Azərbaycanda bələdiyyə seçkiləri (2024)

Azərbaycanda növbəti bələdiyyə seçkiləriAzərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə ən gec 2024-cü ilin dekabr ayında keçirilməsi gözlənən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.

← 2019  Azərbaycan  2029 →
Azərbaycanda bələdiyyə seçkiləri
ən gec dekabr 2024
Rəhbər İlham Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Dəyişən yerlərin sayı
Əvvəlki yerlərin sayı 10 432

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən son bələdiyyə seçkilərindən 5 il sonra, yəni səlahiyyət müddəti bitdikdən sonra növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Məcəlləyə əsasən bu tarix 2024-cü ilin dekabr ayında olmalıdır.[1]

Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin 18 yanvar 2024-cü il tarixində keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini qeyd etmişdir. O, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyinim gözdən keçirilməli olduğunu, bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdir.[2] Siyavuş Novruzov 1 fevral 2024-cü il tarixində verdiyi müsahibədə bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi lazım olduğunu və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının lüzumlu olduğunu bildirmişdir.[3]

Fevral ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq.[4] Dəyişikliyə əsasən, Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.[5]

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[1]

Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[1]

Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[1]

Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[1]

Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[1]

19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən verilən məlumata əsasən Azərbaycan üzrə seçki dairələri yenidən təşkil olunmuşdur.[6] Yeni yaradılan seçki dairələri orta təmsilçilik norması nəzərə alınaraq təşkil olunmuşdur.[7] 27 iyun 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasının daha bir iclası keçirilmiş və iclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verilmişdir. Qərara əsasən qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılmışdır.[8]

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

2023-cü ildə "Siyasi partiyalar haqqında" yeni Qanun qəbul edilmiş və qanunun qəbulundan sonra partiyaların yenidən dövlət qeydiyyatına alınma prosesi başlamışdır. Proses nəticəsində 27 siyasi partiya dövlət qeydiyyatını yeniləmiş, 31-i isə fəaliyyətinə son vermişdir.

Son bələdiyyə və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[9]

4 may 2024-cü il tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[10] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[11] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[12] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[13][14] 4 may 2024-cü il tarixində keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.[15]

  1. 1 2 3 4 5 6 "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  2. "Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək | Report.az". report.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  3. ""Bələdiyyə sədrlərini xalq seçməlidir" - Millət vəkili". publika.az (az.). 2024-02-01. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
  4. Milli Məclis bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarır
  5. "Birləşən bələdiyyələrin adı əhalisinin sayı ən çox olana uyğun olacaq". 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  6. "Azərbaycanda seçki dairələrinin yeni sxemi təsdiqlənib (YENİLƏNİB)". Trend.Az (az.). 2023-09-19. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  7. "Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA". Oxu.Az (az.). 2023-10-19. 2023-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
  8. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". msk.gov.az. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  9. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  10. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  11. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  12. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  13. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  14. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  15. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.