Naxçıvanşahlıq

Naxçıvanşahlıq və ya Əbudüləfilər — X əsrin sonundan XI əsrin 60–cı illərinə kimi Azərbaycan ərazisində mövcud olmuş feodal dövlət.[1] Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb[1] mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Şahlıq
Naxçıvanşahlıq
Naxçıvanşahlıq dövlətinin ərazisi və qonşuları
Naxçıvanşahlıq dövlətinin ərazisi və qonşuları

Rəsmi dilləri ərəb dili
Dövlət dini Sünni (İslam)
Əhalisi ərəblər
İdarəetmə forması Monarxiya
Sülalə Əbuduləfilər

Əbudüləfilər sülaləsi

[redaktə | mənbəni redaktə et]

Əbudüləfilər adına ilk dəfə IX-X əsr ərəb müəlliflərinin — Bəlazuri, Təbəri, İbn ən-Nədim və başqalarının əsərlərində təsadüf edilir. Həmin mənbələrdə qeyd edilir ki, IX əsrdə ərəb xilafəti qoşununa başçılıq edən sərkərdələrdən biri əl-Qasim ibn İsa əl-İcli Əbu Düləf olmuşdur.[1] Mənbələrdə həm də şair kimi tanınan bu şəxs Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübündə) Ərəb Xilafətinin şimal vilayətlərinə köçən və bu yerlərdə məskunlaşan ərəb nəsillərinin birindən idi.[1] Təbəri "Əbu Düləfin başçılığı altında olan könüllülər"in Babəkə qarşı vuruşan ərəblərə qoşulub Bəzz qalasının alınmasında iştirak etməsi haqqında məlumat verir.[1]

Dövlətin əsasının qoyulması

[redaktə | mənbəni redaktə et]

Əbudüləfilər xanədanı 825-898-ci illərdə Həmədanla İsfahan arasında iqamətgahı Kərəc olan yerlərə sahib idi.[2] Sacilər sülaləsinin Azərbaycanda hakimiyyəti dövründə (IX əsrin sonu) Əbudüləfilər onlara tabe olmuş və sonrakı illərdə də öz mülklərində yaşamışlar. Təqribən yüz il sonar 982-ci ildə Qoğtən əmiri adlandırılan və həmin məşhur nəslə mənsub olan Əbu Düləf Şəddadilərə məxsus NaxçıvanDvini (ərəb dilli mənbələrdə Dəbil) ələ keçirərək Naxçıvanşahlıq dövlətinin əsasını qoyur.[2]

983-cü ildə Əbu Düləf erməni feodal nəsil olan Artsrunilərin xanədanı olan Vaspurakan (indiki Naxçıvan və qismən Şərqi Anadolu və Güney Azərbaycan) vilayətinə hücum edir.[1] 987-988-ci illərdə Əbu Düləfin qoşunu Rəvvadilər sülaləsinin məşhur nümayəndəsi, hələ Salarilərin hakimiyyəti dövründə Azərbaycan feodalları içşərisində ən qüdrətlisi hesab olunan Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə uğradılır. Lakin Naxçıvanşahlığın tutulan torpaqları geri qaytarılır.[2]

Naxçıvan şahlarının sarayında yaşamış Qətran Təbrizinin portreti

988 – ci ildə Vaspurakana növbəti yürüş zamanı Rəvvadi hökmdarının vəfat etməsi Əbu Düləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsinə şərait yaradır. Asogik qeyd edir ki, bu dövrdə Əbu Düləf erməni hökmdarı Smbatla “sazişə girərək, dinc yaşamaq haqqında müahidə”[3] də bağlayır. X əsrin son illərində Şəddadi hökmdarı Arranşah titullu I Fəzl (985-1031) müstəqil hakimlik etməyə çalışan bir çox feodal mülklərini – XaçınSünik knyazlıqlarını, Gorusu, o cümlədən Naxçıvanı Şəddadilər dövlətinin tərkibinə qatır, Dvini tutur və qərbə doğru irəliləyərək bir neçə erməni vilayətini də özünə tabe edir.[1]

1018-1021-ci illərdə Araz çayını adlayaraq Rəvvadilərin tabeliyində olan cənub istiqamətindən Arran torpaqlarına yürüş edən oğuzlar Naxçıvan, sonra isə Dvinə yürüş edərkən bu ərazilərin Əbudüləfilərdən olan hökmdarı ciddi müqavimət göstərə bilmir.[2] 1029-cu ildə Rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə Güney Azərbaycanda məskən salan oğuzlar tezliklə razılmaşmaya əməl etməyərək Marağa, Urmiya və başqa böyük şəhərlərə də girirlər.

