorial" müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin "DQR" rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.[1]
Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.[1][4][16] Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi.[17] Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar.[18][19][20] Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.[21]
Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır.[1] Erməni tərəfi hərbçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.[1]
Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır.[1] İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00–04:00 arası girmişdir. Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladılar[22]. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər var idi.[1]
Əhali şəhəri iki istiqamətdə tərk etdi:[1]
Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200–300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan "Qolfstrim" assosiasiyasının tele-müxbiri I. Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.)[1]
Erməni tərəfinin məlumatına görə hücum edənlər 10–12 nəfər ölüm itkisi vermişdir.[1]
"DQR" rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən "azad dəhliz" saxlanılmışdı. Bu "dəhliz" 100–200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin "dəhlizin" hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.[1]
"DQR" rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür "dəhliz"in mövcudluğu barədə məlumatlandırılmışdır, lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən "azad dəhliz" barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. "DQR" rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə "azad dəhliz"dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır, lakin bunun sübutu üçün "Memorial" müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. "Memorial" müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.[1]
Ağdam və Bakıda "Memorial" müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, "azad dəhliz" barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun "hərbçi"si onu xəbər etmişdir). "Memorial" müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri "azad dəhliz" barədə heç nə eşitməmişdir.[1]
Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir.[1] Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü "Bakinski raboçi" qəzetinin buraxılışında təsdiq olunmuşdur.[1] "Dəhliz"in möcvudluğu barədə "Russkaya mısl" qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir:
Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik...[1] |
Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər.[1] Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – "Xocalıya hücum" bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında "azad dəhliz"lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.[1]
Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi.[1] Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər ("azad dəhliz"ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.
Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır.[1] Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. "DQR" rəsmiləri "Memorial" müşahidəçilərinə "120–130 cəsədin onların razılığı ilə Ağdama" gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyitləri qohumlarına çatdırıldı.[1]
"DQR" rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri "azad dəhliz"də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan "azad dəhliz" istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı), lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.[1]
Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər. Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında 598 yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı.[23] Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur.[23]
Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır.[23] "Memorial" müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır.[23] "Qarabağ" qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir.[1]
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 axısqa türkü qalmışdı.[1] Sakinlərin, hücumun iştirakçılarının, "DQR" rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadələrinə görə qalan sakinlərin hamısı əsir götürüldü və üç gün ərzində Xankəndiyə (təcridxana mərkəzi və nəqliyyat dəstəsinin binasına), Krasniy kəndində saxlama yerinə və Əsgəran rayonunda təcridxanaya aparıldı.[1] "DQR" rəhbərliyinin razılığı ilə onların bəziləri Azərbaycan ərazisində qohumları həbsdə olan erməni ailələrinin xüsusi evlərinə aparıldı.[1]
"DQR" rəsmilərinin məlumatına görə bir həftə ərzində bütün qadın və uşaqlar heç nə alınmadan Azərbaycan tərəfinə təhvil verildi. Hər iki tərəfdən alınan məlumata görə Xocalının həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən tutulan 700 nəfərdən çox əsir götürülmüş sakini 28.03.1992-ci il tarixinə kimi Azərbaycan tərəfinə təhvil verilmişdi.[1] Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə qadın və uşaqlar, həmçinin kişilər "dəyişdirmə vasitəsi" kimi saxlanılırdı. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələri ilə təsdiqlənmişdi: 13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur.[1]
"Memorial" müşahidəçilərinin Xankəndi rayonunda yerləşən əsir götürülmüş Xocalı sakinlərinin və Azərbaycan silahlı birləşmələrinin əsir götürülmüş üzvlərinin (onların hamısı münaqişə zonasında "girov" kimi müəyyən olunur) saxlanıldığı təcridxana mərkəzində keçirdiyi baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən olundu.[1] Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri görünürdü. Şifahi şəkildə alınan məlumatlara görə əsirlər müntəzəm surətdə döyülürdülər.[1] Həmçinin o da qeyd edilməlidir ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa imkan verilmişdi.[1]
Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi.[1] Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu. Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar.[1] İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi, lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.[1]
Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.[24] O, erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.[25] Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.[26] Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.[27]
Xocalı mühasirədə olan zaman Xocalı əhalisi Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəfə qaçırdı, çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü tutmuşdular. Xocalı camaatına Əsgərən istiqamətindən kömək etmək mümkünsüz olduğu üçün bir qrup döyüşçü xocalılara kömək üçün plan qurur və Qaraqaya əməliyyatına başlayırlar. Bu əməliyyat yuxarı komandanlığın göstərişi olmadan hazırlanır. Xocalı hadisəsi baş verən günlərdə Qaraqaya ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün Qaraqaya erməni dəstələrindən azad edilir. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilir. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir. Qaraqayanın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində isə xocalıların meyitləri başlayırdı. Həmin ərazilər ermənilərin nəzarəti altında idi[28].
