Məmməd xan Rudbarlı (Darğa Məmməd xan) — Rudbar mahalının hakimi.
Məmməd xan Rudbarlı | |
---|---|
Darğa Məmməd xan Rudbarlı | |
Rudbar mahalının hakimi[1] | |
1789 – ? | |
Əvvəlki | Həsən xan Muğanlı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Rudbar mahalı, Cavad xanlığı |
Uşağı | Cahanbanu bikə |
Dini | Şiə İslam |
Məmməd xanın sahibi olduğu mahalda subay şəxsdən 1 rubl və çörək, evli adamdan isə 2 nəfərlik alınırdı. Qoyundan, arıdan, baldan, yağdan, qismən pendirdən vergi alınırdı. Eyni dövrdə Muğan mahalının hakimi Səfi xanla birgə hərbi qüvvənin sayı 550 nəfər idi. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarına əsasən Kürün sol sahilində, Rudbar mahalında Məmməd xanın ixtiyarında cəmi üç kənd vardı,630 ailə və ya 1890 nəfərdən ibarət kişi cinsli əhali yaşayırdı. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Rudbar mahalında həmin dövrdə 3780 nəfərin yaşadığı bəlli olar. Məmməd xan isə Rudbarın yuxarı hissəsində yaşayırdı. Səfi xanla birgə gəliri 5000 rubl idi.[1]
Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyl etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır. Əslində Səfəvilər dövründə Salyan və Rudbar mahallarının tarixi bir-biri ilə sıx bağlı olub, qohum bəylər tərəfindən idarə olunub.
Rudbar bəylərinin Şirvan xan ailəsi ilə də qohumluq əlaqələri olmuşdur. Belə ki, Şirvan xanı Ağası xanın bacısı Qızana xanım Rudbar bəylərindən Şərif bəyin oğlu Cəfər ağa ilə evlənib. Onların izdivacından bir qızları – Xasə xanım dünyaya gəlib. Xasə xanım isə Axtaçı bəylərindən Hacı Əbdülkərimin oğlu Yolçu bəylə evlənib. Rudbar mahalında Axtaçı kəndinin oturaqlaşması da məhz bu izdivacla əlaqədar olmuşdur. Şirvan xanı Ağası xanın oğlu Cəfər bəy də 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmiş, Kərim bəy, Cavad bəy, Nuh bəy adlı oğlanları, Ümmisələmə xanım və Zabitə bəyim adlı qızları doğulmuşdur. Soltan bikə Sabirabaddakı Baba Səməd qəbiristanlığında dəfn edilmişdir. Şirvan xanları ilə əmioğlu olan Şıxəli bəyin oğlu Şahbaz bəy (1803-1836) də 1825-ci ildə[2] Rudbar mahalının naibi Darğa Məhəmməd xanın qızı Cahanbanu bikə ilə evlənib. Onların nəsli uzun müddət Ağsu rayonunun Bico(v) kəndində yaşamışdır.[3]