Bu dövrdə Naxçıvanda yaşayan məşhur Azərbaycan şairi[4][5][6] Qətran Təbrizi "Naxçıvan qalasında düşmənə qalib gələn"[7] Əbu Düləfi mədh edir. Qətran Təbrizinin qəsidələrində Əbu Düləfi şişirtmələrlə "şahi Naxçıvan" (Naxçıvanşah), "Şah Əbu Düləf", "ədalətli şahənşah", "bəndəpərvər padşah məlik Əbu Düləf" titulları ilə tərifləməsinə baxmayaraq. O, həmin dövrdə yalnız Şəddadilər dövlətinin tərkibində olan Naxçıvanın hakimi - əmiri olmuşdur.[8]

Şəddadilərə tabe olan başqa mülk sahibləri kimi Əbudüləfilər də onların xəzinəsinə vergi ödəyir, dövriyyədə olan pullarını işlədir, cümə xütbələrində öz adlarından əvvəl süzerenlərinin adlarını çəkirdilər.[2] Mənbələrdə Əbudüləfilərin RəvvadilərArtsrunilərlə qohumluq əlaqələrinə malik olması haqqında məlumatlar vardır.[1]

Dövlətin süqutu

[redaktə | mənbəni redaktə et]

1054-1055-ci illərdə Səlcuq sultanı Toğrulun Azərbaycana yürüşü zamanı Əbudüləfilərin hakimlik etdikləri Naxçıvan da hücuma məruz qalır. 1063-cü ildə ikinci səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycanda Səlcuqilərin vassalı olan feudal mülklərinin sahibləri üzərində təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş edir.

Reydən Mərəndə, ordan isə İbn əl-Əsirin (XIII əsr) yazdığına görə, "ölkələrin dərələri və sərt dağları ilə Naxçıvana” gələn Səlcuq qoşunu sultanın əmri ilə burada "Araz çayını keçmək üçün gəmilər" hazırlayır. Həmin müəllifin məlumatına görə. Naxçıvanda olarkən "sultanın ətrafında saysız-hesabsız hökmdar və əsgər toplandı". İbn əl-Əsir səlcuqların "müsəlmanların sərhədyanı dayağı" olan iki qalanı (SürməliniQarabağı) tutduqlarını və "əsgərlərlə, sursatla, pulla və silahla təmin edib, Naxçıvan əmirinin səərncamına vermələrini" də bildirir. Bu məlumatda əmirin adı çəkilməsə də, tədqiqatçılar Alp Arslanın Əbudüləfiləri hakimiyyətdən uzaqlaşdıraraq Naxçıvanşahlığa son qoyduğu və Naxçıvana Səlcuqlulardan olan əmir təyin etdiyini qeyd edirlər.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 M.X.Şərifli. IX əsrin II yarısı – XI əsrdə Azərbaycan feodal dövlətləri. Bakı: 1978
  2. 1 2 3 4 5 N. Vəlixanlı – X əsrin ikinci yarısı – XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bird daha "Naxçıvanşahlıq" haqqında, AMEA-nın xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), Bakı, 2001, № 3
  3. Степаноса Таронеци Асогик - Всеобщая история, Раб. С. Малхасеанца. СПб., 1885с. 131 — 141
  4. Вадим Сергеевич Шефнер - Поэты Азербайджана, "Сов. писатель," Ленингр. отд.-ние, 1970, səh 63
  5. "Frederik Coene - The Caucasus: An Introduction, səh 204". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-19.
  6. Mirza İbrahimov- Azerbaijanian poetry: classic, modern, traditional, Progress Publishers, 1970, səh 482
  7. Qətran Təbrizi - Divan, Bakı, 2006, səh 265
  8. AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2002, Əbudüləfilər məqaləsi, səh 117

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]