Bu məqalə Harri Potter və Fəlsəfə Daşı romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Fəlsəfə Daşı (film, 2001) səhifəsinə baxın. |
Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher's Stone, amerika versiyası: Harry Potter and the Sorcerer's Stone) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrbaz olmasını öyrənməsi, Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır.
Harry Potter and the Philosopher's Stone | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 30 iyun 1997 |
Tərcüməçi | Fəxrəddin Ağazadə |
Rəssam |
Tomas Teylor (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun nəşriyyatı |
Səhifə |
223 (BB) 309 (ABŞ) 399 (Rusiya) 368(Azərbaycan) |
Əvvəlki | prikvel |
Sonrakı | Harri Potter və Sirlər Otağı |
ISBN | ISBN 5-353-00308-X |
Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə "Bloomsbury" nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə "Scholastic Corporation" nəşriyyatı "Harri Potter və Sehrbaz Daşı" (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-də bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab "The New York Times"ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999–2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir.
Əksər tənqidçilər Roulinqin zəngin fantaziyası, sadə, düzgün nəql stilini və aydın süjet qurma bacarığını yüksək qiymətləndirsələr də, bəziləri romanın son fəsillərində çox hadisə "sığışdırıldığını" bildirmişlər. "Harri Potter və Fəlsəfə Daşı" əsəri Roulinqin sevimli yazıçısı olan Ceyn Ostinin əsərləri, Harri Potter romanlarından əvvəl uşaq ədəbiyyatının ən məşhur nümunələrini yaratmış Roald Dalın əsərləri və qədim yunan yazıçısı Homerin əsərləri ilə müqayisə edilmişdir. Bəzi tənqidçilər romanı viktorian və edvardian dövrünün məktəb romanları ilə müqayisə edərkən, bəziləri də etik və sosial normaları baxımından romanın müasir ədəbiyyat nümunəsi olduğunu bildirmişlər.
Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi bu əsər də bəzi dini qrupların hücumlarına məruz qalmış, cadugərliyi təbliğ etməsi iddiası ilə bəzi ölkələrdə qadağan olunmuşdur, lakin, bəzi xristian alimləri romanın özünə inam və özünü inkişaf etdirmə kimi xristian dəyərlərini təbliğ etdiyini bildirmişlər. Kitabların məşhurluğunu və ədəbi dəyərini nəzərə alan pedaqoqlar Harri Potter seriyasından olan digər romanlar kimi "Fəlsəfə Daşı" romanının da uşaqların ədəbiyyat təhsilində istifadə olunmasına qərar vermişlər. Romanlar seriyası həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır.
Romanda əsas hadisələr başlamazdan əvvəl ən qaranlıq və qəddar cadugər olan Lord Voldemortun gənc sehrbaz cütlük olan Ceyms və Lili Potterləri öldürür, lakin onların körpə övladları Harrini öldürmək istəyərkən hansısa naməlum gücün təsiri ilə sirli şəkildə yoxa çıxır. Sehrbazlar aləmi Voldemortun məğlub edilməsini bayram edərkən Professor Dambldor, Professor MakQonaqal və nəhəng Haqrid yetim qalmış Harrini maql (sehrbaz olmayan) xalasının – Vernon və Petunya Dursilərin, həmçinin onların həddən artıq qayğı görmüş övladı Dadlinin – yanında qoyur.
On yaşına çatana kimi Harri Durslilərin yanında yaşamağa məcbur olur, Dursliləri isə ona ailə üzvü kimi yox, xidmətçi kimi yanaşır, onu incidir və çoxlu işlədirlər. On bir yaşının tamamlanmasına az qalmış Harriyə Hoqvartsdan çoxlu məktub gəlməyə başlayır, lakin xalasının əri Vernon Dursli Harrinin məktubları oxumasına imkan vermədən onları məhv edir. Məktubların qarşısını ala bilmədiyini görən Vernon əvvəlcə ailəni bir otelə aparır, lakin məktubların otelə də gəlməyə davam etdiyini gördükdə o, ailəni kiçik bir adaya aparır. On bir yaşının tamam olduğu gecədə həmin adaya enən Haqrid nəhayət ki, Hoqvartsdan gələn məktubu Harriyə çatdırır və Durslilərin on il ərzində ondan gizlətdikləri həqiqəti danışır: Harri sehrbazdır və Hoqvartsa qəbul edilib. Haqrid məktəb üçün lazım olan əşyaların alınması üçün Harrini Londonun altında yerləşən Diaqon küçəsinə aparır və burada Harri ilk dəfə sehrbazlar arasında "sağ qalmış oğlan" kimi məşhur olduğunu görür. Həmçinin bəlli olur ki on bir yaşına kimi əziyyət içində yaşayan Harri, valideynlərinin Qrinqots Bankında (sehrbazların bankı) qoyduğu sərvət sayəsində zəngin bir adam imiş. Haqridin müşayəti ilə Harri Hoqvartsda təhsilin birinci ili üçün lazım olan hər şeyi alır.
Sehrli çubuq almaq üçün dükana getdikdə Harri öyrənir ki, sehrbazlar çubuğu yox, çubuq sehrbazları seçir. Harrini seçən çubuq Simurq quşunun lələyindən hazırlanmış olur.[1] Harri öyrənir ki, simurqlar ömrü boyu yalnız bir lələk verir, yalnız lələyindən Harrinin çubuğu hazırlanmış simurq istisna olaraq iki lələk verib, lələklərdən birindən Harrinin çubuğu, digərindən isə Harinin başında cızıq qoymuş Lord Voldemortun çubuğu hazırlanıb. Haqrid ad günü hədiyyəsi olaraq Harriyə şimal bayquşu hədiyyə edir, Harri isə quşun adını Hedviq qoyur. Bir ay sonra Hoqvartsa getmək üçün Harri "Kral Xaçı" dəmiryolu vağzalında Hoqvarts Ekspress qatarını axtarır. Elə burda da Uizli ailəsi ilə tanış olur. Onlar harriyə 9¾ Platformasına çatmaq üçün sehrli divarın arasından keçməyi öyrədirlər.
Qatarda Harri qısa müddətdə Ron Uizli ilə dostlaşır, onlar Qrinqotsu, qarşıdakı təhsil ilini müzakirə edirlər. Yolda onlar Hermiona Qreyncer ilə tanış olurlar. Daha sonra Hermiona onların ən yaxşı dostu olur. Harri bu səfər zamanı özünə düşmən də tapır; qarşıdakı il ərzində Drako Malfoy yoldaşları Vinsent Krabb və Qreqori Qoylla birlikdə Harrini izləyir, ona ziyan vurmağa çalışırlar, çünki qatarda Malfoy Harriyə dostlqu təklif edib, Ronla əlaqəni kəsməyi təklif etsə də Harri bundan imtina edir.
