Azərbaycanın mineral suları

Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 mlrd km³-ə bərabərdir. Bunun 400 mln. km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir.

Mineral suların coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bir qayda olaraq, bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlmək olar. Buna baxmayaraq buruq qazma yolu ilə mineral sular çıxarılır. Azərbaycan fiziki-coğrafi cəhətdən çox kəskin dəyişən relyef quruluşuna malikdir. Respublikanın 85,5 min km² ümumi düzənliklərdən ibarətdir. Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda yerləşmişdir. Ona görə də Azərbaycanın mineral sularının coğrafi yayılma rayonları aşağıdakı qaydadır.

Abşeron yarmadasının mineral suları

[redaktə | mənbəni redaktə et]

Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinin doğru irəliləyən bu yarımadanın cahili başdan-başa gözəl çimərliklərlə əhatə olunmuşdur. Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır. Burada çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, SabunçuŞıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir. Böyük Şor və Masazır mənbələrində qiymətli müalicə palçığı çıxır. Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür. Təəssüf ki, bu vulkanlardan çıxan müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmamışdır. Mərdəkan, Buzovna, Şüvəlan, Zağulba, Pirşağı, Türkan və Abşeronun digər guşələri indi zəhmətkeşlərin ən sevimli istirahət yerinə çevrilmişdir. Həmin yerlərdə onlarca sanatoriya, istirahət evləri tikilmişdir. Lakin bu son hədd deyildir.

Naxçıvan Muxtar Respublikasının mineral suları

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox ziyadə mineral su bulağı vardır. Buranın mineral suları öz müxtəlifliyi ilə hidrokimyəvi muzeyi xatırladır. Bu rayonun ən qiymətli mineral su yataqları: Darıdağ, Sirab, Nəhəcir, Badamlı, Qızılvəng, Cəhri, Qəmur, Qahab, Dəstə və başqalarıdır. Bu növ mineral su qrupu son dərəcə balneoloji içməli hidromineral ehtiyatdırlar.

Qarabağın mineral suları

[redaktə | mənbəni redaktə et]

Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları və karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyatını qat-qat artırır. Kiçik Qafqaz dağlarında cənub-şərqində dəniz səviyyəsindən 600–1800 m yüksəkdə yerləşir. Bu rayonun özünəməxsus təbii və iqlim şəraiti vardır. Dağlıq Qarabağda şimaldan-cənuba doğru, yəni Xankəndindən Şuşaya kimi bu rayonun bütün ərazisində uzanan kurort zonası xüsusilə diqqəti cəlb edir. Məlum olan mineral su bulaqlarının əksəri: Turşsu, Şirlan, Çərəktar, Kolataq və s. bu zonanın qərb hissəsində yerləşir.

Laçın-Kəlbəcər rayonunun mineral suları

[redaktə | mənbəni redaktə et]

Bu rayon Azərbaycan Respublikasının qərbində Kəlbəcər və Laçın rayonlarında yerləşir. Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500–2800 m hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları göstərmək olar.

Gəncə-Qazax bölgəsinin mineral suları

[redaktə | mənbəni redaktə et]

Hacıkənd Gəncə şəhərindən 17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətlidir. Qışı nisbətən istidir. Hacıkənd yaxınlığında karbonturşulu bulaq və böyük sayda içməli su çeşmələri mövcuddur. Gədəbəy rayonu mineral sularla zəngindir. Bildiyimiz ki, tarixən Gədəbəydə məskunlaşmış almanlar və ruslar 19-cu əsrdə Gədəbəy rayonunun bulaqlarından içməli su kimi istifadə etmiş və həmin bulaq sularının faydaları haqqında çoxlu məqalələr yazmışlar. Son dövrlərdə Azərbaycan bazarına yeni daxil olmuş "Slavyanka-1" əmtəə nişanlı sular tərkibinə görə minerallarla zəngin və insan orqanizminə xeyirli olduğu üçün qısa zaman ərzində azərbaycanlıların sevimli içkisinə çevrilmişdir.

Şamaxı rayonunun mineral suları

[redaktə | mənbəni redaktə et]

Ərazidə azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu).

Şəki və Zaqatala bölgələrinin mineral suları

[redaktə | mənbəni redaktə et]

Mineral sular baxımından burada ən tanınanı Qax rayonunun İlisu bulaqlarıdır. Yerli əhali bu sulardan müalicə məqsədləri ilə qədimdən istifadə edilir. Bulaqlardan birinin Oğlan Bulağı, digərinin isə Qızbulağı adlarını daşınması həmin mülahizənin doğruluğunu bir daha təsdiqləyir.

