Azərbaycanda əlavə parlament seçkiləri (2003) — 2003-cü ilin mart ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri.
Azərbaycanda əlavə parlament seçkiləri | ||||
---|---|---|---|---|
5 mart 2003 | ||||
Seçici fəallığı | 44.37% | |||
Rəhbər | Heydər Əliyev | Qüdrət Həsənquliyev | ||
Partiya | Yeni Azərbaycan Partiyası | Azərbaycan Xalq Cəbhəsi Partiyası[a] | ||
Tutulan yerlər | 1 | 1 | ||
Səslər | 11 082 (17.2%) |
2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 14 saylı Qaradağ seçki dairəsindən seçilmiş bitərəf deputat Nazim Hüseyn oğlu İbrahimov Azərbaycan Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli, 731 nömrəli fərmanı ilə Xarici Dövlətlərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.[1] Bu səbəbdən Nazim Hüseyn oğlu İbrahimov deputat mandatından məhrum edilmişdir. Həmçinin 69 saylı İsmayıllı seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Mirmövsüm Kamil oğlu Abbasov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli, 994 nömrəli sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2] Bu səbəbdən Mirmövsüm Abbasov deputat mandatından məhrum olunmuşdur. Həmçinin 91 saylı Xanlar-Daşkəsən seşki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü deputat Yaşar Tofiq oğlu Əliyev Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 iyul 2002-ci il tarixli, 738 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[3] Bu səbəbdən o, deputat mandatından məhrum edilmişdir. Hər üç deputatdan boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur.[4]
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin ölümündən sonra partiya daxilindəki çəkişmələr daha da böyüdü və nəticədə partiya Mirmahmud Mirəlioğlu rəhbrəliyində "klassiklər", Əli Kərimli rəhbərliyində "islahatçılar" qollarına bölünmüşdür. Bu qollar arasında birləşmə müzakirələri aparılsa da reallaşmamışdır. Lakin partiya üzvü və partiyanın Mərkəzi Seçki Komissiyasındakı üzvü Qüdrət Həsənquliyev birləşmə üçün cəhdlər göstərmiş və 18 avqust 2002-ci il tarixində hər iki qolun nümayəndələrinin qatıldığı Birləşdirici Qurultay çağrılmışdır. Qurultayda Qüdrət Həsənquliyev sədr seçilmişdir. Daha sonra birləşmiş partiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Lakin beynəlxalq təşkilatların, səfirliklərin və s. təzyiqlərindən sonra dövlət qeydiyyatı ləğv olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Əli Kərimlinin rəhbərlik etdiyi "islahatçılar" qanadı rəsmi olaraq tanınmışdır. [5]
Azərbaycan Milli İstiqlal Partiyasının 2000-ci il parlament seçkilərində proporsional seçki üzrə vahid namizəd siyahısında 4-cü sırada yer almış Şadman Hüseyn partiyanın proporsional seçki üzrə 112,727 (3.89%) səs alaraq seçki həddini keçə bilmədiyi üçün deputat seçilə bilməmişdir.[6][7] Daha sonra partiya daxili çəkişmələr başlamış və Şadman Hüseyn Azərbaycan Milli İstiqlal Partiyasından istefa verərək bitərəf siyasətçi olaraq fəaliyyət göstərmişdir.
Deputat Nazim Hüseyn oğlu İbrahimov, deputat Mirmövsüm Kamil oğlu Abbasov və deputat Yaşar Tofiq oğlu Əliyevdən boşalan yerlər üçün 5 mart 2003-ci il tarixinə əlavə seçkilər təyin olunmuşdur.
Seçkilərdə Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və Yeni Azərbaycan Partiyası üzvləri iştirak qərarı almışdır.