Məktəbin böyük zalında ilk nahardan əvvəl təzə tələbələr Seçici şlyapa tərəfindən fakultələrə bölünürlər. Harrinin seçilməsi zamanı şlyapa Harrini güclü, lakin qara cadugərlərin yetişdiyi Slizerin fakultəsinə göndərmək istəsə də, Harrinin etirazından sonra onu Professor Dambldorun da vaxtilə təhsil aldığı Qriffindor fakultəsinə göndərir. Ron və Hermiona da Qriffindor fakultəsinə göndərilir. Drako isə Slizerin fakultəsinə düşür. Nahar zamanı Harri Professor Sneypin ona baxdığını görür və başında Lord Voldemort tərəfindən qoyulmuş cızıqda ağrı hiss edir.
Professor Sneypin çətin keçən İksir dərsindən sonra Harri və Ron Haqridin (Hoqvartsın açar saxlayanı) Qadağan olunmuş meşə yaxınlığında yerləşən daxmasına gedirlər. Burda onlar öyrənirlər ki, Qrinqotsda oğurluq hadisəsi baş verib və bu hadisə məhz Harrinin Haqridlə birgə bankda olduğu gün olub. Harri xatırlayır ki, Haqrid məhz oğurluq edilməyə cəhd edilmiş nömrədən nəsə götürmüşdü. Və buna görə də oğru heç nə oğurlaya bilməyib.
İlk süpürgədə uçuş dərsində Nevil Lonqbatm nəzarəti itirərək çox yüksəyə qalxır, süpürgə onu uçuraraq məktəbin divarına çırpır, çətinliklə yerə enən Nevil qolunu yaralayır və müəllim onu həkimə aparır. Nevill yıxılarkən cibindən nənəsinin ona göndərdiyi yaddaş dağarcığını yerə salır. Dağarcığı Malfoy tapır və Nevili ələ salmaq üçün dağarcığı hündür bir yerdə gizlətməyə çalışır. Harri süpürgəsini götürərək göyə uçur və dağarcığı əldə edir. Harrinin süpürgədə ilk uçuşunu Qriffindor fakultəsinin dekanı Professor MakQonoqal görür. MakQonoqal onu öz kabinetinə apararaq Qriffindorun Qviddiç klubunun arayıcısı təyin edir.
Gecə Drako ilə sehrbaz duelinə gəldikləri zaman Nevil və Hermionanın müşayət etdiyi Ron və Harri səhvən qadağan olunmuş dəhlizə girirlər və nəhəng üçbaşlı iti görürlər. Onlar qaçırlar, lakin Hermiona bədheybətin quyu üzərində dayandığını görür. Harri düşünür ki, həmin qorxunc heyvan Haqridin Qrinqotsdan götürdüyü əşyanı qoruyur.
Ronun Hermionanın çox danışması və çox bilməsini tənqid etməsindən sonra Hermiona inciyir və qızların tualetinə gedərək ağlamağa başlayır. Hellouen bayramı zamanı Professor Kuirinus Kuirel zala daxil olaraq qəsrin zirzəmisinə trollun girdiyini xəbər verir və huşunu itirir. Dambldor qrup rəhbərlərinə uşaqları yataqxanaya aparmağı tapşırır, bu arada Harri və Ron heç nədən xəbəri olmayan Hermionanı xəbərdar etmək üçün qızların tualetinə gedirlər. Troll zirzəmidən çıxaraq məktəbin içində gəzməyə başlayır və qızların tualetinə gedir. O, əlindəki sopa ilə bir neçə dəfə Hermionaya zərbə endirməyə çalışsa da, Hermiona gizlənir, Harri və Rona trollun fikrini yayındırmağa çalışırlar. Harri trollun belinə atılaraq sehrli çubuğunu onun burnuna soxur, Ron isə tilsimlə sopanı trollun əlindən alaraq onun başına zərbə endirir. Müəllimlər tualetə gəldikdə artıq troll huşsuz halda yerdə uzanmış olur. Hermiona günahı öz boynuna götürərək Harri və Ronu müdafiə edir. Bundan sonra uşaqların üçü də möhkəm dost olurlar.
Müəllimlərin tualetə gəlməsi zamanı Harri Professor Sneypin ayağının yaralandığını görür.İlk Qviddiç yarışı zamanı Harrinin süpürgəsi özünü qəribə apararaq onu yıxmağa çalışır, Hermiona Professor Sneypin Harriyə baxaraq tilsim oxuduğunu görür. O, gizlincə tilsim edərək Sneypin mantiyasını yandırır, keçərkən isə Kvirelin ayağını tapdalayır. Süpürgəsi üzərində nəzarəti bərpa edən Harri Qızıl Snitçi tutur və Qriffindor qalib gəlir. Haqrid Sneypin Harriyə ziyan vura biləcəyinə inanmır, akin üç başlı itin (Tüklü adlı) Dambldor və Nikolas Flamel adlı bir sehrbazın sirrini qoruduğunu ağzından qaçırır.
Milad tətili zamanı Harri və Uizlilər Hoqvartsda qalsalar da, Hermiona evə gedir. Harrinin aldığı bayram hədiyyələrindən biri naməlum adam tərəfindən göndərilmiş Görünməzlik Mantiyası olur, Haqrid isə ona fleyta hədiyyə edir. Harri mantiyanı məktəb kitabxanasının qadağan olunmuş hissəsinə girmək üşün istifadə edir ki, orada Nikolas Flamel haqqında məlumat tapsın. Kitabxanadan qayıdarkən o, səhv otağa girir və burada İstək Güzgüsünü tapır ki, güzgü də ona valideynlərini göstərir. Harri güzgüdən asılı vəziyyətə düşür, hər gecə yataqxanadan qaçaraq valideynlərini görmək üçün güzgünün yanına gəlir. Növbəti dəfə güzgünün yanına gələn Harri burada Dambldorla qarşılaşır və o, Harriyə güzgünün aldadıcı olduğunu və insana həqiqəti deyil, yalnız görmək istədiyini göstərdiyini deyir.