Orada qalan onlarla xocalıların meyitlərinin götürülməsi isə Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov ilə Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutub[28][29]. Belə ki, faciədən iki gün sonra[30] Allahverdi Bağırov Əsgəran yolundakı keçid məntəqəsinə yollanaraq, düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və ona bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdı (həmin vaxt Bağırov ilə o vaxt Müdafiə Nazirliyinin hərbi operatoru olan Seyidağa Mövsümov da getmişdi). Vitali əvvəlcə çəkilişin aparılmasına razı deyildi, ancaq Allahverdinin təkidindən sonra razılaşdı bir şərtlə ki, iki erməni silahlıları azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşandan sonra ermənilərin maşınlarına minib Xocalıya doğru irəlilədilər. Onlarla birgə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Əsgəran qalasının yaxınlığında olan Əsgəran körpüsünə çatanda, məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludu. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mövsümov nə qədər cəhd göstərsə də burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər[31].
Bir az qabağa gedəndə xeyli sayda Azərbaycan döyüşçüsünün cəsədləri göründü. Onlar döyüş vəziyyətində idilər. Onların arasında Əlif Hacıyevin də meyiti var idi. Əlifin sırıqlısının ətəyi üzünə düşdüyünə görə, ermənilər onu tanımadılar, yoxsa, aparmağa imkan verməyəcəkdilər[31]. Ermənilər də meyitlərin arasında bəzi adamları axtarırdılar, məsələn, Aqil Quliyevin cəsədini. Ermənilər Seyidağa Mövsümovdan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşanda, Mövsümov bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil[28]. Əlif Hacıyevin meyitindən bir az qabaqda isə ağsaqqal kişinin meyiti var idi, onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Seyidağa Mövsümov bütün gördüklərinin hamısını lentə köçürməyə çalışırdı[31][32]. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi. Döyüşçülər Qarqarçaya çatanda ermənilər bir yük maşını dolu meyiti körpüdən çayın kənarına tökdülər[29].
Mövsümov və meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin vertolyotla gəlişinin şahidi oldular[29][31]. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz isə döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı və Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Mustafayevdən başqa Mövsümov orada digər müxbirləri də görmüşdü. Onlardan biri "Səhər" qəzetinin müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi[31]. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə vertolyotla gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi[33]. Mustafayev göydən cəsədləri yığan[28] azərbaycan döyüşçülərini də görmüşdü[34]. Pilotlar əvvəlcə enmirdilər, çünki ərazi erməni silahlılarının nəzarəti altında idi. Nəhayət enəndə, atəş səsləri eşidildi və vertolyotlar havaya qalxdılar. Mustafayevnən gələn milis işçiləri isə cəmi dörd cəsəd götürməyə macal tapdılar[33]. Çingiz Mustafayev və onunla daha beş nəfər həmin ərazidə qalıb (Əsgəran-Naxçıvanik yolundan 25 metr aralıda, donuz fermasının yanında) çəkiliş apardılar. Mustafayevin dediklərinə görə onların yanından hətta iki erməni ilə dolu maşın da keçdi[34]. Mustafayev deyirdi ki, onunla bir yerdə olan iki nəfər xeyli sayda ölü və eybəcər hala salınmış adam gördüyündən huşunu itirmişdi, çoxusunun ürəyi bulanırdı. Sonra vertolyot qayıdmış və Çingiz Mustafayevgili aparmışdı[31].
Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi[30]. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin fotomüxbiri Frederika Langen də çəkmişdi[35]. Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi:
Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.[36] |
Ümumilikdə, Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayıb Ağdam məscidinə gətirdilər. Xeyli cəsəd tanınmaz hala düşmüşdü[29].
Martın 2-si Çingiz Mustafayev bir qrup xarici jurnalistlər ilə hadisə yerinə çatanda isə cəsədlərin çoxusu daha da eybəcər hala salınmışdı. Mustafayevin "İzvestiya" qəzetinə dediklərinə görə, onları bir neçə gün eybəcər hala salırmışlar[33].
Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır.[37] Əksər Azərbaycan və beynəlxalq KİV-lərdə qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[38][39] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.[39] 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.[39]
Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində "Helsinki Watch"-a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir.[40] Helsinki Watch 180 Xocalı sakininin itkin düşdüyü qeyd edir.[40]
"Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu.[41] Azərbaycan hakimiyyətinin rəsmi hesablamasında 25 – 26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur.[42]
Şəhərdən çıxan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər.[1] Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlərə heç olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi.[1] "Memorial" müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı.[1] Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı.[1] "DQR" ali sovetinin qərarına əsasən ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün onlara nömrələr verilir.[1]
Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.
Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq.[40] |
Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a dediklərindən:
Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.[40] |
Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən:
Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.[40] |
Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən:
Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi.[40] |
Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:
Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. Ermənilər onların üzüklərini götürmüşdülər.[40] |
Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir.[4] Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.[4]
Jurnalist Tomas de Vaal qeyd edir ki, Ayaz Mütəllibov öz siyasi opponentlərini bu hadisələrə görə ittiham edib, lakin sonra öz bəyanatından geri çəkilib.[50] Azərbaycan parlamentinin martın 3-də keçirdiyi iclasda müxalifətçi deputatlar teleoperator Çingiz Mustafayevin çəkdiyi filmi nümayiş etdirməyi tələb etdilər.[51] Bu cür dəhşətli kadrlar iqtidar rejimini sarsıtdı. Martın 6-da Azərbaycan Xalq Cəbhəsinin müxalifətin ultimatumundan sonra Mütəllibov istefa verdi.[51] Parlamentin yeni seçilmiş spikeri Yaqub Məmmədov rəsmən hökumətin başçısı oldu.[51][52][53]
1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu.[54] Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.[4] Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi:
Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.[55] |
2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında qeyd etmişdir ki:
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi.[56] |
2017-ci ildə Bakının Azadlıq meydanından Xətai rayonunda ucaldılmış Ana Harayı abidəsinə doğru hərəkətə başlayan yürüşdə, 40 mindən çox insan iştirak etmişdir.[57][58]
"DQR" ali soveti Xocalıya hücum zamanı qəddarlıq hallarına görə təəssüfləndiyini bildirən bəyanat verdi.[1] Lakin Xocalının işğalı ilə bağlı cinayətlərin təhqiqatının aparılması ilə bağlı heç bir səy göstərilməmişdir.[1] Rəsmilər "Memorial" müşahidəçiləri ilə söhbətləri zamanı Ermənistanın silahlı dəstələrinin tərkibində qohumları azərbaycanlılar tərəfindən öldürülən aclıqlı şəxslər, həmçinin cinayətkar keçmişə malik şəxslər olduğundan Xocalının işğalı zamanı vəhşiliklərə yol verildiyini inkar etməmişdir.[1]
Öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər "strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur".[59] Müəllif "Arabo" və "Aramo" adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir.[59] Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri "[erməni] əsgərləri onları təqib edənədək" təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, "əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və [onları] bıçaqlamağa başladılar".[59][60]
Yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19–76-cı səhifələrində Xocalı soyqırımından yazır:
Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim.[61] David Xerdiyan
|
Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi.[61] David Xerdiyan
|
Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.[62] |
Xocalı hadisələri Ermənistanının prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin "özünü-müdafiə qüvvələri komitəsi"nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur:
Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur.[60] |
Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Serj Sarkisyan utanmadan cavab vermişdir:
Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir.[60] |