Lənkəran rayonunun mineral suları

[redaktə | mənbəni redaktə et]

Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Termal və soyuq suların temperaturu 130 J-dən 640 J qədərdir. Onlar azot və metan tərkiblidir.

Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur: Astaranın İstisu kəndində, Lənkəranın İbadisu, Haftoni kəndlərində, habelə Masallının Qəriblər kəndində və s.

Babazənən mineral suları

[redaktə | mənbəni redaktə et]

Kür çayının dənizə töküldüyü yerə yaxın, Salyan rayonu ərazisində yerləşən bu rayonu mineral sərvətləri Babazənən dağlarında yerləşir. Burada hidrogen-sulfidli, metanlı, xloridli və kalsiumlu isti və soyuq mineral su bulaqları vardır. Uzun müddət davam edən yay fəsli, mülayim-isti iqlim şəraiti bu mineral sulardan ilin çox müddətində müvəfəqqiyyətlə istifadə etməyə imkan verir. Yerli əhali qədimdən bəri kükürdlü və metan-xlorid-kalsili soyuq və isti Babazənən mineral sularından istifadə edir.

Azərbaycanın aran zonasının mineral suları

[redaktə | mənbəni redaktə et]

Respublikanın bu bölməsi müxtəlif xassəli təbii müalicə ehtiyatları ilə zəngindir. Bunlara müalicəvi neft, mineral sular və müalicəvi palçıq aiddir. Müalicəvi neft kimi tanınan naftalan Goranboy rayonunda yer üzünə çıxır. Onun yatağı Goran dəmir yolu stansiyasından 18 km cənubda dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Öz xarici görkəminə görə o, sənaye neftinə bənzəyir. Lakin, benzin və ağ neftin mövcud xassələrinin yoxluğu, qiymətli sürtgü yağlarının bolluğu və nisbətən yüksək xüsusi çəki (0,930–0,960) naftalan neftinin digər neft növlərindən üstün olan cəhətləridir. Hal-hazırda naftalan nefti uğurla səhiyyənin demək olar ki, bütün sahələrində tətbiq olunur. Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir.

Mineral suların tərkibi

[redaktə | mənbəni redaktə et]
Kəlbəcərdə mineral "isti su" qaynağı.

Suyun əsas tərkibini təşkil edən elementlər "ağırlığına görə" kimyəvi cəhətdən olduqca aktivdir. Mineral sular adi sulardan seçilir. Onların tərkiblərində həll olmuş qazlar, duzlar və mikroelementlər vardır. Tərkibində olan maddələrin miqdarı və növlərinə görə sular müxtəlif fiziki və kimyəvi xassələrə və keyfiyyətə malik olur.

Mineral suların fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Mineral suların fiziki xassələrinə onların temperaturu, rəngi, tamı, qoxusu və şəffaflığı daxildir.

Mineral suların temperaturu

[redaktə | mənbəni redaktə et]

Yeraltı suların hər hansı bir növünün temperaturu, yer qabığının termik rejimini əks etdirir. Yer kürəsinin müxtəlif yerlərində suların temperaturu fərqlənir. Azərbaycanın mineral sularının temperaturu 4°-dən 65°-yə kimi dəyişir. Bu ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95 °C-yə çatarsa su çıxır. Respublikamızda yüksək temperaturlu mineral sular Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) bəllidir. Temperatur xusisiyyətlərinə görə 35–36° temperatura malik olan sular daha qiymətlidir. Həmin temperatur insan bədənin temperaturuna uyğun gəlir. Belə suların müalicə əhəmiyyəti daha yüksəkdir. Belə sulara Xaltan (Dəvəçi rayonu), İlisu (Qax rayonu) (36°-42 °C) və başqaları aiddir. Beynəlxalq balneoloji təsnifat əsasında Yer kürəsində məlum olan mineral sular aşağıdakı qayda üzrə fərqlənir:

  1. Soyuq sular (20 °C-dən aşağı);
  2. Subtermal (ilıq) sular (20°-37 °C) ;
  3. Termal (isti sular (37°-42°);
  4. Hipotermal (çox isti) sular (42°-dən yuxarı).

