Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak",[1] erməni mənbələrində "Bab",[2] "Baban"[3][4] kimi də qeyd edilir.
Babək | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 798 |
Doğum yeri |
|
Vəfat tarixi | yanvar 838 (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | işgəncə |
Vikianbarda əlaqəli mediafayllar |
Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir.[5]
O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur".[6] Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.
Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.
Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.[7]
Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm — de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."[8]
Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi." [9][10][11][12]
Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.
Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə — Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər.
Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir.
Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar.[13] Məmun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi.[14] Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir.[15] Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əsgərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik."[16] Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.[17]
Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ərməniyyə və Azərbaycan hakimi təyin edir.[18] Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır.[19] Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur.[18] Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı.[20] Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.[19][21]
Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur.[22] Məmun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.
Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.
833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür.[23] Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı:
"Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."
— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158
Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir.[24] Bəbəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.[25]
Mötəsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.[26]
Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir.[27] Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir.[28] Eyni zamanda onu Azərbaycan, Ərməniyyə, Arran, Muğan və Cibəl hakimi təyin edir.[29]
836-cı ilin yazında Afşin Azərbaycana daxil olur.[30] Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir.
Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər.[31][32] Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.[33]
Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı.[34][35][36][37][38] Afşin Babəkin qaçdığını bilən kimi Azərbaycan, Arran, Beyləqan və Ərmən (İrəvan xanlığı) hökmdarlarına xəbər verdi ki, "Babək bir neçə adamla dərəyə çatmışdır, oradan isə Ərmən tərəfə yollanmışdır və sizin yanınızdan ötüb keçəcəkdir".[39][40][41] Onlara əmr etdi ki, bütün şübhəli adamları tutub saxlasınlar.
Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox əlaqə saxlayırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."[42][43]
Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır."[43][44]
Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi.[45] Necə olsa da, Feofil 100 min nəfərlik ordu ilə ərəblərin üstünə getdi. Ət-Təbəri bildirir ki, o, Zibatranın üstünə həmin Mühəmmirə ilə birlikdə getmişdi ki, onlar Cibalda üsyan edəndə və İshaq ibn İbrahim ibn Müsəb onlarla vuruşanda bunların bir hissəsi bizanslıların yanına qaçmışdı (onların rəisi Barsis idi). Bizans padşahı onlara təqaüd təyin edib onları evləndirdi, özünə əsgər etdi və özünün ən mühüm işləri üçün onlardan istifadə etd.i[46][47]
Feofil, gec də olsa, Babəkə qoşunla[48] kömək etdi və bu qoşunun içərisində xürrəmi hissələri də var idi; ola bilər, imperator üsyanın müvəffəqiyyətlə nəticələnəcəyi və Xilafət üzərində qələbə əldə ediləcəyi halda, Babəkin tərəfdarları içərisində dəyişiklik əmələ gələcəyi ümidində idi. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xəlifənin qızıl möhürü ilə bir məktub gəldi, Mötəsim Babəkə aman bəxş edirdi, Afşin bu əhvalatdan lap çaşıb qaldı.[49] O, Babəkin əsir edilən böyük oğlunu yanına çağırıb dedi: "Mən bunu Əmir əl-Möminindən heç gözləmirdim və onun (Babəkin) indiki vəziyyətində aman haqqında ona şəxsən özüm bir şey yazmaq fikrində deyiləm".[49]
Lakin Babəkin oğlu atasına xəlifənin məktubunu aparıb verməkdən imtina etdi. Əsir düşmüş iki xürrəmi göndərildi. Onlar xəlifənin məktubundan əlavə, Babəkin oğlunun məktubunu da apardılar; bu məktubda o, atasından xahiş edirdi ki, xəlifənin verdiyi amanı qəbul edib həyatını saxlasın. Oğlunun məktubunu oxuyan kimi, Babək bərk qəzəbləndi, qasidlərdən birini öldürdü və xəlifənin məktubunu açmadan ikinci qasidə belə dedi: "Get, o fahişə oğlundan soruş, bunu nə məqsədlə mənə yazmışdır?" Bundan sonra Babək öz oğluna belə cavab yazdı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli [adam] çıxmamışdır və mən [ucadan hamıya] deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır".[50][51]
Belə bir rədd cavabı Afşinin, xoşuna gəldi, çünki, Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarını axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sunikdə)gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı — Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi.[52][53] Yəqin ki, İbnət əl-Kələndaniyyə Sünik knyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi, Babək 828-ci ildə ərəbləri darmadağın etdikdən sonra "onun [Vasakın] qızı ilə evləndi və öz hakimiyyətini bu vilayətə (Sünikə) də şamil etdi.[54][55][56]
Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər; yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin (Şəkinin) hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən".[57][58][59]
Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur. Ət-Təbəri, III, səh. 1223–1224 Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər."[60][61]
Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi.[62] Səhl ibn Sumbat "öz səyinə görə saraydan (xəlifə sarayından) böyük mükafat aldı: Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi, o da bütün bu yerlərə padşah kimi hökmranlıq etdi."[63][64][65]
Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi, xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə [İraqa] yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim".[66] 837-ci il 15 setyabrda Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci il 4 yanvarda Samarraya gətirildilər.[67]
Məsudinin dediyinə görə, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi "onu sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Qələbə (Babək üzərində qələbə) haqqında ölkənin hər yerinə xəbər göndərildi".[68] Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samarrada asıldı.[69][70][71][72]
Orta əsr mənbələrinə görə, Babək və onun ardıcılları əksəriyyəti qadın və uşaq olmaqla 255 minə yaxın dinc sakini qətlə yetirmişlər.[38][73][74][75]
Xürrəmilər üzərindəki qələbə Xilafət üçün asan bir iş olmadı. Bunun üçün əsasən öz yüksək döyüş keyfiyyətlərinə görə ərəblərdən fərqlənən türk hərbi birləşmələrin səfərbərliyə alınmışdı.[76] Bundan əlavə, Babəkin üsyanını yatırmaqda "Xilafət qoşunları ilə birlikdə erməni naxararları da öz qoşunları ilə iştirak edirdilər."[77] Babəkin rəhbərliyi ilə xürrəmilərin üsyanı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. M. Kazımbəyin sözlərinə görə, Abbasilər xilafətində xalq üsyanlarının müvəffəqiyyətləri "qısamüddətli və keçici olsa da, heyrətli idi"[78] Babəkin üsyanı müvəffəqiyyətsizliyə uğramasına baxmayaraq, Xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular.[76] Xürrəmilərdən bir çoxları X əsrdə ismaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimalşərq və şimal-qərb, Xəzər dənizi sahili və Kuhistan rayonları sonralar xürrəmilərin ardıcılları olan batinilərin dayağı oldu.[79][80][81]
Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələrinin mənafelərinin müdafiəçisi olmuş bir üsyançı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai quruluşun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bərpası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır.
Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarımızın adları sırasında Xürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyasının olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Xürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan Xürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin ilk hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.
Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində olmuş hər hansı bir tarixi dövlətin mövcudluğunu təsdiqləyən ən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac var. Hər hansı bir tarixi dövlətin müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:
Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən xalq-azadlıq hərəkatının öndəri olmuş Babəkin Bəzz adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bayrağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi konkret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla və Təbəristan valisi Məzyarla rəsmi şəkildə məktublaşırdı.
Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təqdim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışırlar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyirlər. "Adi bir qiyamçının", yaxud "üsyan başçısının" əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır.
Qədim tarixi mənbələrdə müəyyən ərazidə konkret dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələsinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumatlar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə o səbəbdən ehtiyac vardır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azərbaycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nəzarətindən kənarda qalmış və heç bir idarəetmə mexanizminə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır. Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir.
Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilindən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox Babək Xürrəminin özünü hansı məqamda görməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Xürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir.
Təbərinin "Tərix ər-rüsul və-l-müluk" adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: "Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar — yenə də mən hökmdar olaraq qalıram."[82] Z. Bünyadovda Babəkin bu məktubundakı "hökmdar" kəlməsi "padşah" və "şah" olaraq qeyd olunub.[83]
Sözügedən məktubda diqqəti cəlb edən daha bir məqam Babəkin özünü konkret bir sülalənin banisi olaraq görməsi və oğlunun varislik hüququndan danışmasıdır: "Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın".[84] Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu idarəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən onu qorumaq məqsədilə Abdullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir: "- Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə ibn İstifanusun yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur". "- Sənin çoxlu oğlanların vardır", — deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdır".[85] Babəkin bu sitatdakı sözlərindən açıq-aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.
Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin "Kitab-əl-Fütuh" adlı əsərində Babəkin oğluna yazdığı cavab məktubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: "Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: "Oğlumun yanına get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!"".[84] Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam "qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır" formasında əks olunub.[82]
Babəkin bir hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) "Tərix-ül-xülafə" adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z. Bünyadov öz əsərində Süyutinin "837-ci ildə Mötəsim Azərbaycan padşahını (məlikini) əsir almışdır" deyə yazdığını bildirir.[86]
Səid Nəfisi öz əsərində "Babəkin hökmranlıq etdiyi ərazilər"dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir.[87] Təsvirdən sonra tədqiqatçı-alim "Babəkin geniş bir ərazidə hökmranlıq etməsini" qeyd edir[88]. "Hökmdarlıq" və "hökmranlıq" arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə kifayət qədər uzun bir müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.
Mənbələrin məlumatları ilə yanaşı, Babəkin hökmdar olduğunu sübut edən digər məqamlara da diqqət cəlb etməkdə fayda vardır. Bu məqamlar üzərində tarix sahəsində bu günədək müəyyən səbəblərdən sistemli iş aparılmamışdır, bununla bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verdiyini mütləq qeyd etməliyik.
Əvvəla, onu bildirmək lazımdır ki, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Təbərinin "Tərix-ər-rüsul və-l-müluk", Nizamülmülkün "Siyasətnamə", Həmdullah Mustovfinin "Tarixi-qozide", Qazi Əhməd Ğəffarinin "Nigaristan", Fəsih Herəvinin "Mücməli-fəsih" əsərlərində, habelə, "Zinət-əl-məcalis" əsərində məlumatlar verilib, hətta Füzuni Astarabadinin "Kitabi-Büheyrə" əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib.[89] Sıradan bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqə sığmır, verilən məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin bir müstəqil dövlətin hökmdarı olduğunu təsdiqləyir.
Babəklə bağlı bu günədək aparılmış tədqiqatlarda diqqətdən demək olar ki kənarda qalmış daha bir fakt Babəkin hərəmxanasının olması faktıdır. Sovet dövründə məlum səbəbdən bu faktın üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S. Nəfisi qeyd edir ki, "Görünür ki, onun (Babəkin) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular".[90] İmadəddin ibn-Kəsir "Əl-bidayə və-n-nihayət" adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır: "Onun (Babəkin) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi".[91]
Elə bu yerdəcə onu da qeyd etmək lazımdır ki, Babəkin 827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq onun qızını alması faktı[92] əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan rəhbərinə qız verib qohum olması o qədər də tez-tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik və digər Qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu.
Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər.[93] Azərbaycan tarixində belə bir hal görülməyib ki, bir hökmdar yaxud vilayət hakimi öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin. Burdan aydın olur ki, həm Sünik knyazı Vasak, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodallar Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar.
Babəkin bir hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması,[94] erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması[95] ilə yanaşı, eyni zamanda, ölkəni işğal etmək niyyətindən əl götürməyən Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda – xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə biləcəyindən narahat olaraq qabaqlayıcı tədbir kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu Xürrəmilər üzərinə göndərdi, hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Xürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi.[96] Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.
Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi xəlifəsi tərəfindən qızıl möhürlü fərman göndərilməsi də diqqət yetirilməsi vacib olan bir nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir adama qızıl möhürlü fərman göndərilməsi ağlasığmazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki, heç də onun Babəkə simpatiya ilə yanaşması yaxud aşırı humanistlik nümayiş etdirməsi demək deyildi, bu, Babəkin özünün istər-istəməz hökmdar qismində görülməsindən irəli gələn addım idi – yalnız bir hökmdara bu cür təntənəli şəkildə xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı Samarraya gətirilməsi hadisəsi də təsdiqləyə bilər. Təbəri "Tərix əl-rüsul və-l-müluk" əsərində, İmadəddin ibn-Kəsir "Əl-bidayə və-n-nihayət" əsərində, Mirxond Bəlxi "Rövzət-əs-səfa" əsərində, Məsudi "Müruc-əz-zəhəb" əsərində qeyd edirlər ki, Babək hökmdarlara məxsus dəbdəbə ilə geyindirilmiş, başına hökmdarlarda tez-tez müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir filə mindirilmişdi.[97] Babəkin əsir götürülmüş oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini, onların hərəsini bir atın belinə mindirməsini və şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağlayaraq onları anaları ilə birlikdə azad etməsini[98] biz dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nəvaziş kimi qəbul edə bilmərik, bu, məntiqdən kənar olardı. Bu addım yalnız hökmdar yaxud əsilzadə kimi qəbul edilən adamın özünə və ailəsinə xəlifə səviyyəsində nümayiş etdirilən etiket (süni də olsa) kimi dəyərləndirilə bilər.
Babəkin hökmdar olması fikrini dəstəkləyən tədqiqatçılar adətən əks fikirdə olanların belə bir sualı ilə üzləşirlər – Babək müstəqil bir dövlətin hökmdarı olubsa, niyə 22 il ərzində öz adına pul sikkəsi kəsdirməyib? Doğrudan da, ilk baxışda məntiqli və maraqlı sualdır. Lakin bu sualın cavabını verərkən ilk növbədə onu qeyd etmək lazım gəlir ki, Babəkin əsas fəaliyyət məkanı olan Güney Azərbaycan ərazisində arxeoloji qazıntılar aparmaq uzun müddətdir ki, İran hökumətinin icazə verməməsi səbəbindən müşkülə çevrilib. Belə olduğu halda, heç kim əminliklə deyə bilməz ki, Babəkin bir hökmdar kimi pul sikkəsi yox idi. Faktı bu cür söyləmək lazımdır ki, müxtəlif maneə və əngəllər ucbatından güney Azərbaycan ərazilərində, ələlxüsus, Bəzz nahiyəsində arxeoloji qazıntılar aparmaq mümkün olmadığına görə bu günədək Babək Xürrəminin adına kəsilmiş hər hansı pul sikkəsi hələ ki aşkara çıxarılmamışdır. Digər tərəfdən, Babəkin öz adına pul sikkəsinin olmamasını da izah edə biləcək üç ciddi səbəbi görməzlikdən gəlmək olmaz, bu səbəblərə toxunmaq lazımdır:
1. Babəkin vətən torpağını işğaldan qorumaq məqsədilə apardığı bitib-tükənməyən savaşlar, onun xalq ordusu üçün silah əldə etmək, lokal xarakterli gündəlik çatışma və vuruşların baş verməsi, hətta Babək istəsəydi belə, onun pul sikkəsi buraxdırmasına çətin ki imkan verəydi. Təkcə Afşin Hidr ibn Kavus və onun çoxsaylı qoşun sərkərdələri ilə ayrı-ayrılıqda aparılan gündəlik savaşlar iki il yarımdan artıq çəkib. Bundan əvvəlki xilafət sərkərdələri ilə də eyni dərəcədə gərgin savaşlar yaşanıb. Bu cür gərgin bir durumda olan hər hansı bir hökmdarın pul sikkəsi buraxdırması müşkül işdir, ən azı böyük xərc çəkilərək kəsdirilən sikkələrin həmin hökmdarın hökmünün işlədiyi bütün ərazilərdə dövriyyəyə buraxılması qədər çətin, hətta bəlkə qeyri-mümkün bir işdir. Bu qədər çoxsaylı işğalçı orduların cavabını verə bilmək üçün külli miqdarda silah düzəldilməsi lazım gəldiyi bir halda, Babəkin öz adına sikkə buraxdırmaq üçün pul ayırması ağlabatan görünmür.
2. Babəkin İslamın sufi yolunda olduğunu bir çox mənbələr qeyd edir,[99][100] sufilikdə isə insanın şəxsi "mən"i arxa plana keçməlidir. Belə olduğu halda, Babək niyə öz adına pul sikkəsi buraxdırmalı idi ki? İslam dünyasının hər yerində istifadə edilən pul vahidi, ola bilər ki, Babək üçün də keçərli olmuşdur və Babək bu cür, necə deyərlər, ikinci dərəcəli məsələyə diqqət ayırmağı artıq hesab etmişdir.