Miladda Hermionanın Harriyə hədiyyə etdiyi qurbağa şokoladlarından çıxan kartın sonuncusunun içində üzərində Professor Dambldorun təsviri olan kart çıxır. Uşaqlar Nikolas Flamelin əlkimyaçı olduğunu və Dambldorun dostu olduğunu öyrənirlər. Hermiona qısa müddətdə öyrənir ki, Flamel 665 yaşlı əlkimyaçıdır və onun məşhur olmasının səbəbi odur ki, tarixdə məlum olan yeganə Fəlsəfə daşını yaratmağa məhz o müvəffəq olub. Bir neçə gün sonra Harri Sneyp və Kvirel arasında fəlsəfə daşı haqqında danışığın şahidi olur. Harri belə qərara gəlir ki, Sneyp Fəlsəfə daşını oğurlamaq istəyir və daşı qorumaq üçün müəllimlərin birgə yaratdığı tilsimin sirrini açması üçün Kvireli təhdid edir.
Üç dost öyrənirlər ki, sehrbazlıq qanunlarına zidd olaraq Haqrid körpə əjdaha bəsləyir və onlar Haqridi gecəyarısı əjdahanı Rumınyaya göndərməyə razı salırlar. Bunu öyrənən Drako hər şeyi MakQonoqala danışır. Əjdaha təhlükəsiz şəkildə göndərildikdən sonra uşaqlara da cəza verilir. Harri, Hermiona, Drako və Nevil gecə vaxtı Haqridlə birlikdə Qadağan olunmuş meşəyə gedərək ağır yaralanmış təkbuynuza kömək etməli idilər. Onlar iki qrupa bölünərək axtarışa başlayırlar. Harri və Drako qaranlıqda kapişonlu mantiya geyinmiş bir nəfərin meşənin ortasında yıxılmış təkbuynuzun qanını içdiyini görür. Uşaqlar həmin mantiyalının diqqətini cəlb edirlər, lakin Drako qaça bilir, həmin naməlum şəxs Harrinin üstünə hücum etsə də, qəfil peyda olan Frenzi adlı kentavr onu xilas edir. Kentavr gecə vaxtı meşədə gəzməyin onun üçün çox təhlükəli olduğunu bildirir. O, qeyd edir ki, təkbuynuzun qanını içmək ölümcül vəziyyətdə olan istənilən insanın həyatını xilas edir, lakin qan onun dodağına dəydiyi andan həmin adamın həyatı lənətlənir. Çünki. Təkbuynuz kimi gözəl, günahsız və müdafiəsiz bir varlığı öldürmək böyük cinayətdir.
Bir neçə həftə sonra Harri öyrənir ki, Haqrid əjdaha yumurtasını naməlum bir nəfərdən almış və həmin şəxs Haqriddən Tüklü haqqında soruşarkən Haqrid ona üçbaşlı itin musiqi eşidərkən yuxuya getdiyini danışmışdı. Fəlsəfə daşının təhlükə altında olduğunu öyrənən uşaqlar bu barədə Dambldora məlumat verməyə gedirlər, lakin məlum olur ki, Sehr Nazirliyindən gələn təcili məktubdan sonra Dambldor Londona gedib. Harri düşünür ki, Sneyp süni məktub göndərərək Dambldoru qəsrdən uzaqlaşdırıb və bu gecə Fəlsəfə daşını oğurlamağa çalışacaq. Uşaqlar qərara gəlirlər ki, Dambldorun olmaması şəraitində daşı özləri qorumalıdırlar. Görünməzlik mantiyasının altında gizlənən uşaqlar Tüklünün olduğu otağa gəlirlər, burada Harri Haqridin ona bağışladığı fleytada ifa edərək iti yuxuya verir. Bundan sonra quyuya düşən uşaqlar ağac və şahmat tilsimindən keçirlər.
Bundan sonra içəri keçən uşaqlar uçan açarların içindən qapının açarını tapırlar və Harri sonuncu otağa keçir, Hermionaya isə yaralı Ronu xilas etmək və Dambldora bayquşla məktub göndərərək baş verənləri çatdırılmaq tapşırılır.
İçəri girərkən Harri Kvirelin otaqda olduğunu görür, professor isə trollu qəsrə buraxmasını və birinci Qviddiç yarışması zamanı Harrini öldürməyə çalışmasını etiraf edir. Bütün bu müddət ərzində Sneyp Harrini qorumağa çalışır. Lord Voldemorta xidmət edən Kvirrel isə Fəlsəfə daşını oğurlayaraq onu yenidən həyata qaytarmaq istəyir. Lakin, daşı tapmaq mümkün olmur. Çünki otaqdakı yeganə əşya vaxtilə Harrinin ailəsinin gördüyü güzgü idi. Güzgü Kvirrelə daşın yerini göstərmir. Voldemortun göstərişi ilə Kvirrel Harrini güzgü qabağına gəlməyə məcbur edir. Güzgü Harriyə daşı tapmasını göstərir. Kvirrel nə gördüyünü soruşduqda isə Harri onu aldadır. Bu zaman Voldemort onun yalan danışdığını anlayaraq Kvirrelə onunla danışmağa imkan verməyi əmr edir. Kvirrel həmişə başında gəzdirdiyi çalmanı açır və başının arxasında daha bir üz olduğu ortaya çıxır. Voldemort/Kvirrel Harridən daşı almağa cəhd edir, lakin Harriyə toxunarkən yanıb kül olmağa başlayır.
Son anda özünü çatdıran Dambldor Harrini xilas edir. Üç gün sonra məktəbin xəstəxanasında özünə gələn Harri Dambldorun gülümsəyən baxışlarının təsiri ilə sakitləşir. Dambldor anasının sevgisinin buraxdığı təsir nəticəsində Harriyə toxunan şər qüvvənin yandığını bildirir. Həmçinin Görünməzlik mantiyasının vaxtilə Harrinin atasına məxsus olmasını və Dambldor tərəfindən göndərilməsini danışır. Harri Fəlsəfə daşının taleyini soruşduqda Dambldor daşın artıq məhv edildiyini bildirir.
Dərs ilinin bitməsi münasibətilə təşkil olunmuş ziyafətdə Qriffindorun məktəb kubokunu qazanması elan edilir. Yay tətilində Harri Durslilərin yanına gedir. Durslilər isə ona əvvəlki kimi münasibət göstərməyə çəkinirlər. Harri məktəbdə baş verənlərin heç birini Durslilərə danışmır.
Harri Potter Roulinqin "cılız, qara saçlı, eynəkli və sehrbaz olduğundan xəbəri olmayan" biri kimi təsvir etdiyi yetim uşaqdır.[2] Hadisələrin gedişində Harri inkişaf edir və müxtəlif macəralar yaşayır. Birinci fəsildə hadisələr Harrinin bir yaşlı körpə olduğu dövrdən başlayır və on bir yaşlı uşaq olmasına kimi inkişaf edir.[3] Voldemort onun valideynlərini öldürür, lakin onu öldürməyə müvəffəq ola bilmir,[3] Harrinin alnında cızıq qalır. Harrinin gözəl Kviddiç oynamaq qabiliyyəri var və liderlik xüsusiyyətlərinə malikdir.
