Azərbaycan Xalq Cümhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatı

Əksinqilabla Mübarizə Təşkilatı (az-əbcəd. عكس انقلاب ايله مبارزه تشكيلاتى‎) — 11 iyun 1919-cu ildə[1], Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı.[2]

Əksinqilabla Mübarizə Təşkilatı
  • Azərbaycan Cumhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatı
Möhürün şəkli

Əksinqilabla Mübarizə

Təşkilatının möhürü
Ümumi məlumatlar
Ölkə Azərbaycan Xalq Cümhuriyyəti
Yaradılma tarixi 11 iyun 1919
Ləğv edilib 6 mart 1920
Tabelik Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi (oktyabradək)
Bakı İstehkamat Hissəsi (oktyabrdan sonra)
Rəhbərlik
Rəis Məmmədbağır Şeyxzamanlı (1919-1920)
Nağı bəy Şeyxzamanlı (1920)

Yaradılması[redaktə | mənbəni redaktə et]

1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığı barədə məruzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır.[1][3] Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan - 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.

Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu.[4] Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi.

Strukturu[redaktə | mənbəni redaktə et]

İlk vaxtlar ƏMT–na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi “Müsavat”, üçdə biri isə “Hümmət” partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu.[5] Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini isə Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi təyin edildi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və bolşeviklərə qarşı sərbəst mübarizə apara bilirdi. Lakin təşkilatın əməkdaşları sonunculara qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-da işləyəm 17 nəfər hümmətçi əməkdaş, başda Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular. Musəvi 5 sentyabr 1919-cu ildə dəmiryol teleqrafının rəisi Hacı bəy Seyidbəyov tərəfindən öldürüldükdən sonra 19 noyabr 1919-cu ildə rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdski təyin edildi.[1] Məmmədbağır bəy Şeyxzamanlı 20 avqust 1919-cu ildə vəzifəsindən istefa verdi. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nin yeni rəisi təyin olundu.

ƏMT öz fəaliyyətini “Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında” Əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və onun ətrafında təşkilatın 8 rayon bölməsi təsis edilmişdi.[6] Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təşkilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələri var idi. ƏMT-da azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılargürcülər də (məsələn, Lavrenti Beriya) işləyirdilər. Ermənilər bu təşkilatda yox idi.[7] 26 oktyabr 1919-cu ildə Dövlət Müdafiə Komitəsi denikinçilərlə mübarizəni gücləndirmək üçün Bakı İstehkamat Hissəsinin (Bakı Möhkəmləndirilmiş Müdafiə rayonu) səlahiyyətlərini genişləndirmiş, keşikçi, axtarış polislərini, eləcə də ƏMT-ni də onun rəisinə tabe etdirmişdi. Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nin fəaliyyətində əsas yeri tutmağa başladı. ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyatlar aparmışdı. Təşkilatın arxiv sənədlərindən, ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki, Bakıda Denikin ordusunun rus casusları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər.[8] Rusiyanın Xəzərdəki silah-sursat dolu 27 hərb gəmisinin Azərbaycan tərəfinə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminini həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti - Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları
  2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhlükəsizlik orqanları / Cəlal Qasımov // Respublika, 6 mart 2014, № 49, səh. 6
  3. Şeyxzamanlı, Nağı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı: Azərbaycan Nəşriyyatı. 1997. 86–87.
  4. Qasımov, 2018. səh. 64
  5. Qasımov, 2018. səh. 66
  6. Qoca, Elşad. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920). Bakı. 2000. 68.
  7. Qasımov, 2018. səh. 67
  8. Qasımov, 2018. səh. 72

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.  (az.)
  • Qasımov, Cəlal. Cümhuriyyətin təhlükəsizlik orqanları (1918-1920) (az.). Bakı: Vanur Poliqraf. 2018. ISBN 978-9952-4540-9-3.