Livan coğrafiyası

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir.[1] Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır.

Livan Asiya, AfrikaAvropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir.

Livanın relyefi

[redaktə | mənbəni redaktə et]
Livanın Topoqrafiyası

Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar. Sərin dağ dərələri və gözəl dəniz sahili çimərlikləri vardır. Səth qurluşuna görə əsasən dağlıq ölkədir. Ərazisinin beşdə dörd hissəsi 500 m-dən yüksəkdə yerləşir. Təbii şəraitinə görə ölkəni dörd təbii-coğrafi rayona ayırmaq olar: Sahil düzənliyi; Cəbəl Lübnan (Livan) dağ massivi; Bəqa çökəkliyi; Cəbəl Əş-Şeyx və Cəbəl Əş-Şərqi (Antilivan) dağları. Livan (qərbdə) və Antilivan (şərqdə) dağ silsilələri ölkə ərazisini şimaldan cənuba kəsib keçir. Sıldırım dağ massivlərində 3000 m-dən artıq olan yüksəkliklər vardır. Ölkənin ən hündür yeri Qurnət Əs-Səud dağıdır (hünd. 3083m). Antilivan dağları ölkənin şərqində Suriya ilə sərhəd boyunca uzanır. Bu dağlar cənubda Əş-Şeyx dağ massivinə (hünd. 2814) keçir. Əş-Şeyx dağları (Avropa ədəbiyyatında Hermon) çox sıldırımlı olub bitki örtüyündən tam məhrumdur.

Ölkənin dağ massivləri mezazoyun əhəng və qumdaşlarından ibarət çökmə suxurlardan təşkil olunduğundan burada karst mağaralarına rast gəlmək olur. Bunlardan biri Ceyt mağarasıdır.

Mağaranın tavanından sızan damcılardan əmələ gələn əhəngli ərp yığını süni işıqlandırılarkən «bülluru» xatırladır və bu qeyri-adi mənzərə insanı heyrətləndirir. Mağara ölkənin mühüm turizim obyektidir.

Livan dağları qərbdə sahil düzənliyinə enir. Sahildüzənliyinin ən ensiz yeri 1, enli yeri isə 10 km-dir. Düzənlik başdan-başa portağal və banan plantasiyaları ilə örtülüdür. Ölkənin ən böyük şəhərləri də sahil düzənliyində salınıb.

Bəqa çökəkliyi Livan və Antilivan dağları arasında yerləşir.[2] Çökəkliyin uzunluğu 120 km, dərinliyi isə 750–900 m-dir. Ölkənin ən böyük çayı Nəhr əl-Litanı bu çökəklikdən axır. Bəqa çökəkliyinin cənubu Livanın sıx məskunlaşmış və mühüm kənd təsərrüfatı rayonu hesab olunduğu halda, şimalı əksinə, daşlı səhradır. Səhrada yay aylarında baş verən qum qasırğaları təsərrüfata böyük ziyan vurur.

Livan ərazisi seysmik zonada yerləşdiyindən Bəqa çökəkliyi və sahil düzənliyində tez-tez zəlzələ hadisələri baş verir.

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Livanda faydalı qazıntı azdır. Ölkə tikinti materialları ilə nisbətən zəngindir. Bunlardan mərmər, gips, əhəng daşı xüsusilə əhəmiyyətlidir. Livanda dəmir və qurğuşun filizləri də aşkar edilmişdir.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]
Livan dağları
Livan sahil yolu

Livanda subtropik Aralıq dənizi tipli iqlim hakimdir. Ölkə iqliminin formalaşmasına ərazinin səth quruluşu və Aralıq dənizinin təsiri böyükdür. Yay uzun, isti və quru, qış isə mülayim və yağmurlu keçir. Aralıq dənizi sahillərində iyul ayının orta temperaturu müsbət 28, yanvarınkı müsbət 13 dərəcə təşkil edir. Dağlara qalxdıqca subtropik iqlim mülayim iqlimlə əvəz olunur. Dağlıq ərazilərdə iyul ayında orta temperatur müsbət 6 dərəcədən aşağı düşmür. Hündür dağların zirvəsi dekabrdan mayadək qarla örtülü olur.