Ron Uizli Harrinin həmyaşıdı olan uşaqdır və Roulinq onu "ehtiyac olduğu zaman həmişə dostunun yanında olan"[4] biri kimi təsvir edir. O, bir qədər hündür boylu, narıncı saçlı və çillidir. O sehrbaz ailəsində böyüyüb və yeddi uşaqlı ailənin altıncı uşağıdır. Kifayət qədər kasıb ailəsi olmasına baxmayaraq onlar rahat və xoşbəxt yaşayırlar. O, yaxşı şahmat oynamaq qabiliyyəti sayəsində Fəlsəfə daşının tapılmasına kömək edir.
Hermiona Qreyncer maql ailəsinin övladıdır və dərslər başlamamışdan əvvəl bütün dərs kitablarını əzbərləmişdir. Roulinq Hermionanı "özünə güvənsizliyi və narahatlığı olan"[5] "çox məntiqli, aktiv və yaxşı"[5] xarakterli biri kimi təqdim edir. Harri və Ronu bir neçə dəfə ziyan çəkməkdən xilas etdikdən sonra onlar yaxın dost olurlar. Onun az dalğalı qəhvəyi saçları və bir az böyük olan dişləri var.
Nevill Lonqbotm Hoqavartsın tələbələrindən biridir və digərlərindən fərqli, durğun xasiyyətə malikdir, anasının nəyə görə ona Yaddaş dağarcığı verdiyini unudur. Nevilin sehrlə işləmək bacarığı olduqca zəifdir və o yalnız özünü təhlükədə hiss etdikdə tilsimlərdən istifadə edir.
Rubeus Haqrid Hoqvartsın açar saxlayanıdır. O da vaxtilə məktəbin şagirdlərindən biri olsa da, üçüncü sinifdə oxuyarkən qovulub, lakin Dambldor onu məktəbdən uzaqlaşdırmayaraq vəzifə verib. Haqridin uzun və qarışıq saç və saqqalı var. Haqrid Dambldorun ən sadiq adamlarından biridir və qısa müddətdə Harri, Ron və Hermiona ilə də dostlaşır. Lakin bir qədər sadəlövh olması Haqridə problem yaradır.
Professor Dambldor hündür boylu, arıq kişidir, o bir gözlü eynək taxır, gümüşü saçları və saqqalı var, saqqalı kəmərinə kimi uzanır. Dambldor Hoqvartsın direktorudur və Lord Voldemortun qorxduğu yeganə sehrbazdır. Roulinq Dambldoru "xeyirxahlıq simvolu"[6] kimi təqdim edir.
Professor MakQonoqall hündür boylu və ciddi görünüşlü müəllimədir. Məktəbdə Çevirilmə fənnini tədris edir və hərdən özü də pişiyə çevrilir. Professor MakQonoqal Qriffindor fakultəsinin dekanıdır.[7]
Petunya Dursli Harrinin anası Lilinin bacısıdır. O hündür boylu və arıq qadındır, qonşuların qapısını pusmağı sevir. O bacısının sehrli qüvvəsi olduğunu qəbul edə bilmir və bunu hamıdan gizlətməyə çalışır.
Drako Malfoy arıq, solğun rəngli və darıxdırıcı təkəbbürə malik oğlandır. O özünün Qviddiç oynamaq bacarığı ilə fəxr edir, onun fikirlərini bəyənməyən və hər iki valideyni sehrbaz olmayan tələbələri sevmir. Onun valideynləri Voldemortun tərəfində olsalar da, onun yoxa çıxmasından sonra, birinci olaraq təslim olmuş və qara cadugərin təsiri altında olduqlarını bildirmişdilər. Drakonun Harridən xoşu gəlmir, onu və dostlarını çətin vəziyyətə salmağa çalışır.
Professor Kvirell zəif və çəkingən biridir, Hoqvartsda Qara qüvvələrdən müdafiə fənnini tədris edir. Savadlı müəllim olsa da, vampirlərlə qarşılaşması onun qorxaq olmasına səbəb olmuşdu. Kvirell başına çalma bağlayır və sonradan məlum olur ki, o bu çalmanın altında Voldemortu gizlədir.
Professor Sneyp uzun burunlu, hündür arıq, uzun, qara saçları olan kişidir. O, Hoqvartsda İksir hazırlanması və onlardan istifadə fənnini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə fənnini tədris etmək arzusundadı. Slizerin fakultəsinin dekanı olan Sneyp öz tələbələrini tez-tez mükafatlandırsa da, hər fürsətdə başqa fakultələrin tələbələrini, xüsusilə Harrini cəzalandırır. Əvvəl Harri Sneypin Voldemorta xidmət etdiyini düşünsə də, sonda bunun əksi sübut olunur.
Arqus Filç məktəbin keşikçisidir və o, Uizli əkizlərindən sonra qəsrin bütün gizli yollarını ən yaxşı tanıyan adamdır. Hoqvartsın digər heyətinə Herbologiya fənnini tədris edən Professor Sprut, Tilsim fənnini tədris edən Professor Flitvik, Magiya tarixi fənnini tədris edən Professor Binns və Qviddiç və uçuş fənnini tədris edən Madam Huç daxildir.