Ermənistanda Xocalıda soyqırımı törətməsi faktını tanıyan azsaylı ermənilərdən hüquq müdafiəçisi Mikael Danielyanı və jurnalist Vahe Avetyanı qeyd etmək olar.[63][64][65]
Xocalı soyqırımını ümumiyyətlə, ABŞ-də Ermənistan-Azərbaycan münaqişəsini diqqətdə saxlayan qəzetlər arasında "Washington Post", "The New York Times", "Boston Globe", "Wall Street Journal", "Sunday Times", "Chicago Tribune" qəzetləri , "Associated Press" informasiya agentlikləri, "Time" mühüm yer tutub.[76][77]
Amerikalı jurnalist, Tomas Qoltzun 1992-ci il fevralın 27-də "Washington Post" qəzetində yayımlanan məqaləsi Amerika ictimaiyyətinə Xocalıda törədilmiş qətliam haqqında məlumat verdi. Bununla kifayətlənməyən jurnalist o gecəki qırğından güc-bəla ilə canlarını qurtarıb, Ağdama pənah gətirən bir sıra insanlarla görüşüb, onlardan əsl həqiqəti öyrənmişdi. "Vaşinqton Post"da yayımlanan məqalədə (28 fevral 1992-ci il) Tomas Qoltz yazır:
...Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin (Ağdam nəzərdə tutulur—müəllif) baş məscidindən bildirildiyinə görə, erməni silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycan şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər...Ağdam məscidinin nümayəndəsi Səid Muan oğlu Sadıxov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsi qurbanının adını qeydiyyatdan keçirmişlər. Azərbaycanın paytaxtı-Bakı rəsmiləri isə Xocalıya hücum zamanı 100-ə qədər ölüm olduğunu müəyyənləşdirdikləri halda, Ermənistanın paytaxtı Yerevandakı erməni rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldüyünü iddia edirlər....[76] |
Tomas Qoltz "Azərbaycan gündəliyi" adlı əsərində, jurnalistin Ağdamda Xocalı soyqırımı qurbanlarını işıqlandırarkən həmkarlarının keçirdiyi hissləri təsvir edən sətirləri qeyd edir:
...Reutersin müxbiri Elif Kaban heyrət içində qalmışdı. Fotoqraf Oleq Litvin elə təsirlənmişdi ki, mən onu cəsədlər, məzarlar və dırnaqları ilə üzlərini cıran, fəryad edən qadınlara doğru itələyəndən sonra şəkil çəkməyə nail oldu.[76] |
"The Washington Times" qəzetinin 2 mart 1992-ci il tarixli məqaləsində baş vermiş qətliam bu cür təsvir edilir:
...Təxminən Xocalının on min nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi...[76] |
Soyqırımı baş verdikdən bir neçə gün ərzində meşədə qətlə yetirilmiş meyitlərin toplanması üçün helikopterlə azərbaycanlı yetkililərlə yanaşı, əcnəbi jurnalistlər də hadisə yerinə səfər etmişlər.[76] "The New-York Times" qəzetinin 1992-ci il 3 mart tarixli nömrəsində həmin səfər barədə yazılıb:
Helikopterlə qısa müddətə də olsa, bölgəyə uçmuş Azərbaycan yetkililəri və jurnalistlər üç ölmüş və baş dəriləri soyulmuş uşağın cəsədini gətirdilər. Onlar dedilər ki, ermənilərin helikopterə atəş açmaları daha çox cəsədin toplanmasına imkan vermədi.[76] |
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısamüddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.[78] Ermənistan qüvvələrinin amansız atəşinə məruz qaldığına baxmayaraq Çingiz Mustafayev bu hadisəni sənədləşdirmək üçün helikopterlər ilə bir qrup jurnalistlər ilə birlikdə iki dəfə qətliam yerinə səfər etməyə nail olmuşdur.[79] O, Xocalının qarla örtülmüş sahələri boyunca uzanmış yüzlərlə cəsədi lentə ala bilmişdir.[80] Onun filmində çəkiliş apararaq qırğını təsvir edən Çingizin səsi onun hönkürtüləri və emosiyaları ilə əks-səda verirdi.[80] O, gördüyü bu səhnəni bu cür təsvir edirdi:
Ölənlər arasında 2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi.[80] |
Fotomüxbir İlqar Cəfərov Füzuli, Şuşa və Laçın rayonlarında xidmət etdikdən sonra Xocalıya yola düşür.[81] Onun albomuna daxil edilən fotoların unikallığı ondadır ki, bu şəkillərdə yalnız ayrı-ayrı anlar dondurulmayıb, ayrıca götürülmüş bir hadisə qeydə alınmayıb, onlar bütöv bir dövrü əks etdirir.[81] Müəllif isə xronikaçı, salnaməçi rolunda çıxış edir. Fotoların əksəriyyətində cəmiyyətin kövrək qruplarına, o cümlədən uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub.[81] O, Xocalıda yaşadığı hadisələri belə təsvir edir:
Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalı idim![81] |
Böyük Britaniyada, Reuters agentliyi, "The Times" qəzeti, "Sunday Times" qəzeti, "The Guardian" qəzeti, BBC kanalı və digər media orqanları Xocalı soyqırımı barədə məlumat vermişlər. Bir çox əcnəbi jurnalistlə birgə Dağlıq Qarabağa səfər edən "Times" qəzetinin müxbiri Anatol Lieven öz ölkəsinə döndükdən sonra gördüyü mənzərəni bu cür qələmə alır:
Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, qaçqınlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışdılar...Mülki vertolyot 4 cəsədi götürdü və bu zaman azərbaycanlı kinooperator təpələrdəki onlarca meyiti lentə aldı.
