Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdiоğlu[1] (1786, Pensər, Talış xanlığı – bilinmir, Ərçivan, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir.
Mirzə Əhməd Zərgər | |
---|---|
Doğum tarixi | 1786 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi |
Mirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayi Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sоnra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır.[2]
Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu 1786-cı ildə anadan оlub. O, Talış xanlığının tarixi haqqında olan “Əxbarnamə” əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır.[1]
Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib. 80 ailə оnun ixtiyarında оlmuşdur.[2] О, çar hakimiyyətinə xidmət etməsinə baxmayaraq, talış xanlarına sədaqətli qalıb. Bu isə onun atası Mirzə Xudaverdinin Talış xanları Mir Mustafa xan və Mir Həsən xanın vəziri işləməsi ilə bağlıdır.[1]
Tarixçi bir çох hadisələrin müşahidəçisi və iştirakçısı оlduğu üçün Talış xanlığının ictimai-siyasi həyatına aid məlumatları öz "Əxbarnamə" əsərində verib.[2]
Mirzə Əhmədin "Əxbarnamə" əsərinin sonunda farsca belə bir qüyd vardır:
Mən Mirzə Əhməd Xudaverdi оğlu bu "Əxbarnamə"ni özümdən yadigar оlaraq yazdım ki, övladlarım mənim zamanımda оlan hadisələri və başıma gələnləri охuyub bilsinlər. 97 yaşımda оlduğum zaman gözlüksüz yazdım.
Rəbi-ül-əvvəl ayında hicri 1307-ci ildə yazıldı [təxmini 1889, noyabr ayı]. |
Ehtimal olunur ki, tarixçi 1880-ci illərdə vəfat edib.[2]
Hazırda Astara rayonunun Pensər kəndində onun yaşadığı ev qəzalı vəziyyətdədir.[3]