Fatma Şakir Məmik

Fatma Şakir Məmik (1903, Akviran[d], Karabük ili9 fevral 1991) — türk həkim, filantrop və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1] O həm də Türkiyənin ilk qadın tibb elmləri doktorlarından biridir.[2]

Fatma Şakir Məmik
Türkiyə Böyük Millət Məclisinin VII çağırış deputatı
8 mart 1943 – 14 iyun 1946
Seçki dairəsiƏdirnə seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı
3 aprel 1939 – 15 yanvar 1943
Seçki dairəsiƏdirnə seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiƏdirnə seçki dairəsi
Şəxsi məlumatlar
Doğum adı Fatma Şakir
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 9 fevral 1991(1991-02-09)
Partiya
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti həkim, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məmik Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentlərində Ədirnə seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.[3]

Şəxsi həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Fatma Şakir 1903-cü ildə Osmanlı imperiyasının Safranbolu bölgəsinin Akviran kəndində çörəkçi və un taciri Şakir və həyat yoldaşı Cəmilənin ailəsində anadan olub.[2][1] O ilk təhsilini Safranboluda almış, 8 yaşında ikən atası ilə İstanbula köçərək buradakı Bəyazid qız məktəbində və Bezmialəm Validə Sultan məktəbində oxumuşdur.[1] Məmik 1923-cü ildə İstanbul darülfünununun Tibb fakültəsinə daxil olub və 1929-cu ildə buranı fakültə birinciliyi ilə bitirib.[2][1]

Məmik fransız dilini bilirdi və o heç vax evlənməmişdir.[4] Fatma Şakir Məmik 9 fevral 1991-ci ildə vəfat etmişdir.[1]

Fatma Şakir 1932-ci il yanvarın 31-dən oktyabrın 6-dək Heybəliada Vərəm Sanatoriyasında, 9 oktyabr 1932-ci il və 1 iyun 1933-cü il tarixləri arasında isə Qureba xəstəxanasında asistent həkim kimi işləyib.[2] O, 1934-cü ildə Qureva xəstaxənasında imtahandan keçərək daxili xəstəliklər üzrə mütəxəssis həkim olmuş və 1934-cü ilin dekabrında həmin xəstəxanaya klinika müdiri təyin edilmişdir.[4]

Məmik Cümhuriyyət Xalq Partiyası Eminönü Qəza Mərkəzi Heyətinin əsl üzvü idi.[1]

Məmik siyasi karyerası bitdikdən sonra yenidən öz peşəsinə dönmüş, 1947-1949-cu illərdə Ankara Nümunə Xəstəxanasında, 1950-1951-ci illərdə isə Beşiktaşda işçilərin tibbi sığortası dispanserində internoloq kimi işləmişdir. Məmik 1951-ci ildə Şişli Uşaq Xəstəxanasına poliklinika müdiri təyin edilib. O, 1968-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə işləmişdir.[4][3]

1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Bu dövrdə Məmik təsadüfən öyrənib ki, Cümhuriyyət Xalq Partiyası (CHP) onu 1935-ci il parlament seçkilərində namizəd göstərib.[1] Məlum olub ki, Məmik həkim olduğuna görə onun namizəd olmasını prezident Mustafa Kamal Atatürkün şəxsən özü istəyib.[2][1] Məmik Türkiyənin 5-ci parlamentə Ədirnə seçki dairəsindən millət vəkili olaraq daxil olmuşdur. O, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri idi.[1]

O, parlamentin ilk iclasında Rəyasət Heyətinin müvəqqəti katibi seçilmişdir.[1] Məmik səlahiyyət müddəti ərzində parlamentin Səhiyyə və Sosial Təminat Əncüməninin katibi vəzifəsini icra etmişdir. O, bundan əlavə, əmək qanunu və idman təşkilatları ilə bağlı qanun layihələri üçün yaradılmış müvəqqəti əncümənin də üzvü olub.[1] Məmik Ədirnə ilinin digər deputatları ilə birlikdə parlamentə hazırladığı hesabatda Şərq Dəmir Yolunun milliləşdirilməli olduğunu, Maritsa çayını tənzimləmək üçün tədbir görülməli olduğunu və bölgədə malyariyaya səbəb olan bataqlıqların təcili olaraq qurudulmalı olduğunu qeyd etmişdir.[3]

Məmik 1939-cu il parlament seçkilərində ikinci dəfə Ədirnədən millət vəkili seçilmiş və 6-cı parlamentə daxil olmuşdur.[2] Məmik 3-cü dəfə də Ədirnə millət vəkili seçilərək 7-ci parlementdə də öz yerini qorumuşdur.[1][3]

İctimai və xeyriyyə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ankarada millət vəkili olduğu müddətdə o, cümə axşamları qatarla İstanbula gedir, şənbə günləri İstanbulun Çarşıkapı qəsəbəsindəki özəl poliklinikada təmənnasız xidmət göstərirdi. O, şənbə günlərinin axşamı və bazar günləri isə öz qonşularına sağlamlıq xidməti göstərirdi. Məmik bazar günü axşam öz vəzifəsini yerinə yetirmək üçün yenidən Ankaraya qayıdırdı.[4] İstanbulda Məmikə “pul qəbul etməyən həkim” və “kasıbların anası” ləqəbləri verilmişdi.[4]

Məmik 24 mart 1935-ci ildə Qadın Əsirgəmə Qurumunun (Himaye‐i Etfal Qadın Yardım Cəmiyyəti) dördüncü iclasının, 26 aprel 1936-cı ildə Qırmızı Aypara Ümumi Heyətinin, 1936-cı ilin aprelində isə Uşaq Əsirgəmə Qurumunun Ümumi Qurultayının katibi vəzifəsini icra edib. O həmçinin 1 oktyabr 1938-cı ildə Belqradda keçirilən Beynəlxalq Uşaq Əsirgəmə Qurultayında iştirak edib.[3] Məmik 24-31 avqust 1936-cı il tarixlərində təşkil olunan Üçüncü Türk Dil Qurultayında Termin Komissiyasında katib olub.[1][3]

Ədirnənin Kaleiçi səmtindəki "Vali Konağı" olaraq tanınan tarixi binaya "Fatma Şakir Məmik Qadın Evi" adı verilmişdir. Həmçinin Ədirnədəki küçələrdən biri onun adını daşıyır.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Duroğlu, Sibel. Türkiye'de İlk Kadın Milletvekilleri (PDF) (Tezis) (türk). Ankara Universitetinin Sosial Elmlər İnstitutu. 2007. 77–79. 2015-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-31.
  2. 1 2 3 4 5 6 7 "Dr. Fatma Şakir Memik (1903-1991)". Atatürk Ansiklopedisi (türk). 2021-03-22. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  3. 1 2 3 4 5 6 Toparlak, Bahar. "Cumhuriyet'in ilk kadın milletvekillerinden Fatma (Şakir) Memik". Uluslararası tarih ve sosyal araştırmalar dergisi (12). 2014: 71–81.
  4. 1 2 3 4 5 Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.