Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965[1] və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.[2]
Bahirə Bediş Morova Aydilək | |
---|---|
türk. Bahir Bediş Morova Aydilek | |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Konya seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1965[1] və ya 10 noyabr 1938 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır.[3] Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi.[3]
Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir.[2] O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir.[2] 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir.[3][4]
1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.[2]
1935-ci il fevralın 8-də keçirilən parlament seçkiləri zamanı Aydilək 1352 səs ilə CHP-nin Konya ilindən millət vəkili kimi parlamentə daxil olmuşdur.[2] O, Türkiyənin V parlamentinin Gömrük və İnhisar Əncümənində işləmişdir.[2]
Deputat olduğu müddətdə o, Beyşehir gölü ətrafında suvarma kanalı layihələrinin tikintisini, eləcə də Konyanın Ankaraya bağlı dəmir yolu şəbəkəsinə qoşulmasını, kəndlilər üçün əmək qanununu, dövlət məmurlarının səlahiyyətlərindən sui-istifadəyə görə cəzaların verilməsini və s. müdafiə edərək öz seçki dairəsinə xüsusi xidmət etmişdir.[2] Aydilək 1935-ci ildə İstanbulda keçirilən 12-ci Beynəlxalq Qadınlar Qurultayında iştirak edib.[4] O 1939-cu il parlament seçkilərin namizəd göstərilməmiş və onun siyasi karyerası 5-ci parlamentdəki fəaliyyəti ilə yekunlaşmışdır.[4]
Aydiləkin ölüm tarixi dəqiq bilinmir, amma mənbələrdə Atatürkün ölüm günü ilə eyni gündə, 10 noyabrda vəfat etdiyi qeyd edilir.[2][3][4]