Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri[1]) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd.[2]

Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi.[3][4] Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı.[2]

Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi.[2]

Texniki məlumat

[redaktə | mənbəni redaktə et]

İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№ 903) saxlanılır. Ölçüsü 34x12 sm, xətti nəsx, siyaqət və qırma siyaqətdir. 632 səhifəlik bu dəftərin 214, 296, 355, 520, 540-cı səhifələri boşdur.[2] Dəftər Gəncə-Qarabağ əyalətinin böyüklüyünə baxmayaraq digər əyalət dəftərlərinin tərtib olunma müddətinə nisbətən daha qısa bir müddətdə iki il ərzində 1725–1727-ci illər arasında hazırlanmışdır.[5]

1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" Gəncə-Qarabağ əyalətinin inzibati-ərazi bölgüsü haqqında dolğun məlumat verən yeganə sənəddir.[2]

Yenidən nəşri

[redaktə | mənbəni redaktə et]

Osmanlı arxivlərində saxlanılan bu "Təhrir dəftərləri"nin çapı hazırda Kanadada yaşayan Hüsaməddin Məmmədov Qaramanlı adlı tarixçinin adıyla bağlıdır.[4] "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" (kiril əlif. "Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри") 2000-ci ildə Bakıda "Şuşa" nəşriyyatında Hüsaməddin Məmmədov Qaramanlının tərcümə və qeydləri ilə nəşr olunub.[4]

  1. Gence-Karabağ eyaletinin Mufassal Defteri. İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tahrir Defterleri, 903.
  2. 1 2 3 4 5 "Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри" Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine (latın əlif. "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"). Bakı, "Şuşa" nəşriyyatı, 2000. "Ön söz" (kiril əlif. "Өн сөз"), Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2 avqust 1999-cu il. səh. 3–22. (az.)
  3. Dr. Hüsamettin Memmedov. "Beylerbeylikten Hanlığa: Gence - Karabağ". «TarihTarih.com». 2017-11-02 tarixində www.tarihtarih.com orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-12. (türk.)
  4. 1 2 3 Nazir Əhmədli. «Ovqat.com» "Nazir Əhmədli: "Aşıq Ələsgərin qohumları elə tufan qoparırlar ki, guya, dünya dağılacaq"" (#bad_url). Ovqat.com. 4 avqust 2017. 2 noyabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  5. "Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри" Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine (latın əlif. "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"). Bakı, "Şuşa" nəşriyyatı, 2000. "Ön söz" (kiril əlif. "Өн сөз"), Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2 avqust 1999-cu il. səh. 4. (az.)