Roulinqin debüt romanı olan "Harri Potter və Fəlsəfə Daşı" 1990-cı ilin iyun ayında və qismən 1995-ci ildə yazılmışdır. 1990-cı ildə məşhurlaşmaq qərarına gələn Coan Roulinq[a], oğlan dostu ilə birgə Mançesterə köçmək qərarına gəlir, "lakin bir həftəsonu Londona qayıdarkən qatarda Harri Potter haqqında olan ideya onun ağlına gəlir…Zəif, balaca, qara saçlı oğlan və onun sehrbazlığı haqqında fikirlər xeyli uzağa getdi…Həmin günün səhərindən mən Harri Potter və Fəlsəfə Daşı romanını yazmağa başladım. Lakin ilk bir neçə səhifə bitkin bir işə oxşamırdı."[11] Həmin ərəfədə Roulinqin anası vəfat edir və yazıçı şəxsi hisslərini yetim Harri obrazını yaradarkən istifadə edir.[11] Roulinq "Harri Potter və Fəlsəfə Daşı" romanının yazılmasına altı ilini sərf edir və nəhayət roman "Bloomsbury" nəşriyyatı tərəfindən qəbul edildikdə "Scottish Arts Council"-dan £8,000 alır ki, bu da yazıçını romanın davamını yazmağa həvəsləndirir.[12] Yazıçı kitabı naşirlərə və agentlərə göndərir, beləcə əsəri satmaq üçün bir ildən artıq vaxt sərf edir, naşirlərin bir çoxu romanın 90.000 sözdən çox olmasını irad tuturlar. "Bloomsbury Children's Books"un gənc fentezi yazarları ilə işləyən Barri Kanninqham romanı qəbul etməyi məsləhət görür, "Bloomsbury" rəhbəriin romanı oxuyan qızı isə əsərin "həmin vaxta kimi oxuduğu hər şeydən çox yaxşı" olduğunu deyir.[13]
"Bloomsbury" nəşriyyatı kitabı qəbul edir və Roulinqə £2,500 avans ödənilir.[14] Kanninqham kitabı ən ehtiyatlı, məsuliyyətli və diqqətli redaktorlara və tənqidçilərə göndərir ki, kütləvi nəşrə başlamazdan əvvəl bütün çatışmazlıqlar aradan qaldırılsın.[15] Onu kitabın həcminin uzun olmasından daha çox müəllifin adı narahat edirdi və o, qeyd edirdi ki, kitabın adı onun oğlanlar üçün nəzərdə tutulduğuna işarə etsə də, oğlanlar daha çox kişi müəlliflərin əsərlərinə üstünlük verirlər. Buna görə də, əsər nəşr edilməmişdən əvvəl Coan Roulinq adını qısaldaraq C.K.Roulinq şəklində qeyd etdirdi.[15] 1997-ci ilin iyulunda "Bloomsbury" ilkin olaraq kitabı beş yüz nüsxə ilə bərk üzlü olmaqla nəşr etdi və onlardan yüz nüsxəsi kitabxanalara paylandı.[16] Kiçik tirajlı birinci nəşrin dükanlara paylanmasından sonra Kanninqham ümid edirdi ki, kitab satıcıları əsəri oxuyacaq və öz müştərilərinə məsləhət görəcəklər.[15] Həmin ilk nəşrdən olan bir nüsxə kitab 2007-ci ildə "Heritage Auctions" hərrac evində $33,460 məbləğinə satılmışdı.[17]
Əsərə ilk şərh yazan Lindsi Frizer olmuşdu və onun şərhi "The Scotsman" qəzetində 28 iyun 1997-ci ildə nəşr edilmişdi.[15] O, "Harri Potter və Fəlsəfə Daşı" romanını "çox maraqlı triller" kimi, Roulinqi isə "uşaqlar üçün birinci səviyyəli yazıçı" kimi təsvir edir.[15][18] "The Herald" qəzetində nəşr edilmiş, digər erkən şərhdə isə qeyd edilirdi ki, "mən hələ də elə bir uşaq axtarıram ki, bu kitabı kənara qoya bilsin". Şotlandiyadan kənarda "The Guardian", "The Sunday Times" və "The Mail on Sunday" qəzetlərində romanı tərifləyən məqalələr dərc edilmişdi. 1997-ci ilin sentyabrında Böyük Britaniyanın uşaq kitabları üzrə ixtisaslaşmış "Books for Keeps" dükanlar şəbəkəsi kitabı beş bal üzərindən dörd balla dəyərləndirmişdi.[15] "The Mail on Sunday" qəzetində qeyd edilmişdi ki, bu əsər "Ronald Daldan sonra ən yaradıcı debütdür"; "Sunday Times"da nəşr edilmiş şərh də birinci şərhlə (Dalla müqayisə mövzusunda) səsləşirdi, "The Guardian"da isə kitabın "zəngin teksturası ilə zəngin təsəvvür imkanı yaratması" qeyd edilirdi.[15]
1997-ci ildə kitabın BB nəşri "Milli Kitab Mükafatı" və 9–11 yaşlılar kateqoriyasında "Nestlé Smarties Book Prize" mükafatını qazanmışdı.[19] Uşaqların səsverməsi nəticəsində təqdim edilən "Smarties" mükafatı altı ay ərzində kitabı çox məşhur etdi, halbuki bu nəticə üçün bütün kitablar illərlə gözləməli olurlar.[15] Növbəti il, "Harri Potter və Fəlsəfə Daşı" romanı Britaniyada uşaq kitabları üşün nəzərdə tutulmuş bütün əsas mükafatları da qazandı.[15][b] Əsər həmçinin böyüklər tərəfindən təqdim edilən uşaq kitabı mükafatına namizədlərin qısa siyahısına salınmış[20], lakin qazana bilməmişdi. Sandra Beket qeyd edir ki, Roulinqə qədər uşaq ədəbiyyatı nümunələri adətən yüksək ədəbi standartlara cavab vermir və ciddi ədəbi əsər hesab edilmirdilər, məsələn uşaq ədəbiyyatının ən məşhur nümunələrini yaratmış Dalın əsərləri də bu cür qəbul edilmişdi.[21] 2013-cü ildə roman BBC-nin 200 ən yaxşı kitab siyahısında 22-ci yerdə qərarlaşmışdır.[22]