Ağdamdakı aerodromda mülki vertolyotun topladığı cəsədlərə nəzər saldıq. İki yaşlı kişi və bir balaca qızın bədəni qanla örtülmüş və aşağı ətrafları isə soyuqdan və ağır şəraitdən bükülmüşdü. Onlar güllələnmişdilər.[76] Anatol Lieven
|
1992-ci il 3 martda, BBC televiziya kanalı səhər xəbərlərində qətliam barədə məlumat vermiş, qətlə yetirilmiş insanların cəsədlərini əks etdirən kadrlar nümayiş etdirmişdi:
Dağlardan toplanmış insan cəsədlərinin yaratdığı mənzərə çox dəhşətli idi. Müxbirin dediyinə görə, operator və Qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaqlardan ibarət insan cəsədi görmüşlər. Onlar 1 metr məsafədən başlarından güllə ilə vurulmaqdan həlak olublar.[76] |
1992-ci il fevralın 29-da, "The Independent" qəzetinin əməkdaşı Helen Vomak yazır:
"Reuters" xəbər agentliyinin Ağdamdakı müxbiri Elif Koban çərşənbə günü baş verən soyqırımından sonra azərbaycanlıların məskunlaşdığı ikinci ən böyük şəhər olan Xocalının ermənilər tərəfindən qarət edildiyi zaman, azərbaycanlıların öldürülən onlarca insanı dəfn etmələri xəbərini verdi: “Dünya orada baş verən hadisələrə arxa çevirirdi. Biz ölürük və siz də sadəcə bunu izləyirsiniz” - deyə yas saxlayan şəxs bir qrup jurnalistə qışqırdı.[76] Helen Vomak
|
1992-ci il 14 martda, Fransa mediasında özünəməxsus yeri olan "Le Monde" qəzeti isə baş vermiş qətliama bu cür qiymət verirdi:
Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu ”Azərbaycanın təbliğatı" deyil, reallıqdır." Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, həmin illərdə gördüklərini bu cür dilə gətirmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...[76] |
Azərbaycanın informasiya blokadasında olduğu çətin illərdə Xocalı soyqırımı ilə bağlı məlumatların Türkiyə ictimaiyyətinə çatdırılması önəmli idi.[76] İlk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu "Milliyyət" qəzetinə ötürdü.[76] Türkiyənin nüfuzlu qəzetinin martın 4-ünə olan manşeti bütövlükdə Xocalı soyqırımına həsr edilmişdi.[76] "Qarabağda soyqırımı gördüm" adlı geniş yazıda soyqırımdan canlarını güclə xilas edən şahidlərin dili ilə faciəni Türkiyə ictimaiyyətinə geniş şəkildə çatdırmışdı.[76]
Xocalı qırğını Rusiya mediasının da diqqət mərkəzində idi. 1992-ci il 12 iyunda, Rusiyanın "Svoboda" qəzeti faciəni törədənlərə haqq qazandırıla bilməz" başlıqlı məqalədə Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birəşmələr tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatına geniş yer ayırmışdı. Hesabatda Xocalının işğalı zamanı törədilən insanların kütləvi hüquq pozuntularından, mülki əhaliyə verilmiş işgəncələrdən söhbət açılır:
Qaçqınlar ermənilərin qurduğu tələyə düşüb və o andaca atəşə tutulub. Buna baxmayaraq bəziləri Ağdama çatmağa müvəffəq olmuş, əsasən qadın və uşaqlar (dəqiq sayını demək qeyri-mümkündür) dağlarda azdıqları üçün soyuqdan donaraq, həlak olmuşlar, Ağdama çatanlardan alınan məlumata görə isə bəziləri də Pircamal və Naxçivanik kəndləri yaxınlığında girov götürülmüşlər. Dəyişdirilən Xocalı sakinlərinin ifadəsinə görə, onlardan bəziləri öldürülüb. Dörd gün ərzində təxminən 200 cəsəd Ağdama gətirilib. Cəsədlərdə edilən hörmətsizliyin izləri vardı...[76] |
Rus jurnalisti və fotoqrafı Viktoriya İvlevanın fotoobyektivinə şəhərin tərk edilmiş küçələrində qalmış meyitləri əks etdirir. Jurnalist Qarabağ müharibəsi ilə bağlı yazdığı məqaləsində, Xocalıda dörd övladı ilə girov düşmüş qadının taleyini qeyd edir.[76] Xocalı soyqırımını "Komsomolskaya pravda", "Trud", "Pravda" qəzetləri və Moskvanın "Pasport" jurnalı işıqlandırıb.[77]
Xocalı soyqırımını digər ölkələrin mətbuatı da işıqlandırıb. Faciədən az sonra, İrlandiyanın "The Irish Times", Avstraliyanın "The Age" qəzetləri faciə haqqında məqalələr yazmışdır.[77]