3. Babək 14 mart 838-ci il tarixdə Samirə şəhərində vəhşicəsinə edam edildikdən və guya İslamın qəddar düşməni kimi elan olunduqdan sonra onun öz adına buraxdırmış olduğu pullar da dövriyyədən yığışdırıla və ya müsadirə oluna bilərdi. Dəyərini itirən hər hansı pul vahidi, hər halda, heç bir dövrdə insanlara gərək olmur. Nəzərə almaq lazımdır ki, bir ucu orta Asiyada, digər ucu Afrikanın şimalında olan bir dövlət hər halda onun işğalından azad olmaq üçün 22 il dirəniş göstərmiş bir ölkənin Bəzz adlı böyük başkənd-qalasını yerlə-yeksan edərək xəritədən silibsə, bu qüvvə üçün düşmən bir hökmdarın adına kəsilmiş pul vahidini dövriyyədən yığışdırıb müsadirə etmək elə də çətin bir iş deyildi.
Babəkin rəhbərliyi altında 816-cı ildən başlayaraq geniş vüsət almış Xürrəmilər hərəkatının Azərbaycan ərazilərinə nəzarəti ələ keçirməsi ilə faktiki olaraq qurulmuş olan Xürrəmilər dövlətinin ideya əsasları əsasən İslami yönümlü olsa da, ortodoksal İslama yox, heterodoks İslama mənsub olmaqla Abbasi sarayının rəsmi məzhəbi olan Mötəziliyyəyə qarşı idi. Və bu dövlətdə şəriət qanunları dövlətin idarə olunmasında heç də mühüm rola malik deyildi.[101] Bunu isbatlayacaq kifayət qədər fakt tərəfimizdən "Babək və Hürrəmilik: yalanlar və gerçəklər" adlı kitabda sadalanmışdır.[102] Bu gün ortaya daha bir məntiqi sual çıxmaqdadır: Xürrəmilər dövlətini tarixdə ilk türk-müsəlman dövləti olaraq qəbul edə bilərikmi və bunun üçün əldə hansı ciddi əsaslar vardır?
İlk əvvəl onu bildirək ki, tarix elmində ilk türk-islam dövləti olaraq Qaraxanlılar dövlətinin qəbul edilməsi fikri yanlışdır. Çünki bundan çox-çox əvvəl İslam xilafətinin təsir dairəsində olan torpaqlarda türk sülalələrinin qurmuş olduqları dövlət qurumlarının mövcudluğu faktı vardır. Bu sırada Azərbaycanda IX əsrin II yarısından etibarən siyasi səhnəyə çıxmış olan Sacoğulları (Sacilər) dövlətini xatırlamaq kifayət edər. Lakin Xürrəmilər hərəkatının 816-cı ildən etibarən yenidən vüsət alaraq genişlənməsi və qarşısıalınmaz qüvvəyə çevrilməsi ilə İslam coğrafiyasında müstəqil bir dövlət qurulmuşdur ki, bu faktı isbatlayacaq dəlillərdən bəzilərini bundan əvvəl qeyd etdik. Bu dövlətin təməl prinsiplərinin Xürrəmilər hərəkatının və cərəyanının ideya prinsipləri ilə eyniyyət təşkil etməsi aydındır və heç bir şübhə doğurmur. O zaman Xürrəmilər hərəkatının ideyalarında ən ümdə yeri tutan prinsiplərin milli təşəkkül, türk özünüdərki və islam inancından ibarət olmasını təsdiqləyə biləcək faktları da demək lazımdır ki, Xürrəmilər dövlətinin təməl prinsiplərinin türk-islam sintezinə əsaslanması tezisinin ciddi əsaslara malik olması üzə çıxsın.