"Harri Potter və Fəlsəfə Daşı" ədəbi dəyərlərə görə yox, sırf nəşriyyat işinə görə verilən iki mükafata layiq görülmüşdü ki, onlardan biri Britaniyada İlin Uşaq Kitabı Mükafatı, digəri isə Kitab Satıçıları Asossasiyası/İlin Kitab Satıcısı Müəllifi mükafatı idi.[15] 1999-cu ildə kitab təkcə BK-da 300.000 nüsxə ilə satılmışdı[23], 2001-ci ilin dekabrında isə roman hələ də ölkənin ən çox satılan kitabı olaraq qalmaqda idi.[24] 1998-ci ilin mayında Şotlandiyanın "Braille Press" nəşriyyatı romanın təkrar nəşrinə başlamışdı.[25]
Londonun "Kral Xaçı dəmir yolu stansiyası"nda Hoqvarts Ekspressin yola düşdüyü bildirilən 9¾ platformasına keçmək üçün istifadə olunan divarda xatirə lövhəsi vurulmuşdur.[26]
Britaniya | Amerikan |
---|---|
mum, mam | mom |
sherbet lemon | lemon drop |
motorbike | motorcycle |
chips | fries |
crisp | chip |
jelly | Jell-O |
jacket potato | baked potato |
jumper | sweater |
1997-ci ilin aprelində Bolonya Kitab Sərgisində "Scholastic Corporation" nəşriyyatı uşaq kitabları üçün qeyri-adi dərəcədə böyük məbləğə — $105,000 ödəməklə kitabın ABŞ nəşri hüququnu əldə edir.[15] Nəşriyyatda düşünürdülər ki, uşaq üzərində fəlsəfə sözü yazılmış kitabı oxumamalıdır[29], buna görə də Roulinqlə razılaşdırıldıqdan sonra 1998-ci ilin sentyabrında[30] kitab ABŞ-də "Harri Potter və Sehrbaz Daşı"[15] adı ilə nəşr edildi. Roulinq bildirir ki, bu dəyişikliyə görə təəssüf edir və əgər o zaman daha yaxşı bir təklif olsa idi, həmin təklifin həyata keçməsi uğrunda mübarizə aparardı.[8] Filipp Nel qeyd edir ki, romanın adıın dəyişdirilməsi onun əlkimya ilə əlaqəsinin qırılmasına səbəb olub, tərcümədə bəzi sözlərin dəyişdirilməsi isə (məsələn orijinalda yazılmış "oladi" (maffin) sözü ABŞ nəşrində "blin" olaraq dəyişdirilmişdi) bəzi yerlərdə mənanın dəyişməsinə gətirib çıxarmışdı. Birinci kitabda Roulinq Britaniya ingiliscəsində "mum" və Simus Finninqanın irland variantında "mam" kimi yazılmış "ana" sözünün ABŞ nəşrində "mom" kimi yazılmasına icazə versə də, sonrakı kitablarda bunu qadağan etmişdi. Bununla yanaşı Nel qeyd edir ki, kitabın adında "sehrbaz" sözünün işlənməsi ona olan marağı daha da artırırb, mətn dəyişikliklərini isə lazımlı redaktələr kimi qəbul etmək olar.[27] Kitabın ABŞ versiyası nəşr edildikdə bu ölkənin oxucuları artıq əsərin Britaniya versiyası ilə tanış idilər və bəziləri kitabı internet vasitəsiylə əldən etmişdilər.[31]
ABŞ-də da əvvəlcə "Kirkus" və Booklist" kimi nüfuzlu kitab tənqidçilərinin toplandığı şəbəkələr əsəri ciddi qiymətləndirməmiş və onu əyləncə xarakterli uşaq ədəbiyyatı kimi qəbul etmişlər.[32] Əsas ciddi müstəqil tənqidçilərin fikrləri də qəzetlərdə nəşr edilən rəylərlə uyğunluq təşkil edirdi. "The New York Times" qəzetindən Maykl Vinerip və "The Boston Globe" qəzeti isə əsərin son fəsillərinin ən zəif hissələr olduğunu elan etdilər[18][33], əksər ABŞ tənqidçiləri də buna bənzər fikir səsləndirdilər.[15][18] Növbəti il kitab Amerika Kitabxana Asossasiyasının Xüsusi Kitab siyahısına daxil edildi, "Publishers Weekly" jurnalının 1998-ci ilin Ən Yaxşı Kitabı, Nyu-York İctimai Kitabxanasının 1998-ci ilin Ən Yaxşı Kitabı, "Parenting Magazine" jurnalının 1998-ci ilin Ən Yaxşı Kitabı[19], "Məktəb Kitabxanaları Jurnalı"nın 1998-ci ilin Ən Yaxşı Kitabı və Amerika Kitabxanalar Assosasiyasının İlin Ən Yaxşı Yeniyetmə Kitabı mükafatlarına layiq görülmüşdür.[15]
1999-cu ilin avqustunda "Harri Potter və Fəlsəfə Daşı" "The New York Times"in ən çox satılan fentezi əsərlər siyahısının zirvəsinə yüksəlir[34] və 1999–2000-ci illər ərzində birinci yerə yaxın mövqeləedə qərarlaşır.[21][32] "Publishers Weekly" jurnalının məlumatına görə 2001-ci ilin dekabrında uşaq ədəbiyyatı sıralamasında "Harri Potter və Fəlsəfə Daşı" əsərinin möhkəm üzlü nəşri 19-cu (5 milyon nüsxə ilə satılmışdı), yumşaq üzlü nəşri isə 7-ci (6,6 milyon nüsxə ilə satılmışdı) yerdə qərarlaşmışdı.[35]
2008-ci ilin may ayında "Scholastic" nəşriyyatı on illik yubiley nəşrinin hazırlandığını elan etdi[36] və 1 oktyabr 2008-ci ildə romanın ABŞ nəşrinin on ilinin qeyd edilməsi məqsədi ilə xüsusi nəşr işıq üzü gördü.[37] 2013-cü ildə Kazu Kibuişinin yeni üz dizaynı ilə "Harri Potter və Fəlsəfə Daşı" romanı digər romanlarla birlikdə on beş illik yubiley məqasədiylə yenidən nəşr edildi.[38][39][40]
Dil | İl |
---|---|
Türk dili | 1999[41] |
Rus dili | 2000[42] |
Azərbaycan dili | 2011[43] |
2008-ci ilin ortalarına kimi əsər rəsmi tərcümə ilə 67 dildə nəşr edilmişdi.[44][45] "Bloomsbury" nəşriyyatı əsərin qədim yunan və latın dillərinə tərcüməsini də nəşr etmiş[46][47] və sonradan əsərin tərcüməsi "bir neçə əsr ərzində qədim yunan dilində yazılmış ən dəyərli əsər"[48] kimi qiymətləndirilmişdir.