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.[5] Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır.[5] İndiyədək ABŞ-nin 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.[82]
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir.[83]
Azərbaycan — Azərbaycan Milli Məclisi 27 fevral 2007-ci il tarixində Xocalı qırğınını tanıyıb.[84][85] Macarıstan — Macarıstan parlamenti 17 iyun 2009-cu ildə Xocalı qırğınını tanıyıb.[86][87] Meksika — Meksika Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsi 30 noyabr 2011-ci il tarixində Xocalı qətliamını tanıyıb.[88] Belçika — Belçika parlamenti Xocalı qırğınını 6 yanvar 2012-ci ildə tanıyıb.[89] Pakistan — Pakistan Senatının Xarici İşlər Komitəsi Xocalı qətliamını 1 fevral 2012-ci il soyqırımı adlandırmışdır.[85][90][91] Türkiyə — Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər üzrə Komissiyası 15 fevral 2012-ci ildə Xocalı qətliamını soyqırımı adlandırmışdır.[92] Almaniya — Almaniya AFR-Bundestaqı 24 fevral 2012-ci ildə Xocalı qətliamını tanıyıb.[93] Andorra — Andorra parlamenti Xocalı qırğınını 14 dekabr 2012-ci ildə tanıyıb.[94] Rumıniya — Rumıniya parlamenti 15 fevral 2013-cü ildə Xocalı qırğınını pisləyən qətnamə qəbul edib.[95] Bosniya və Herseqovina — Bosniya və Herseqovina Xalqları Assambleyası 26 fevral 2013-cü il tarixdə Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyən qətnamə qəbul etmişdir.[96] Çexiya — Çexiya Parlamentinin Xarici İşlər Komitəsi 26 fevral 2013-cü il tarixində Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyib.[97][98] Serbiya — Serbiya Milli Məclisi 26 fevral 2013-cü il tarixində Xocalı qırğınını pisləyən qətnamə qəbul etmişdir.[99] Kolumbiya — Kolumbiya Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsi 22 aprel 2013-cü ildə Xocalda qətliamı tanıyıb.[100] Peru — Peru Konqresi 10 iyun 2013-cü il tarixində Xocalı qətliamını soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir.[101] Panama — Panama Milli Məclisi 7 avqust 2013-cü ildə Xocalı qırğınını pisləyən qətnamə qəbul edib.[102] İspaniya — İspaniya parlamenti 8 fevral 2014-cü ildə Xocalıda qətliamı tanıyıb.[103] Honduras — Honduras Milli Konqresi 13 fevral 2014-cü ildə Xocalı qırğınını soyqırımı kimi tanıyıb.[104] Sudan — Sudan Milli Məclisinin Xarici İşlər Komitəsi Xocalı qətliamını 1 sentyabr 2014-cü il tarixində tanıyıb.[105][106] İndoneziya — İndoneziya nümayəndəliyi 12 fevral 2015-ci ildə Xocalıda qətliamı tanıyıb.[107][108] Qvatemala — Konqresi-Qvatemala 12 oktyabr 2015-ci ildə Xocalı qırğınını soyqırımı adlandırmışdır.[109] Kosta-Rika — Kosta-Rika Xarici İşlər Nazirliyi 20 oktyabr 2015-ci ildə Xocalıda qətliamı tanıyıb.[110] Sloveniya — Sloveniya Milli Şurası 22 yanvar 2016-cı il tarixində Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyən qətnamə qəbul edib.[111] İordaniya — İordaniya Parlamenti 10 fevral 2016-cı ildə Xocalı qırğınını tanıyıb.[112] Malta — Saint John Orden Qüds / Malta Knights. S. J. 12 dekabr 2016-cı ildə Xocalı qətliamını tanıyıb.[113] Cibuti — Cibuti Milli Məclisi 15 yanvar 2017-ci ildə Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb.[114][115] Moldova — Moldova parlamenti Xocalı qırğınını 31 yanvar 2017-ci ildə tanıyıb.[116] Şotlandiya — Şotlandiya parlamenti 2 fevral 2017-ci ildə Xocalı qətliamını tanıyıb.[107] Avstraliya — Avstraliya parlamenti Xocalı qırğınını 14 fevral 2017-ci ildə tanıyıb.[117][118] Litva — Litva Seymi 27 aprel 2017-ci il tarixində Xocalı qətliamını tanıyıb.[119] Paraqvay — Paraqvay parlamenti 25 oktyabr 2017-ci ildə Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb.[120][121] Finlandiya — Helsinki Komissiyası 26 fevral 2019-cu il tarixində Xocalı qətliamını tanıyıb.