Xürrəmilərin milliyyətçi dünyagörüşünə sahib olmalarını təsdiqləyən faktlar çoxdur, lakin bunun ən bariz nümunəsinə İbn Vazeh Yəqubinin "Tarixi-Yəqubi" əsərində rast gəlmək mümkündür: "Sonra o, (xəlifə əl-Məmun nəzərdə tutulur) Hatim ibn Hərsəmə ibn Əyunu Ərminiyyəyə vali təyin edir. O, ölkəyə gəlir və mütəzililərlə ifrat milliyyətçilər arasında qalmış olur. Onlar bir-biri ilə elə vuruşurlar ki, az qala məhv olacaqdılar, sonra barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm xəbəri və onun necə şəraitdə ölməsi çatır".[103] Burda söhbət xilafət dövründə "Ərminiyyə" adlandırılan quzey Azərbaycan torpaqlarında xəlifə Məmun dövründə hakim mötəziliyyə cərəyanının tərəfdarları ilə onlara qarşı etiraz çıxışları edən ifrat milliyyətçilərin olduqca sərt qarşıdurmasından gedir. İfrat milliyyətçi adlanan cinahın mənsublarının məhz Xürrəmilərdən ibarət olması tarix yazarlarının qeydlərindən də aydın görünməkdədir. Əks təqdirdə bu cinahın mənsubları Xürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı və məxsusi olaraq qeyd olunardı, İbn Vazeh Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827–828-ci illərdə) baş verən hadisələrə və Xürrəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni qeyd edir. Deməli, Xürrəmilər məhz Azərbaycanın milliyyətçi qüvvələri idi ki, bölgəyə nəzarəti əllərinə keçirmiş, Abbasi ordularını ard-ardına məğlub etmiş, müstəqil dövlət qurmuşdular.
Babək başda olmaqla Xürrəmilərin İslam inancına sahib olmaları və imanlı müsəlmanlar olaraq da İslam adından sui-istifadə edən xilafət sarayının zülmünə qarşı cihad etmələri ilə bağlı faktlar müxtəlif mənbə məlumatlarına istinad edilməklə "Babək və hürrəmilik: yalanlar və gerçəklər" adlı kitabımda sadalanmışdır. Xürrəmilərin məhz heterodoks İslamın bir qolu olduqları sözügedən faktlarla öz təsdiqini tapmaqdadır. Azərbaycan tarixində bu cür türk milli özünüdərk məfkurəsinə əsaslanan və İslamın heterodoksal yönümünə uyğun prinsiplərə dayanan dövlət qurulması hadisəsinə Xürrəmilərdən təxminən yeddi əsr sonra – Səfəvi Qızılbaş dövlətinin qurulması dönəmində də rast gəlinmişdir, bu üzdən Xürrəmilər dövlətinin ideoloji tərəflərini dəqiq müəyyən etmək üçün onu sonrakı dövrlərlə də müqayisə etmək və paralellər aparmaq lazım gəlir. Azərbaycan Səfəvi-Qızılbaş dövlətinin təməl prinsiplərinin özülü hələ bu dövlət qurulmamışdan əvvəl – Qızılbaşların mürşidi Şeyx Cüneydin və oğlu Şeyx Heydərin zamanında qoyulmuşdu. Şeyx Heydərin təliminin Hürrəmilik ideyaları ilə nə dərəcədə bağlı olduğunu isə müxtəlif mənbələrdən bilmək olar. Sözügedən mənbə məlumatlarından birini bu yazıda xatırlamaq, məsələyə aydınlıq gətirməyə kömək edər.
Fəzlullah ibn Ruzbehxanın fikrincə, "Şeyx Heydər öz müridlərinə Babəkin dini qayda-qanunlarını təbliğ edirdi".[104] Burdan belə bir nəticə hasil edə bilərik ki, Şeyx Heydər oğlu Şah İsmayılın qurduğu Səfəvi Qızılbaş dövləti öz dini-ideya məzmununa görə məhz Babəkin qurmuş olduğu Hürrəmilər dövlətinin məntiqi davamı olmaqla onun təməl prinsipləri ilə eyniyyət təşkil edirdi.