Coan Roulinqin on iki yaşından bəri pərəstiş etdiyi Ceyn Ostinin təsiri haqqında Filipp Nel bəhs edib. Hər iki yazıçının əsərlərinin təkrar oxunmasına ehtiyac olur, çünki, əvvəlcə əhəmiyyətsiz kimi görünən səhnələr və ya simvollar, sonradan romanın davamında və ya başqa hissəsində əhəmiyyətli detala çevrilir, məsələn, Sirius Blek obrazı əvvəlki hadisələrdə, eləcə də "Fəlsəfə Daşı" romanında epizodik olaraq xatırlansa da, üçüncü və beşinci romanların əsas qəhrəmanına çevrilir. Ostinin qəhrəmanları kimi, Harri də kitabların sonuna yaxın ideyalarını yenidən nəzərdən keçirir. Harri Potter romanlarındakı məktubların həyəcanlı kütləvi oxunuşu kimi bəzi sosial davranışlar Ceyn Ostinin yaradıcılığını xatırladır. Hər iki müəllif ictimai davranışlara satirik yanaşaraq, obrazlara onların şəxsiyyətini ifadə edən adlar vermişdir. Nel isə qeyd edir ki, Roulinqin satirası daha çox karikaturaya əsaslanır, obrazları üçün seçdiyi adlar isə Çarlz Dikkensin hekayələrindəki obrazlara oxşayır.[18] Amanda Kokrell qeyd edir ki, obrazların yaradılması zamanı Qədim Qoma mifologiyası qəhrəmanlarından tutmuş XVIII əsr Almaniya ədəbiyyatına kimi müxtəlif personajlara allyuziya edilmişdir.[49] Narniya romanlar seriyasının müəllifi K.S. Luis kimi Roulinq də uşaqlar və böyüklər üçün nəəzərdə tutulmuş ədəbiyyat nümunələri arasında ciddi sərhəddin olmadığını düşünürdü. Əksər yaxşı uşaq yazıçıları kimi Roulinq də fentezi, yeniyetmə ədəbiyyatı, kiçik məktəb hekayəsi, maarif romanları və sair kimi bir neçə ədəbi janrı birləşdirmişdir.[18]
Bəzi tənqidçilər "Harri Potter və Fəlsəfə Daşı" romanını 1990-cı ildə vəfat etmiş Ronald Dalın hekayələri ilə müqayisə etmişlər. 1970-ci illərdən bəri bir çox yazıçılar Dalın varisi elan edilsələr də, "Fəlsəfə Daşı" satışa çıxarılana kimi onlardan heç biri Dalın uğurunu təkrar edə bilməmiş, on məşhur uşaq romanından yeddisi, həmçinin birinci yerdə olan Dalın əsərləri olmuşdur. 1990-cı illərin həqiqətən də məşhur olan yeganə yazıçısı R.L.Stayn idi. "Fəlsəfə Daşı"nın bəzi hekayə elementləri Dalın hekayələri ilə səsləşir; məsələn, Dalın "Ceyms və böyük ərik" hekayəsinin qəhrəmanı da valideynlərini itirmiş və xalası ilə yaşamağa məcbur olmuşdu, Mr. və Mrs. Durslilər kimin onun da xalası arıq uzun, xalasının əri kök idi. Lakin Harri Potter obrazı daha mükəmməl olduğundan, kiçik görünməsinə baxmayaraq, böyüklərin məsuliyyətini daşıya bilir.[15]
Kitabxanaçı Nensi Knapp və marketinq professor Stefan Braun süjetin, xüsusilə Diaqon küçəsində alış-veriş səhnəsinin canlı və detallı təsvirinə xüsusi diqqət çəkirlər.[19][50] Ted Brennan qeyd edir ki, Roulinqin yazı üslubu Homerin yazı üslubuna bənzəyir: "sürətli, düz və fikri birbaşa ifadə edən".[48] Stiven Kinq bildirir ki, "əsərdəki gülməli detallar yalnız Britaniya fantastlarına məxsus xüsusiyyətlərə malikdirlər" və bu detallar ona görə işləkdir ki, Roulinq qısa gülüşdən sonra hadisələri xeyli inkişaf etdirir.[51]
Nikolas Taker qeyd edir ki, erkən Harri Potter romanları viktorian və edvardian dövrlərinin uşaq hekayələrini xatırladır: Hoqvarts köhnə stilli məktəbdir, burda müəllimlər tələbələrə soyadları ilə müraciət edirlər; Durslilərdən başlayaraq bütün obrazların şəxsiyyətləri onların ilk göründüyü vaxta açıqlanır; Fliçin pişiyi Mrs Norris də daxil olmaqa, məfi və zərəli obrazlar məhv edilməkdənsə yenidən formalaşdırılır; yetim olan əsas qəhrəman həyatda öz yerini tapır, idmanda xarizmatik və güclü olsa da, zəiflərə qarşı incə və qayğıkeş yanaşır.[52] Bir neçə başqa tənqidçi isə qeyd edir ki, bəzi sosial stereotiplər də nəzərə alındıqda, romanın yüksək sosial təbəqə üçün nəzərdə tutulduğunu demək olar.[53] Lakin, Karin Uesterman 1990-cı illərin Britaniyası ilə paralellər qurur: tədris sisteminin parçalanmasına çalışılır, lakin sistem hakimiyyəti və gücü olmayan biri tərəfindən müdafiə edilir; Hoqvarts tələbələrinin mülti-etnik tələbə tərkibi; müxtəlif intellektual təbəqələr arasındakı irqi fərqlər və məktəb davranışları.[54]
Syuzan Hol yazır ki, kitabda heç bir hüquq qaydaları yoxdur, Sehr Nazirliyinin nümayəndələri müstəqil hərəkət edirlər və onların qərarları heç bir hüquq məcəlləsi ilə tənzimlənmir. Bu isə öz növbəsində Voldemortu öz qorxunc idarə sistemini təklif etməyə təhrik edir. Digər tərəfdən, yan təsir kimi, maqlların sərt reqlamentli dünyasında böyümüş Harri və Hermiona tanımadıqları sehrbazların dünyasına uyğunlaşmanın yollarını axtarırlar. Məsələn, Hermiona qeyd edir ki, Fəlsəfə Daşını tapmaqda ortaya çıxan əsas maneə məntiqin əvəzinə daha çox sehrli qüvvələrdən istifadə olunmasıdır və bir çox sehrbazların bu məsələni həll etmək imkanı yoxdur.[55]
Nel razılaşır ki, materialist Durslilərin tənqidi xarakterizasiyası Roulinqin 1990-cı illər Britaniya hökumətinin, evli heteroseksual cütlüklərə yönəlik ailə siyasətinə reaksiyası idi, çünki müəllif özü tənha ana idi. Harrinin yaşlı və yeniyetmə sehrbazlarla münasibəti şəfqət və sədaqət üzərində qurulur. Bu, onun bütün seriya boyu Uizli ailəsinin üzvü kimi olmasında, həmçinin əvvəlcə Rubius Haqridin, daha sonra isə Remus Lupin və Sirius Blekin qayğısı altında olmasında özünü göstərir.[18][49]