[122] Əfqanıstan — Əfqanıstan Milli Məclisi 3 oktyabr 2020-ci ildə Xocalı qətliamını tanıyıb.[112] Estoniya — Estoniya parlamenti 19 fevral 2021-ci ildə Xocalı qırğınını tanıyıb.[123][124][125] Quam — Quamın Katibliyi 25 fevral 2021-ci ildə Xocalı qətliamını tanıyıb.[126] Şimali Kipr — ŞKTK prezidenti Xocalı qətliamını 26 fevral 2021-ci ildə qətliam adlandırıb.[127] Latviya — Seym Latviya Xocalı qırğınını 26 fevral 2021-ci ildə tanıyıb.[128] Ukrayna — Ukrayna parlamenti Xocalı qırğınını 4 fevral 2022-ci ildə tanıyıb.[129] Bolqarıstan — Bolqarıstan Milli Məclisi 10 mart 2022-ci ildə Xocalı qırğınını tanıyıb.[130][131][132][133][134][135] Kanada — Kanada hökuməti 2 aprel 2022-ci il tarixində Xocalı qətliamını faciə kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.[136][137]
Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində "Biz xalqıq" bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.[138]
İndiyədək ABŞ-nin 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir.[167][168] Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.[169]
26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilib.[170][171] 2012-ci ildə Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan "Penn Station"-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.[172] Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, "Capitol Hill"-ə gedən avtobuslarda posterlər yerləşdirilib.[172]
2019-cu il fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Brüsselin Lüksemburq meydanında "Xocalıya ədalət", "Dilqəm və Şahbaza azadlıq" və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçirib.[173] 2019-cu il fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı "Ana harayı" abidəsinə ümumxalq yürüşündə 55 min insan iştirak edib.[174]
2003-cü il 15 fevralda Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu.[55] Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.[55]
Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.[175]
Azərbaycanda Xocalı soyqırımına poçt markası həsr olunmuşdur.
Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin yerinə təzə "Ana Harayı" adlı abidə ucaldılmışdır.[176] 2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulmuşdur.[177]
2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haaqa şəhərində ucaldılmışdır.[176] 2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində, Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.[178] 2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, avqustun 23-də isə Şimali Amerikada soyqırıma aid ilk abidə Meksikanın Mexiko şəhərində tikilmiş, meydanın adı isə Tlakskoake-Xocalı adlandırılmışdır.[176] Türkiyədə Xocalı soyqırımına aid ilk abidə 2014-cü il martın 28-də Ankarada ucaldılmışdır.[179] Türkiyənin İzmit, İzmir, Uşak, Dənizli və Sakarya şəhərlərində də Xocalı soyqırımının xatirəsinə aid abidələr yerləşir.[180][181][182][183]
2016-cı ildə İsraildə, Qüds ilə Təl-Əviv arasında yerləşən Prezident meşəsində Yəhudi milli fondu və Azİz beynəlxalq cəmiyyətinin birgə təşkilatı ilə "Xocalı 613" adında xatirə ağaclıq zonası yaradılmışdır. Zonada Xocalı qətliamının qurbanlarının sayına uyğun 613 ədəd ağac əkilmişdir.[184]
Bədii ədəbiyyatda Xocalı soyqırımına çoxlu sayda ədəbi əsərlər həsr olunub. Xocalı soyqırımına həsr olunmuş bədii əsərlərdən, Polad İlyasın "Xocalı fəryadı", Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanını qeyd etmək olar.[185][186]
Xocalı soyqırımına həsr olunmuş şeirlərdən, Söhrab Tahirin "Xocalı qırğını", Hikmət Ziyanın "Xocalı müsibəti", Fikrət Qocanın "Hər gecə Xocalıda", Aslan Kəmərlinin "Əldən gedir", Zəlimxan Yaqubun "Xocalım, layla", Əli Vəkilin "Dördlüklər", Nurəngiz Günün "Xocalı simfoniyası: rekviyem", Nüsrət Kəsəmənlinin "Xocalı", Paşa Qəlbinurun "Cahad", Rafiq Hümmətin "Şəhid nəğməsi", Zeynal Vəfanın "Əsgər andı" şeirlərini qeyd etmək olar.[187][188][189][190][191] 2016-cı ildə İsraildə Xocalı soyqırımı ilə bağlı "AĞRI" romanı nəşr edilib. Romanın müəliffləri Əmir və Arye Qutdur.[192]
Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının Xocalı faciəsinin və Xocalı soyqırımının qurbanlarına həsr olunmuş bir çox əsərləri saxlanılır. Bunlara misal olaraq Mais Ağabəyovun "Xocalı faciəsi", Sirus Mirzəzadənin "Xocalı", Nazim Məmmədovun "Vətənpərvər qız", "Xocalının son günü", Arif Hüseynovun "Xocalı", Bayram Qasımxanlının "Faciələrimiz" (triptix), heykəltəraşlardan Xanlar Əhmədovun "Ana körpəsi ilə", "Qoca", "Torpaqlarımız uğrunda", Sahib Quliyevin "Soyqırım", Zakir Əhmədovun "Çingiz Mustafayev", Nəriman Məmmədovun "Qarabağ süitası" və başqa əsərlərin adlarını qeyd etmək olar.[193][194]
Xocalı mövzusunda ən diqqətçəkən plakatlardan biri Vaqif Ucatayın əsəridir.[195] Əsərdə uşağın qarnına qılınc saplanıb, qan hər yana tökülüb.[195]
2019-cu il fevralın 24-də Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.[196] Tədbirdə Əşrəf Heybətovun Xocalı soyqırımına həsr olunmuş 25 əsərinin yer aldığı "Xocalıya Ədalət" adlı sərgisi də baş tutub.[196]
Azərbaycan kinematoqrafında Xocalı soyqırımına "Haray", "Günəşin batdığı yer", "Xoca", "Qırmızı qar" filmləri ithaf olunub.[197] Rejissor Mərahim Fərzəlibəyov Qara Yanvar ilə müqayisədə Xocalı mövzusu ilə bağlı dramaturji materialın azlığını qeyd edib.[195]
Xocalı soyqırımı haqqında bir sıra mahnılar və musiqi kompoziyaları bəstələnmişdir. Bunlardan Pyer Tilloyun "Xocalı 613" musiqi pyesini, Məmməd Quliyevin "Simfoniya — rekviyem", Aleksandr Çaykovskinin "Khojaly Requiem", Nəriman Məmmədovun "Xocalı" (7 saylı simfoniya), Elnarə Dadaşovanın "Xocalı Laylası", Dəyirman və Toni Blekmenin "Justice for Khojaly", Qaraqanın "Xocalı", Nigar Camalın "Broken Dreams" mahnılarını qeyd etmək olar.[198][199][200]
26 fevral 2011-ci ildə Təbrizin Traktor Sazi və Tehranın İstiqlal komandaları arasında keçirilən oyun zamanı Traktor Sazi tərəfdarları Səhənd stadionununda Dağlıq Qarabağın işğalına etiraz edib, Xocalı soyqırımı şəhidlərinin xatirəsini anıb, "Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar" şüarı səsləndirmişdilər.[201] 2014-cü il fevralın 24-də Atletiko Madrid klubu, klubun və Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan Xocalı soyqrımı qurbanlarının xatirəsini anıb.[202][203]
Böyük Qayıdış proqramı çərçivəsində, AXC-in yaranmasının ildönümündə ilk Xocalı sakinləri doğma torpaqlarına geri qayıtmışdır.[204]
… открылась дверь и в камеру бросили человека. Я его спросил: "кто ты". И он вдруг ответил: "А ты разве меня не узнал? Я Алескер Ханлар оглы – учитель из Ходжалы". У него было пулевое ранение тазобедренного сустава, нижняя часть у него не работала. Он попросил воды, но я не мог ему помоч, воды не было. Он попросил, чтобы я поплакал, чтобы капли слез упали на его губы, чтобы он спокойно умер. Я взял его на руку и дал ему потрогать мой язык, что он сухой. Тогда он попросил взят его на руки. Я лег на землю и положил его на себя, обнял и качал как маленького ребенка. Так он умер. Через 2 дня в камеру крикнули: "вы живы?". Я ответил, что один умер. Зашли армяне, при мне выбили у мертвого золотой зуб, потом его унесли.
… ermənilərlə səhərə qədər döyüşüb, neçə-neçə insanları azad edib. Sonra onu əsir götürüblər. Yoldaşımın 4 qızıl dişi vardı, onları çəngəllə çıxarmış, qollarını isə bir neçə yerdən qırmışdılar. Sifətini elə hala salmışdılar az qala tanımaq olmurdu. Avtomatla üzünə o qədər vurmuşdular ki, gözü çıxmış, çənəsi qırılmışdı…Yoldaşımın meyitini ancaq 2 ay sonra alıb dəfn edə bildik.