Təmiz sular adətən rəngsiz olur. Buna baxmayaraq mineral sular əksər hallarda rəngli olur. Suların rəngi, onların tərkibində həll olan maddələrdən asılıdır. Məsələn, tərkibində dəmir olan sular pas rəngində görünür. Mineral suda hidrogen-sulfit olduqda həmin mineral su bilavasitə mavi rəng alır.

Azərbaycan Respublikasının mineral suları öz tamlarına görə xüsusilə fərqlənir. Respublika ərazisində uzaq keçmişdə yaşayan adamlar yer altından çıxan içməyə yararlı suları "şirin" su adlandırmışlar. Əslində bu suların tamı şirin deyildir. Bizim mülahizəmizə görə, bu ancaq Azərbaycanda yeraltı və yerüstü suların öz tamına görə olduqca müxtəlifliyi ilə əlaqədardır. Belə ki, respublikamızda hər hansı tamlı sulara rast gəlmək olar. Müxtəlif tamlı suların çox yayılmasına görə təmiz sular "şirin"su adlandırılmışdır. Hətta bu su bulaqları da onların tamına görə adlandırılmışdır. Acıbulaq, Turşsu, Şorsu və s. Azərbaycanın mineral sularının ümumi miqdarının 300-ü turşsulu, 100-ə yaxını şorməzə-turş, 260-ı acımtıl-şor, 90-a kimisi şor, 42-si acı, 180-i təmiz və 31-i xlorlu və metal tamlı sulardandır. Sularda müxtəlif tamların olması onların kimyəvi tərkibi və həll olan duzların xarakterindən asılıdır.

Respublikanın mineral sularının çoxu qoxusuzdur. Sularda qoxunun olması onların tərkibində olan çürüntü–üzvi maddələrdir. Əksər hallarda suların çoxusu onlardakı bakteriyaların fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, qoxulu sulardan çoxu iylənmiş yumurta qoxusu verir. Azərbaycanın mineral sularında iylənmiş yumurta qoxusu ən zəif dərəcədən çox şiddətli dərəcəyə qədər olur. Bəzi sular torpaq, balıq, dərman və s. qoxular verir. Suların qoxusu onların keyfiyyətinin təyin edilməsində mühüm rol oynayır. Sularda qoxunu dəqiq təyin etmək üçün onları azca qızdırmaq lazımdır.

Mineral suların çöküntüləri

[redaktə | mənbəni redaktə et]

Respublikanın mineral suları yer üzünə çıxdıqda müxtəlif formada çoxlu çöküntülər gətirir. Bu çöküntülər kristallik, dənəvər, stalaktitli, stalmitli və tozvari şəkillərdə olur. Mineral suların çöküntüləri araqonit, melantenit, travertin, oxra kimi formalarda mineral maddələr əmələ gətirir. Onların bəziləri miqdarca o qədər çoxdur ki, hətta sənaye əhəmiyyətinə malik olur. Məsələn, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Sirab kəndinin ərazisində əmələ gələn arqonitlər əla növ mərmər kimi istifadə olunur.

Mineral suların kimyəvi tərkibi və mənşəyi

[redaktə | mənbəni redaktə et]

Məlum olduğu kimi su təbiətdə ən yaxşı həll edicidir. Su təmasda olduğu süxurları, mineralları tərkibində həll etmək qabiliyyətinə malikdir. İstər infiltrasiya (atmosfer yağıntılarının yer qabığının dərinliklərinə doğru hərərkəti) istərsədə sedimentasiya suları (çöküntü toplanma zamanı süxur boşluqlarında olan sular) yer qabığında təmsda olduqları süxur və mineralları həll edirlər. Beləliklə təmasda olduqları süxur və mineralların kiməyvi tərkibindən asılı olaraq mineral su tipləri formalaşır. Belə suların tektonik çatlar, qırılmalar vasitəsiylə yer səthinə təbii çıxışına bulaqlar deyilir.