Bəqa çökəkliyi üçün isti və quru iqlim səciyyəvidir. Burada yay aylarında gündüz temperatur 35 dərəcəyədək yüksəldiyi halda gecə çox sərin keçir. Yağıntıların paylanmasında ərazi üzrə fərqlər mövcuddur. Dağlararası çökəkliklərə il ərzində 400, ölkə daxilində dağlara 1000 mm, dağların Aralıq dənizi sahili yamaclarına isə 2500–3000 mm-ə qədər yağıntı düşür. Ölkəyə yağıntı əsasən payız-qış mövsümündə yağır.

Yay mövsümünün quraq keçməsinə baxmayaraq, havada rütubət yüksək olur (xüsusilə sahildə). Ölkənin ən mühüm çayı Nəhr əl-Litanidir. Uzunluğu 182 km olan bu çay Bəqa çökəkliyi ilə axaraq Aralıq dənizinə tökülür. İkinci böyük çay ölkənin şimal-şərqindən axan Əl-Asidir (uz. 400 km). Əl-Asi yuxarı axınında cəmi 30 km məsafədə Livana məxsusdur. Başlanğıcını Livan dağlarından götürən qısa çaylar çoxdur. Çaylarda daşqınlar qışda və baharda olur. Ölkənin çayları gəmiçiliyə yararlı deyil. Lakin dağ çayları olduğundan onların hidroenerji ehtiyatı böyükdür. Əl-Litani üzərində bəndlər və kiçik su elektirik stansiyaları tikilmişdir.[3]

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Livanda qəhvəyi, boz-qəhvəyi torpaqlar üstünlük təşkil edir. Sahil düzənliyi və dağ yamaclarında yüksək məhsuldar qırmızı torpaqlar yayılmışdır. Livan zəngin floraya malik ərəb ölkələrindən biridir. Sahil düzənliyi həmişəyaşıl bitkilərlə örtülüdür. Livan dağlarının qərb yamaclarında palıd, ağcaqayın, dəfnə, şam, yabanı zeytun və s. bitir. Yüksəkliyə qalxdıqca ardıc, kökü kəsilməkdə olan Livan sidri yayılmışdır.

Ölkə ərazisinin 13 faizi meşələrlə örtülüdür. Livanın şərqində quraqlığa davamlı bitkilər (püstə, tikanlı kollar və digər kserofit bitkilər) yayılmışdır.

Livan təbiətinə biganə qalan ölkə deyil.[4] Turizm və istirahət ölkə iqtisadiyyatına valyuta gətirən əsas sahələrdən biri olduğundan livan hökuməti təbiətin qayğısına, ətraf mühitin mühafizəsinə ciddi fikir verir. Bu məqsədlə ölkədə qoruq və yasaqlıqlar, mühafizə olunan xüsusi ərazilər yaradılmışdır. Lakin əfsuslar olsun ki, Yaxın Şərq böhranı, xüsusilə İzrail ilə hərbi qarşıdurması onun təsərrüfatına və təbiətinə böyük ziyan vurur.

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
  1. Смилянская И. М. Социально-экономическая структура стран Ближнего Востока на рубеже нового времени. (На материалах Сирии, Ливана и Палестины.) М.,1979.
  2. "Global eye - Spring 2006 - Eye on Lebanon - The Bekaa Valley". 2006-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  3. Nisreen, Salti; Chaaban, Jad. "THE ROLE OF SECTARIANISM IN THE ALLOCATION OF PUBLIC EXPENDITURE IN POSTWAR LEBANON." International Journal of Middle East Studies 42.4 (2010): 637-55. ProQuest.
  4. "Hamieh, Rameh. "Lebanon's Litani Pollution Levels Threaten Agricultural Sector." Al Akhbar English. N.p., 19 Dec. 2011. Web". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]