Yuxarıda sadalanan tarixi mənbə məlumatları və bir sıra tarixi faktlar onu söyləməyə əsas verir ki, Babək Abbasilərin yürütdüyü siyasətə qarşı xalq-azadlıq hərəkatının öndəri olmaqdan əlavə, həmçinin, bu hərəkatın nəticəsi kimi bölgədə ortaya çıxmış, türk-islam düşüncəsinə əsaslanan müstəqil Xürrəmilər dövlətinin də hökmdarı olmuşdur. Mənbə müəllifləri bu dövlətin ismini o səbəbdən öz əsərlərində qeyd etməmişlər ki, ilk növbədə iqtidarda olan işğalçı Abbasi xanədanı mənsubları bunu yazmağı qadağan etmişlər. Sonrakı yüzilliklərin tarix yazarları isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı və Xürrəmilər dövləti barədə yazdıqları qeydlərdə özlərinə əziyyət vermədən, sadəcə olaraq özlərindən əvvəlki dövrlərin saray tarixçilərinin qərəzli məlumatlarına istinad etməyi daha doğru hesab etmişlər.
Babəkin hökmdarı olduğu Xürrəmilər dövləti barədə ilk növbədə bunları demək olar ki, bu dövlət Azərbaycan türklərinin 816-cı ildə yenidən baş qaldıran milli-azadlıq hərəkatının məntiqi nəticəsi kimi təxminən 820-ci ildə meydana çıxmışdır. Azərbaycan Xürrəmilər dövlətinin banisi olan Babək Xürrəminin konkret ərazilərdə idarəetmə sisteminə malik olması bunu söyləməyə əsas verir. Xürrəmilər dövlətinin təməlində dayanan ideoloji prinsiplər türklük və heterodoks islam düşüncəsi idi, dövlət şəriət qanunları ilə idarə olunmurdu. Qonşuları Xəzər xaqanlığı ilə Bizans imperiyasının tənəzzül dövrünə təsadüf edən Xürrəmilər dövləti mövcud olduğu 22 il ərzində İslam dini adı altında İslama tamamilə zidd mövqe tutan və ərəb imperializmi düşüncəsi ilə işğal siyasəti yürüdən Abbasilər dövlətinin davamlı təhdid və müdaxiləsi ilə baş-başa qalmış, özünümüdafiə məqsədilə bu işğalçı dövlətlə arasıkəsilmədən müharibələr aparmalı olmuşdur. Bu müharibələr zamanı Azərbaycan Xürrəmilər dövlətinin orduları hökmdar Babəkin başçılığı altında uzun müddət nəinki vətən torpaqlarını yadellilərin təcavüzündən qorumuş, hətta Abbasilər xilafətinin bir sıra digər əraziləri (Xorasan, İsfahan, Təbəristan və s.) üzərində nəzarəti zaman-zaman ələ keçirmişdir.
Bir sıra tarixçilərimiz ilk türk-islam dövlətinin Volqa Bulqarlarının dövləti olması fikrini müdafiə etməkdədir. Bu fikirdə az da olsa həqiqət payı vardır. Lakin onu nəzərə almaq lazımdır ki, Volqa Bulqarlarının dövləti yaranışında İslam inancına söykənməmişdi, sonradan İslam dinini qəbul etməklə öz təməl prinsiplərində dəyişiklik etmişdi. Babəkin qurucusu olduğu Xürrəmilər dövləti isə məhz türklük və islam düşüncəsi üzərində qurulmuş dövlət idi, bu baxımdan Xürrəmilər dövlətini çəkinmədən ilk türk-müsəlman dövləti olaraq qəbul etmək mümkündür. İnanmaq olar ki, bu səmtdə aparılacaq gələcək tədqiqatlar Xürrəmilər dövləti ilə bağlı daha qaranlıq məqamları üzə çıxarmaqla yanaşı, onun türklük və İslam prinsipləri üzərində bərqərar olması fikrini də möhkəmləndirəcəkdir.
Müasir dövrdə həyatın müxtəlif sahələrində baş verən qloballaşma ilə birlikdə milli dərketmə və milli kimlik ətrafında müzakirlərin daha intensiv şəkil aldığı müşahidə olunur. Milli kimliyin dərk edilməsi üçün zəruri faktorlardan biri Vətən tarixinin keçmiş səhifələrinin dərindən, şüurlu şəkildə öyrənilməsidir. Məhz bu baxımdan tariximizin bir sıra səhifələri daha dərindən öyrənilməli, bəzi hallarda əvvəlcədən uydurulmuş saxta konsepsiyalardan imtina edilməlidir. Azərbaycanın ayrı-ayrı tarixi şəxsiyyətlərin rolu ilə bağlı məsələlər də bu qəbildəndir. Bu baxımdan uzaq və yaxın keçmişdə tariximizin müxtəlif mərhələlərində mühüm rol oynamış, özündən sonra dərin iz buraxmış şəxsiyyətlərin fəaliyyəti konkret faktlar əsasında yenidən və daha dərindən araşdırılmalıdır.
Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri onun Ərəb Xilafətinin tərkibində olduğu (VII – IX əsrlər) dövrdür. Bu dövrün özündən sonra ən böyük iz buraxmış şəxsiyyəti isə şübhəsiz, Xürrəmilər hərəkatının rəhbəri Babəkdir. Xürrəmilər, onların rəhbərləri Əbu İmran, Cavidan və Babək haqqında tarixi mənbələrdə bir sıra məlumatlara rast gəlinir. Bu hərəkat haqqında, xüsusilə onun ən məşhur rəhbəri sayılan Babək, və onun fəaliyyəti haqqında bir sıra Vətən və xarici ölkə tədqiqatçılar tərəfindən müəyyən fikirlər söylənilmiş, müxtəlif dövrlərdə fərqli mülahizələr irəli sürülmüşdür.
Azərbaycan tarixçilərindən Z. M. Bünyadov, N. M. Vəlixanlı və başqaları öz əsərlərində Xürrəmilər hərəkatının mahiyyəti və onu rəhbəri Babəkin fəaliyyəti haqqında xüsusi olaraq bəhs etmişlər.[105][106]
Ədalət naminə qeyd etmək lazımdır ki, Babək haqqında araşdırmalar aparmış tədqiqatçların böyük əksəriyyətinin əsərlərinin ana xəttini Babəkin cəsur və yenilməz qəhrəman obrazı təşkil edir. Bununla, belə onların bir çoxlarının əsərlərində bir sıra sübyektiv yanaşmalara yol verilmiş, Babəkin fəaliyyətinin yalnız zahiri cəhətlərinə diqqət yönəldilmiş, mənbələrdə rast gəlinən məlumatlara tənqidi münasibət bildirilməmişdir.
Maraqlı cəhət budur ki, Sovet hakimiyyəti dövründə İslam dinini gözdən salmaq üçün Babək obrazından istifadə edilirdi və o, İslam dininin qatı əleydarı kimi qələmə verilirdi. Hal-hazırda isə əksinə, Babəki gözdən salmaq üçün onun yalnız İslam əleydarı olması kimi səthi yanaşmalar ön plana çəkilir. Əlbəttə, hər iki yanaşma tərzi kökündən yanlışdır və mənblərdə rast gəlinən faktların elmi şəkildə araşdırılmamasından qaynaqlanır. Digər tərəfdən bu ayrı-ayrı şəxslərin sırf ideoloji yanaşma tərzi ilə bağlıdır.
Babək və onun fəaliyyəti haqqında məlumatları əsasən, ərəbdilli mənbələrdən əldə etmək mümkündür. Lakin bu mənbələrdə bir sıra yalanlara və adi həqiqətlərin təhrifinə yol verilir. Digər tərəfdən ərəbdilli müəlliflərin özləri də bilmədən Babək və hərəkat iştirakçıları haqqında bəzi həqiqətləri etiraf edirlər. . .[107]
Babəkin tarixi şəxsiyyət kimi həqiqi obrazını ilk dəfə Z. M. Bünyadov öz monoqrafiyasında əks etdirməyə çalışmış və buna böyük ölçüdə nail olmuşdur. O, yazır ki, tarix elmində Babəkilər hərəkatı Abbasilər dövlətinin parçalanmasına səbəb olan siyasi qüvvələrdən biri və möhtəşəm xalq hərəkatı kimi təqdim edilir. Lakin bu, Babəkin rəhbərlik etdiyi hərəkatın və Babəkin özünün tarixi rolunu yalnız təhrif edilmiş şəkildə göstərir. IX əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi qiymətləndirmək azdır. Bu, Azərbaycan xalqının qüdrətli azadlıq müharibəsi idi.[108]