Mineral suların qaz tərkibi

[redaktə | mənbəni redaktə et]

Aparılan tədqiqatlar nəticəsində Azərbaycan mineral sularının tərkibində külli miqdarda qaz olaması müəyyən edilmişdir. Mineral suların tərkibində qazlar iki halda olur:1)suyun tərkibində həll olan qazlar, 2)sudan sərbəst ayrılan qazlar. Respublikada çox yayılmış olan mineral sular əsasən qaz tərkiblərinə görə beş qrupa bölünür:

Azərbaycan Respublikasının ərazisində karbon qazlı sular yaxşı öyrənilmişdir, bunlar respublikada olan suların 35%-ni təşkil edir. Müəyyən edilmişdir ki, mineral suların bir litrində 250–3000 mq-a qədər karbon qazı vardır. Aparılan hesablamalar göstərir ki, bu sulardan gün ərzində 15,7 tona kimi karbon qazı çıxır. Karbon qazlı sulara hər yerdə təsadüf edilmir. Azərbaycan ərazisində bu sular ancaq Kiçik Qafqaz dağları rayonlarında və Naxçıvan MR-da yayılmışdır. Karbon qazlı sulardan ən məşhurları: Nəhəcir, İstisu, Badamlı, Turşsu, Darıdağ, Çayqarışan, Qızılca və başqalarıdır.

Hidrogen-sulfidli

[redaktə | mənbəni redaktə et]

Sularda hidrogen-sulfid qazının miqdarından acılı olaraq, onlar müalicə əhəmiyyətinə malik olur. Xalq arasında bu sulara kükürdlü sular da deyilir. Respublikada kükürdlü suların bütün növünə təsadüf edilir. Bu sular neft və bitumlu rayonlarda geniş yayılmışdır. Çox miqdarda hidrogen-sulfid qazlı sular Abşeronda, Talışda, respublikamızın şimal rayonlarında və Naxçıvan MR-da aşkara çıxarılmışdır. Məsələn, Şıx burnunda – 400 mq/l; Suraxanıda – 170 – 400 mq/l (Abşeron); Karvansarayda 600 mq/l (Naxçıvan MR); Altıağacda 108 mq/l və s

Metan qazlı sular başlıqca olaraq respublikanın neft rayonlarında (Şərqi Azərbaycanda) yayılmışdır. Bu suların duz tərkibləri, adətən, eyni olmaqla dəniz mənşəlidir. Metanlı sular həm təbii bulaqlar, həm də xüsusi buruqlar vasitəsi ilə yer üzərinə çıxır. Azərbaycanın mineral suları içərisində metanlı suların çoxu yüksək temperaturludur, həm də bəzi bulaqların və buruqların debiti çox yüksək olur. Bu suların məşhur mənbələri: Abşeronda, BabazənəndəTalış ərazilərində yerləşir. Metanlı suların müalicə xüsusiyyətləri indiyədək yaxşı öyrənilməmişdir. Buna baxmayaraq metanlı suların çoxu müalicə üçün geniş istifadə edilir.

Azərbaycanda azotlu sular Talışın cənub rayonlarında və Böyük Qafqazın cənubətəyi rayonlarındadır. Respublikada 100-ə qədər azotlu su öyrənilmişdir. Azotlu sular həm soyuq və həm də isti olur. İsti azotlu sular daha əhəmiyyətlidir: Alaşa (45°-50 °C), Meşəsu (45°-55 °C), Xaltan (37°-45 °C) və s. bulaqları qeyd etmək olar.

Geoloji və geokimyəvi şəraitin xüsusiyyəti ilə əlaqədar olaraq bəzi ərazilərin yeraltı sularında radioaktiv elementlər olur. Sularda ən çox yayıla bilən radioaktiv mənşəli elementlərdən radon qazını göstərmək olar. Məlum olduğu kimi, radon qazının sularda olması onların müalicə xüsusiyyəıtinə yüksəldir. Təbiətdə radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər və Laçın rayonları diqqəti cəlb edir. Bağırsaq (Kəlbəcər rayonu) adlanan mineral sular radionlu mineral suların ən parlaq növüdür. Bundan başqa DarıdağQahab (Naxçıvan MR) sularında da az miqdarda radon qazının olması bəllidir. Təbiətdə radioaktiv suların əmələ gəlməsi onların çox yavaş süzülməsi ilə əlaqədardır. Sular çətinliklə süzülərsə onlarda radioakti və radon qazının toplanmasıüçün şərait əmələ gəlir. Azərbaycanda radon qazının yüksək olması gələcəkdə, bu suların olduğu yerdə müalicəxanaların əmələ gəlməsinə imkan verir. Respublikada olan mineral suların ümumi miqdarından 34 bulaq radonlu sulara aiddir.

