Ayşe Meliha Ulaş Ekeman (1901, Sinop – 17 fevral 1942) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1] O, Türkiyənin 5-ci və 6-cı parlamentində Samsun seçki dairəsinin millət vəkili (deputat) olaraq fəaliyyət göstərib.
Meliha Ulaş | |
---|---|
türk. Meliha Ulaş | |
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı | |
3 aprel 1939 – 15 yanvar 1943 | |
Seçki dairəsi | Samsun seçki dairəsi |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Samsun seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 1942 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Meliha Ulaş 1901-ci ildə Sinopda anadan olub. Atası Sinop bələdiyyəsinin həkimi olan Hüseyn Kami bəy, anası isə Fatma Ülviyyə xanımdır.[2] O, ibtidai təhsilini evdə və İstanbuldakı Kiçik Mustafa Paşa qız orta məktəbində aldıqdan sonra orta təhsilini Saçhanebaşı qız sənaye məktəbində tamamlamışdır.[2] Ulaş 1914-cü ildə daxil olduğu Darülfünunun Ədəbiyyat şöbəsini 1917-ci ildə bitirib və İstanbul Səlcuqxatun qız sənaye məktəbində coğrafiya müəllimi kimi işə başlayıb.[1]
Ulaş İstanbuldakı Bezmialəm Sultanisində coğrafiya müəllimi, Kandilli İnas Sultanisində isə ədəbiyyat müəllimi kimi işləyib.[3] O, Bezmialem Sultanisində türk dili və ədəbiyyat müəllimi təyin olunmuş, lakin bundan sonra oranı tərk edərək Arnavutköy Amerikan Qızlar Kollecində işləməyə başlayıb.[2] Bu təhsil müəssisəsində o, həm türk dilini tədris edib, həm də tələbə kimi ingilis dilini öyrənib.[4]
1926-cı ildə nevroloji xəstəliklər mütəxəssisi Xalid Hülusi bəylə evlənən Meliha Ulaş ərinin vəzifəsi ilə əlaqədar onunla birlikdə Ərzuruma gedib. Burada Ulaşa hələ açılmamış Qız müəllimlər məktəbində ədəbiyyat kursu müəllimi və baş müavin vəzifəsi verildi.[2] Ulaş 1933-cü ildə Samsun liseyində ədəbiyyat müəllimi olmuşdur. O bu vəzifəni icra edərkən həm də Samsunda açılan Qadınlara Yardım Təşkilatının ilk prezidenti olub.[2]
Meliha Ulaş 1935-ci il parlament seçkilərində Samsun millət vəkili namizədi olmuş və 706 səs toplayaraq Samsunu təmsil edən 8 deputatdan biri kimi parlamentə daxil olmuşdur.[1] O, parlamentin V və VI çağırışlarında Samsunun millət vəkili vəzifəsini icra edib. Ulaş parlamentin Arzuhal əncümənində və Gömrük və İnhisarlar əncümənində fəaliyyət göstərib.
Ulaş İstanbulda təşkil olunmuş 12-ci Beynəlxalq Qadınlar Qurultayında iştirak etmişdir.[2]
Meliha Ulaş 17 fevral 1942-ci ildə vəfat etmiş,[1] İstanbulda, Küplücə qəbiristanlığında dəfn edilmişdir.[3]