Mütəzid

Mütəzid (ən geci 861, bilinmir, Abbasilər xilafəti5 aprel 902, Bağdad, Abbasilər xilafəti) — Abbasi xəlifəsi.

Mütəzid
ərəb. لمعتضد باللا
Bağdad xəlifəsi
892 – 902
ƏvvəlkiMütəmid
SonrakıMüktəfi
Şəxsi məlumatlar
Doğum tarixi ən geci 861
Doğum yeri
Vəfat tarixi 5 aprel 902
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], Xəlifə
Atası Müvəffəq
Uşaqları
Ailəsi Abbasilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir.

Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.

Mərkəzi hakimiyyətin zəiflədiyi dövrdə taxta çıxan Mütəzidin ilk qərarı ilə özünə və atasına sadiq olanlar vəzifəyə təyin edilmişdir. Atasının köməkçisi Ubeydullah ibn Süleyman ibn Vəhbini isə özünə vəzir seçmişdir.

Əvvəlki xəlifələrin dövründə müstəqilliyini elan etmiş feodal dövlətlərə qarşı mübarizə aparmağa başlayan Mütəzid onların əksəriyyətini vahid mərkəzdə birləşdirməyə nail olmuşdur. Bir çox feodal dövlətlər isə onunla savaşmaqdan çəkinərək, tabeliyini ifadə etmiş, Mütəzid isə onların vilayətlərə rəhbərliyini tanımışdır. Məsələn, o, 898-ci ildə müstəqil siyasət yürüdən Sacilər dövlətinin rəhbəri Məhəmməd ibn Əbu Sacın bölgədəki hakimiyyətinin təsdiqi ilə bağlı fərman vermiş, bunun müqabilində Əbu Sac xəlifəyə ehtiramını göstərmək məqsədilə oğlu Əbu Müsafiri qiymətli hədiyyələrlə Bağdada göndərmişdir.

Sacilər dövlətinin əsas sərkərdələrindən sayılan Vasif 900-cü ildə Malatya şəhərini tutmuş və xəlifəyə Sugur bölgəsinə vali təyin olunması üçün məktub göndərmişdir. Lakin Mütəzid Vasifin bu istəyini rədd etmiş, aralarında baş verən döyüşdə Vasifi ələ keçirmişdir.

Xəlifə 897-ci ildə cümə günləri minbərlərdə Müaviyə ibn Əbu Sufyan başda olmaqla Əməvilərə lənət oxunması üçün məktub yazdırmışdır. Vəzir Ubeydullah bu qərarın tətbiqinin yeni fitnəyə səbəb olacağı barədə xəlifəni xəbərdar etsə də, Mütəzidi fikrindən döndərə bilməmişdir. Xilafətin baş qazısı Yusif də Əməvilərin Əhli-Beytə etdiyi zülmlərə xəlifənin məktubunda toxunulmasını düzgün hesab etməmişdir. Xəlifə ilə söhbətində bunu, xalqın Həzrət Əlinin övladlarına rəğbətinin daha da artacağı və kütləvi şəkildə onlara meyil edəcəyi ilə əsaslandırmışdır. Qazının təkidi ilə Mütəzid qərarından imtina etmişdir.

Mütəzid Billahın həyata keçirdiyi islahatlara və siyasi idarəçiliyi gücləndirməsinə baxmayaraq, onun hakimiyyəti illərində də yerli idarəçilikdən narazılıq olmuşdur. Baş qaldıran xırda etirazlar yatırılsa da, irimiqyaslı üsyanlar xilafətin baş ağrısına çevrilmişdir. Onlardan biri Qərmətilər qiyamıdır. 899-cu ildə Qərmətilərin lideri Əbu Səid əl-Cənnabi Bəhreyn ətrafında qüdrətli dövlət yaratmağa nail olmuş və üsyanın yatırılmasına göndərilən Abbasi qoşunlarını məğlubiyyətə uğratmışdır.

Mötəzilə məzhəbinə rəğbət göstərən Mütəzid Billah Əhli-beyt mənsublarına da xoş münasibət bəsləmişdir. Abbasi ordusunda xidmət edən türklərin nüfuzunun zəifləməsinə nail olmuşdur. Bağdadın qərb hissəsində "Sürəyya" adını verdiyi saray inşa etdirərək, onun mühafizəsi üçün bir neçə min nəfərlik "hücriyyə" adlanan xüsusi dəstə yaratmışdır.

Xəstələndikdən sonra sərkərdələrin təkidilə Mütəzidin oğlu Müktəfi-Billahı vəliəhd təyin etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]