Harri Potter seriyasından olan ikinci roman "Harri Potter və Sirlər Otağı" 2 iyul 1998-ci ildə BB-da, 2 iyun 1999-cu ildə ABŞ-də nəşr edilmişdir.[56][57] Bir il sonra növbəti roman "Harri Potter və Azkaban Məhbusu (roman)" 8 iyul 1999-cu ildə BB-da, 8 sentyabr 1999-cu ildə ABŞ-də nəşr edilmişdir.[56][57] "Harri Potter və Alov Kuboku" 8 iyul 2000-ci ildə "Bloomsbury" və "Scholastic" nəşriyyatları tərəfindən yayımlanmışdır.[58] "Harri Potter və Simurq Ordeni" romanlar seriyasından olan ən uzun əsər olmaqla, BB nəşrində 766 səhifə, ABŞ nəşrində isə 870 səhifədən ibarətdir.[59] Əsərin ingilis dilində beynəlxalq nəşri 21 iyun 2001-ci ildə yayımlanmışdır.[60] "Harri Potter və Mələz Şahzadə" romanı 16 iyul 2005-ci ildə nəşr edilmiş və 24 saat ərzində dünya üzrə 11 milyon nüsxə ilə satılmışdır.[61][62] Yeddinci və sonuncu roman olan "Harri Potter və Ölüm Hədiyyələri" 21 iyul 2007-ci ildə nəşr edilmişdir.[63] Kitab ilk 24 saat ərzində 11 milyon nüsxə ilə satılmışdır: 2.7 milyon nüsxə BB-da, 8.3 milyon ABŞ-də.[64]
1999-cu ildə Roulinq ilk dörd kitabın ekranlaşdırılması hüququnu £1 milyon ($1,982,900) məbləğə Warner Bros. şirkətinə satmışdır.[65] Rolinqin yeganə tələbi əsas rollara Britaniya aktyorlarının çəkilməsi olsa da, Dambldor obrazını İrlandiya aktyoru Riçard Harris, başqa millətlərdən olan obrazları isə müvafiq aktyorlar canlandırmışdır.[66] Mürəkkəb aktyor seçimi prosesindən sonra[67] , 2000-ci ilin oktyabrında Londonun "Leavesden Film" Studiyasında başlayan çəkilişlər 2001-ci ilin iyulunda başa çatıdırılmışdır.[68] "Harri Potter və Fəlsəfə Daşı" filmi 14 noyabr 2001-ci ildə təqdim edilmişdir.[69][70] Əsasən müsbət qarşılanan film "Rotten Tomatoes"dan 80%[71], "Metacritic"dən isə 64%[72] müsbət rəy almışdır.
Roman əsasında hazırlanmış videooyunlar 2001–2003-cü illər arasında əsərin amerikan adı ilə satışa çıxarılmışdır. Əksərən "Electronic Arts" tərəfindən yayımlanan oyunlar, müxtəlif şirkətlər tərəfindən işlənmişdir:
Yayımlayan | İl | Platforma | Tip | Metacritic balı | Qeydlər |
---|---|---|---|---|---|
Electronic Arts | 2001 | Microsoft Windows | Rol oyunu[73] | 65%[74] | |
Aspyr | 2002 | Mac OS 9 | Rol oyunu[75][76] | (yoxdur)[77] | Windows-dakı ilə eyni[76] |
Electronic Arts | 2001 | Game Boy Color | Rol oyunu[78] | (yoxdur)[77] | |
Electronic Arts | 2001 | Game Boy Advance | "Macəra/pazl" oyunu[79] | 64%[80] | |
Electronic Arts | 2003 | GameCube | "Ekşn-macəra"[81] | 62%[82] | |
Electronic Arts | 2001 | PlayStation | Rol oyunu[83] | 64%[84] | |
Electronic Arts | 2003 | PlayStation 2 | "Ekşn-macəra"[85] | 56%[86] | |
Electronic Arts | 2003 | Xbox | "Ekşn-macəra"[87] | 59%[88] |
Pedaqoqlar müəyyən ediblər ki, uşaqların nitq qabiliyyətinin keyfiyyəti il ərzində onların nə qədər söz oxumaqlarından asılıdır və onlar mümkün qədər çox kitab oxumalıdırlar. "The New York Times" qəzetinin 2001-ci ildə nəşr etdiyi araşdırmada bildirilir ki, ABŞ-də 6–17 yaş arası uşaqların 60%-i Harri Potter romanlarından ən azı birini oxuyub. Hindistan və Cənubi Afrika Respublikası kimi digər ölkələrdə aparılan araşdırmalar isə uşaqlar arasında Harri Potter romanlarına böyük rəğbətin olduğunu nümayiş etdirib. Nəzərə aldıqda ki, hətta iki ilk kitab da kifayət qədər uzundur, o zaman ilk dörd kitabı oxuyan uşaq il ərzində məktəb dərsliklərində oxuduğundan artıq əlavə kitab mütaliə etmiş olur. Bu uşaqların nitqini inkişaf etdirməklə yanaşı, oxuma motivasiyasını da gücləndirir.[19]
Təhsil və biznes mövzusunda yazan müəlliflər Harri Potter kitablarını dərs obyekti kimi istifadə ediblər. Tibb məktəblərində klinik tədris haqqında yazan Cennifer Konn Sneypin şagirdlər qarşısındakı hürküdücü davranışının təsirlərini tədqiq edir; digər tərəfdən Qviddiç dərsi zamanı Madam Hukun istifadə texnikasını illüstrativ göstərməsini nümunə gətirir.[89] Coys Fayldz yazır ki, kitab birinci il sosialogiya sinfi üçün lazım olan beş əsas mövzudan dördünü əhatə edən mövzularda şəkillrələ bəzədilib: "sosial nəzəriyyət, həmçinin mədəniyyət, cəmiyyət və sosiallaşma; təbəqələşmə və sosial bərabərsizlik; sosial institutlar; və sosial nəzəriyyə".[53]
Stiven Braun qeyd edir ki, Harri Potter seriyasından olan ilk kitablar, xüsusilə "Harri Potter və Fəlsəfə Daşı" zəif və ya çox pis marketinq siyasətinin tətbiq edilməsinə baxmayaraq, çox böyük uğur qazanmışdır. Braun marketinq menecerlərinə ciddi statistik analizlərə az önəm verərək, "analiz, planlaşdırma, reallaşdırma və nəzarət" modeli üzərində işləməyi məsləhət görür.[50] Bundan əlavə o, romanlara "marketinq ustad dərsi" kimi yanaşmağı və məhsul və brend adı kimi qəbul etməyi təklif edir.[50][90]
I saw Harry very very very clearly ... And I knew he didn't know he was a wizard ... And so then I kind of worked backwards from that position to find out how that could be, that he wouldn't know what he was ... When he was one year old, the most evil wizard for hundreds and hundreds of years attempted to kill him. He killed Harry's parents, and then he tried to kill Harry ... but for some mysterious reason, the curse didn't work on Harry. So he's left with this lightning bolt shaped scar on his forehead and the curse rebounded upon the evil wizard, who has been in hiding ever since.