Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Sivas seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.
Sabiha Görkey | |
---|---|
türk. Hatice Sabiha Görkey | |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Sivas seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1963 |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Xədicə Sabiha Görkey 1888-ci ildə İstanbulun Üsküdar ilçəsində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub.[1] Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Darülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir.[2]
Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904–1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir.[1] O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır. Sabiha 1919-cu ilin fevral ayında Ədirnədəki Qız müəllimlər texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib və 1922-ci ilin sentyabrına qədər burada işləyib.[2]
Xədicə Sabiha Ədirnədə olduğu müddətdə lisey direktoru Kamal Görkeylə ailə həyatı qurub və bu evlilikdən bir uşağı dünyaya gəlib.[1][2]
Görkey Osmanlı imperiyasının son illərində, 1922-ci ilin oktyabrından 1923-cü ilin sentyabrına qədər işsiz qalıb. O 1923-cü ildə Adanada Qız Müəllimlik Məktəbində qısa müddət üçün riyaziyyat müəllimi kimi işləyib. Görkey 1923-cü ilin oktyabrından Türkiyə Cümhuriyyətinin qurulmasından 1933-cü ilin avqustuna qədər Sivasdakı Qız Müəllim Texnikumunda, daha sonra isə 1935-ci ilin fevralına qədər Tokat orta məktəbində riyaziyyat müəllimi olub.[1][2]
Türkiyədə 1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə, türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Görkeyin siyasi karyerası 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilməsi ilə başlamışdır. O, bu seçki nəticəsində 873 seçicinin səsi ilə Türkiyənin 5-ci parlamentinə Sivas seçki dairəsinin millət vəkili olaraq daxil olub.[3] Beləliklə, o, parlamentin ilk 18 qadın üzvündən biri olmuşdur.[4] O, parlamentdəki dörd illik fəaliyyəti müddətində parlamentin Daxiliyyə Əncümənində fəaliyyət göstərib və 1939-cu il parlament seçkilərindən sonra könüllü olaraq təqaüdə çıxıb.[2] Dövrün nəşrlərinə görə o, millət vəkili olduğu dövrdə heç vaxt Sivasda olmayıb.[3]
Görkey 22 noyabr 1963-cü ildə vəfat etmiş və Cəbəci Əsri qəbiristanlığında dəfn edilmişdir.[1][2]