Livan iqtisadiyyatı

Beyrut Mərkəzi Regionu

Livan iqtisadiyyatının əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan "Azad iqtisadiyyat" və "Azad bazar*" siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi.[1][2] 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş müharibəsinin dağıntılarına məruz qalmışdır.

Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur.[3][4] İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə müqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd. dollara çatmışdır. Adambaşına düşən rəqəm isə 5 min dollara yaxın olmuşdur. ÜDM orta illik artım tempi 90-cı illərin ortalarında 5,4 faiz, 2004-cü ildə isə təqribən 2 faiz olmuşdur.[5]

Təbii ehtiyatlar baxımından faydalı qazıntıların qətiyyən olmaması və tarixən formalaşmış beynəlxalq vasitəçilik funksiyasının mövcudluğu ölkənin təsərrüfat həyatının istiqamətlərini formalaşdırmışdır. Qabaqcıl mövqelər bunlardır: tranzit, xarici ticarət, nəqliyyat, beynəlxalq bank əməliyyatları və turizm. Ümumdaxili məhsul istehsalında kənd təsərrüfatı, meşəçilik və balıqçılığın payı 12, sənaye sahələrinin payı 21, müxtəlif xidmətlərin payı isə 67 faizdir. Məşğulluq strukturu baxımından iş qabiliyyətli adamların 7 faizi kənd təsərrüfatı, 31 faizi sənaye və 62 faizi isə xidmət sahələrində çalışır.

Sənayenin aparıcı sahələri

[redaktə | mənbəni redaktə et]

Neft emalı zavodları Sayda və Tripoli şəhərlərindədir. Bu müəssisələr tranzit kəmərlərə gələn xam neft əsasında işləyir. Mühüm sənaye müəssisələrinin əksəriyyəti Beyrut və onun ətrafında cəmlənmişdir. Bu bölgədə bir neçə toxuculuq müəssisəsi, qənnadı fabriki, alüminiumdan məmulatlar hazırlayan müəssisələr fəaliyyət göstərir. Livanda olan sənaye müəssisələrinin beşdə ikisi yeyinti sənayesinin payına düşür. Bu sahənin ən böyük müəssisələri şəkər, meyvə və tərəvəz konservləri istehsal edən zavodlardır.

Toxuculuq təsərrüfatın ən qədim sahələrindəndir. İpək parçalar yerli, pambıq parçalar isə əsasən MisirSuriyadan idxal olunan xammaldan istehsal olunur. BeyrutTripoli yaxınlığında sement zavodları var. İdxal olunan hissələrdən hazır məmulatlar, məsələn, elektrik motorlar, soyuducu, televizor və s. yığılır.[6]

Maliyyə sistemi və turizm Livan iqtisadiyyatının inkişaf etmiş sahəsi olub, Beyrut Yaxın Şərqdə ən iri maliyyə-bank mərkəzlərindən biri hesab olunur. 2002-ci ilədək Beyrutda 70 kommersiya bankı fəaliyyət göstərirdi. Sonradan ölkənin siyasi həyatının qeyri-sabitliyi üzündən həmin bankların böyük bir qismi Bəhreyn paytaxtı ManamaKüveyt paytaxtı Əl-Küveytə köçürüldü.

Kənd təsərrüfatının aparıcı sahələri

[redaktə | mənbəni redaktə et]

Livanda işləmək qabiliyyəti olanların təqribən 7 faizi iri torpaq sahibkarlığı üstünlük təşkil edən kənd təsərrüfatı sahələrində çalışır. Ölkədə təqribən 400 min ha sahə becərilir. Bunun dörddə biri suvarılır. Sitrus meyvələri, alma, zeytun və tərəvəz yetişdirilməsi nisbətən yaxşı inkişaf etdirilmişdir. Üzümçülük və tütünçülüyün də rolu az deyil. Hər il orta hesabla 330–360 min ton sitrus meyvələri (əsasən portağal və limon),200 min ton alma, 40 min ton zeytun yığılır. Əldə olunan məhsulun xeyli hissəsi qonşu Ərəb və Avropa ölkələrinə ixrac olunur. Dənli bitkilərdən arpa, buğda, texniki bitkilərdən şəkər çuğunduru və tütün əkinləri üstünlük təşkil edir.

Heyvandarlıq kənd təsərrüfatının geri qalmış sahəsidir. Quşçuluq və balıqçılıq nisbətən inkişaf etmişdir. Yerli əhalinin qida rasionunun əsasını buğda, paxlalı bitkilər və tərəvəz təşkil edir. Ərzaqla özünü təminat təqribən 30 faiz həddindədir.

Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi

[redaktə | mənbəni redaktə et]

Livanda avtomobil nəqliyyatı nisbətən yaxşı vəziyyətdədir. Şosse yollarının uzunluğu təqribən 6700 km-dir. Vətəndaş müharibəsi başqa sahələrdə olduğu kimi yol təsərrüfatına da böyük ziyan vurmuşdur. Livandan avtomobil yolu ilə Suriyaya, İsrailə getmək mümkündür. Ölkədə dəmiryollarının uzunluğu çox deyil (cəmi 222 km).

Qonşu ərəb ölkələrindən çıxarılan neftin bir qismi boru kəmərləri vasitəsilə Livan portuna gəlib çıxır. Beyrut, Tripoli və Sayda ölkənin ən böyük dəniz portları və magistral neft kəmərlərinin son nöqtələridir. Hava nəqliyyatına "Midl end eyrlayn" şirkəti nəzarət edir.

Livan iqtisadiyyatında özünəməxsus yer tutur. 2003-cü ildə Livana təqribən 800 min xarici turist gəlmişdir. Turizmdən gələn gəlir təqribən 1,0 mlrd. həcmində olmuşdur. Livan ənənəvi turizm ölkəsidir. İkinci Dünya müharibəsindən sonra valyutaların sərbəst mübadiləsi, sadələşdirilmiş gömrük qaydaları, həmçinin qonşu ölkələrlə müntəzəm rabitə sayəsində turizm sahəsindən gələn gəlirlər 1950–1975-ci illərdə on dəfədən çox artmışdır. Sonrakı illərdə ölkədəki silahlı qarşıdurmalar və iri mehmanxanaların dağıdılması nəticəsində turizm tənəzzülə uğramışdır. 1990-cı illərin ortalarından Livan iqtisadiyyatındakı turizm sektorunun mövqeləri qismən bərpa olunmuşdur. 2005-ci ildə ölkəyə gələn turistlərin sayı 1,1 mln, turizmdən əldə olunan gəlir isə 5,4 mlrd. dollar təşkil etmişdir.

Bu göstəricilər daha yüksək ola bilərdi, lakin ölkə ərazisindəki qeyri-sabitlik turizmin daimi inkişafını məhdudlaşdırır.

Xarici ticarət

[redaktə | mənbəni redaktə et]

Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi əhəmiyyət kəsb edir. Dövlətin xarici siyasəti tərəfdaşların diversifikasiyasına və xarici investisiyaların cəlb edilməsinə yönəlmişdir. Mal ixracatının həcmi 2005-də 1,5 mlrd. dollar, idxal həcmi 7 mlrd. dollar olmuşdur. İxracat strukturunda əsasən meyvə və tütün (20 faiz), toxuculuq məmulatı (12 faiz), elektrik avadanlığı (10 faiz), zərgərlik məmulatları (10 faiz), kağız (8 faiz), dərmanlar və parfümeriya yer alır. Idxalın üçdə bir hissəsini ərzaq, dörddə bir hissəsini maşın və avadanlıq təşkil edir. Kütləvi istehlak malları, kimyəvi məhsullar və yanacaq idxal strukturunda üstünlük təşkil edir. Xarici ticarətdə əsas tərəfdaşları Avropa İttifaqı ölkələri, ABŞ və Fars körfəzi ölkələridir. Ölkənin pul vahidi-Livan funtudur.

  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.
  • John C. Rolland. Lebanon: Current Issues and Background. — Nova Publishers, 2003.
  1. "Middle East and North Africa, Gross domestic product (PPP) per capita GDP, 1980–2012". Imf.org. 2006-09-14. 2016-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-17.
  2. "Lebanon, Gross domestic product (PPP) per capita GDP, 1980–2012". Imf.org. 2006-09-14. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-17.
  3. "Arxivlənmiş surət". 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  4. https://www.imf.org/external/pubs/ft/scr/2015/cr15190.pdf&sa=U&ved=0CBoQFjAFahUKEwjn8vCDpYjIAhVDWBoKHVVCAmk&sig2=t-D_5X-whS3Y70rfhQxkZQ&usg=AFQjCNFa9OmFGMOP2cm3yXWss9wEm-rbWg
  5. "2015 Revision of World Population Prospects". United Nations Department of Economic and Social Affairs. 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  6. Robert F. Worth. "Home on Holiday, the Lebanese Say, What Turmoil?". The New York Times. 24 December 2007. 21 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2015.