14 saylı Qaradağ seçki dairəsi üzrə Əli Qurban oğlu Cəfərov, Qüdrət Cəndur oğlu Əsədov, Vaqif Qubad oğlu Məmmədov, Rüfət Qulam oğlu Sucayev və Yeni Azərbaycan Partiyasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsən oğlu Musayev öz namizədliyi irəli sürmüşdür.[8] Alqış Musayev 2000-ci il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid siyahısında 19-cu sırada yer alsa da, partiya proporsional siyahı üzrə 16 mandat qazandığı üçün deputat seçilə bilməmişdi.[9]
69 saylı İsmayıllı seçki dairəsi üzrə Azər Eyvaz oğlu Abbasov, İlham Hüseyn oğlu Əhmədov, birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Müzəffər oğlu Həsənquliyev öz namizədliyini irəli sürmüşdür.[8]
91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə sabiq deputat Şadman Bəhlul oğlu Hüseyn, Sabir Abdulla oğlu Mürsəlov və Vidadi Zeynal oğlu Muradov öz namizədliyini irəli sürmüşdür.[8]
Namizədlərdən Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və onun üzvlüyü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 iyul 2000-ci il tarixli 478 nömrəli sərəncamı ilə təsdiqlənmişdir.[10] Qanuna əsasən Mərkəzi Seçki Komissiyası üzvləri heç bir siyasi partiyaya üzv ola bilməz və deputatlığa namizəd ola bilməz. Lakin komissiya üzvü Qüdrət Həsənquliyev deputatlığa namizəd olmaq istədiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 2003-cü il tarixli 1170 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad edilmişdir.[11]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 15 mart 2003-cü il tarixində Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasda 14 saylı Qaradağ seçki dairəsinin 3, 29, 30, 45, 48, 49 saylı seçki məntəqələrində, 69 saylı İsmayıllı seçki dairəsinin 6, 7, 20, 22, 23, 38, 40, 44, 48, 59 saylı seçki məntəqələrində və 91 saylı Xanlar-Daşkəsən seçki dairəsinin 1, 2, 3, 4, 7, 12, 15, 24, 31, 37, 38, 43, 45, 56 saylı seçki məntəqələrində səsvermənin gedişi və nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməsi faktları aşkar edildiyinə görə komissiya “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 2-2-ci maddəsinə əsasən həmin seçki məntəqələrində seçkilərin nəticələrinin etibarsız sayılmasını qərara almışdır. İclasda alınan qərarla komissiya 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının 1 saylı protokollarını və qanuna müvafiq olaraq ona əlavə edilən sənədləri 17 mart 2003-cü il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.[12] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 mart 2003-cü il tarixində qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir. Nəticələrə əsasən 14 saylı Qaradağ seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının üzvü Alqış Həsən oğlu Musayev, 69 saylı İsmayıllı seçki dairəsi üzrə Qüdrət Müzəffər oğlu Həsənquliyev və 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə bitərəf siyasətçi Şadman Bəhlul oğlu Hüseyn deputat seçilmişdir.[13]
14 saylı Qaradağ | 69 saylı İsmayıllı | 91 saylı Xanlar-Daşkəsən | Cəmi | |
Məntəqə sayı | 53 | 64 | 86 | 203 |
Seçici | 53 249 | 42 884 | 49 120 | 145 253 |
Səs | 22 411 | 16 786 | 25 247 | 64 444 |
Seçici aktivliyi | 42.08% | 39.18% | 51.39% | 44.37% |
Deputat sayı | 1 | 1 | 1 | 3 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Alqış Musayev | 16 192 | 74.56 |
? | Əli Cəfərov | 2 473 | 11.38 |
? | Qüdrət Əsədov | 1 211 | 5.57 |
? | Rüfət Sucayev[b] | 674 | 3.1 |
? | Vaqif Məmmədov | 836 | 3.84 |
Heç biri | 329 | 1.51 | |
Etibarlı səslərin sayı | 21 725 | - | |
Etibarsız səslərin sayı | 686 | - |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
? | Azər Abbasov | 2 444 | 15.59 |
? | İlham Əhmədov | 1 733 | 11.06 |
Azərbaycan Xalq Cəbhəsi Partiyası[a] | Qüdrət Həsənquliyev | 11 082 | 70.73 |
Heç biri | 409 | 2.61 | |
Etibarlı səslərin sayı | 15 651 | - | |
Etibarsız səslərin sayı | 1 135 | - |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
? | Sabir Mürsəlov | 2 623 | 10.72 |
Bitərəf | Şadman Hüseyn | 17 801 | 72.79 |
? | Vidadi Zeynalov | 3 789 | 15.49 |
Heç biri | 240 | 0.98 | |
Etibarlı səslərin sayı | 22 014 | - | |
Etibarsız səslərin sayı | 3 233 | - |