Mineral suların duz tərkibi

[redaktə | mənbəni redaktə et]

Yeraltı suların hər hansı növü müxtəlif tərkibdə, Bu və ya digər miqdarda həll olmuş halda mineral duzlara malikdir. Duzlar suda həll olduqda ion şəklinə düşür. Təbii sularda ən çox olan ionlar (HCO’3, SO"4, Cl’, Na’, Ca" və Mg") olduqca müxtəlif vəziyyətdə və münasibətdə ola bilər.[1]

Təbii sularda 26-ya kimi elementin həll olunduğu müəyyən edilmişdir. Bunlar beş qrupa bölünür: 1. Suyun əsas tərkibini təşkil edən elementlər: K, Na, Ca, Mg, Fe, Al, Cl, S, N, O, H, C, Si. 2. Sularda az miqdarda təsadüf edilən elementlər: Zi, Rb, Sr, Ba, Pb, Ni, Zn, Mn, Cu, Br, J, F, B, P, As. 3. Sularda nadir tapılan elementlər: U, Zn, Ga, Ge, Zr, Ti, W, Hg, Bi, Cd, W, Se, Te, Mo, Ag, An, Pt, Sn, Sb. 4. Radioaktiv elementlər: Ra, Th, Rn və digərləri. 5. Üzvi maddələr. Sularda yağ və naften turşuları, onların duzları və çöküntüləri həll olur, bu da orta hesabla 5mq/l-ə çatır. Mineral suların tərkibinin öyrənilməsi çox zəngin su sərvətləri tiplərini müəyyən etməyə və onların elmi təsnifatını verməyə, daha doğrusu bu suları düzgün qiymətləndirməyə və onların mənşəyi ilə əlaqədar məsələləri aydınlaşdırmağa imkan verir. Azərbaycan mineral sularının tərkibində 0,5–150q-a qədər duzların həll olması müəyyən edilmişdir.

Mineral suların sənayesi

[redaktə | mənbəni redaktə et]

İstisu çox məşhur mineral su olmaqla Çexiyadakı Karlovı-Varı suyuna oxşayır. Sirab isə Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii mineral süfrə suyudur. Qısa müddət ərzində Slavyanka suları əksər azərbaycan ailəsinin əvəzolunmaz içkisinə çevrilmiş və yüksək tələbatı nəzərə alan sahibkarlar İtaliya, Almaniya, Türkiyə və digər ölkələrin müasir avadanlıqları ilə təchiz olunmuş regionun qabaqcıl su və limonad fabrikini inşa etmişlər. Son illər Qalaaltı və Siyəzən meşəsi mənbəyindən və Qax rayonundan mineral su doldurulması təşkil edilmişdir. Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-HövsanNeftçala) ümumi sənaye ehtiyatları – 229,5 min m³/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m³/gün, Babazənən – 50,1 min m³/gün, Mişovdağ – 28,5 min m³/gün, Binə-Hövsan – 51,2 min m³/gün, Neftçala – 52 min m³/gün. Binə-HövsanNeftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir. Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60–80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır. Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda Iqtisadi Inkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür. Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli və bu elemenlərin tam və kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrədən biridir. Çernobıl qəzasında10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur.[2]

Mineral sular təbabətdə

[redaktə | mənbəni redaktə et]

Azərbaycandakı müxtəlif mineral su növlərinin müalicə xüsusiyyətləri çox qədim zamanlardan məlum olmuşdur. O zamanlar əhali dərmanlardan istifadə etmirdilər. Qədim insanlar suya, havaya və işığa əsas müalicə vasitəsi kimi baxırdılar. Onlar Azərbaycan ərazisində çoxlu miqdarda müxtəlif tamlı, rəngli, temperaturlu və eyni zamanda olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə edirdilər. Bunu sübut etmək üçün deyə bilərik ki, bu sular ətrafındakı daşlardan çapılmış hovuzlar indiyə qədər qalmaqdadır. Müalicəvi sular həmişə qazlı olur, ona görə ki, vurulan qaz onun tərkibindəki duzların çöküntü verməsinin qarşısını alır, suyun dadını dəyişir və suyu uzun ömürlü edir. Tərkibində qaz olan suları uşaqlara vermək məsləhət deyil, mədə-bağıraq xəstəliyi olan insanlara qazlı su içmək olmaz.

  1. Azərbaycan Coğrafiya Cəmiyyəti, BDU filialınln əsərləri. Bakı, 2012. səh 555–561. Müəllif: Solmaz Rzayeva
  2. Azərbaycan Coğrafiya Cəmiyyəti, BDU filialınln əsərləri. Bakı, 2012. səh 555–561. Müəllif: Solmaz Rzayeva

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]